Millət vəkilindən tarixi çağırış: “Dostlarımızı qorumalıyıq!
Ekskluziv
548
15:31, Bu gün

Millət vəkilindən tarixi çağırış: “Dostlarımızı qorumalıyıq!"

Millət vəkili Fariz İsmayılzadə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə vacib bir məqama diqqət çəkib. Ölkəmizin xaricdəki tədbirlərində iştirak edən əcnəbi ekspertlərin  erməni diasporu tərəfindən ciddi təzyiqlərə məruz qaldığını bildirən millət vəkili, Azərbaycanın öz dostlarını qorumalı olduğunu bildrib:

“Son zamanlar erməni diasporu tərəfindən bizim tədbirlərdə çıxış edən ekspertlərin çalışdığı universitetlərə çoxlu məktublar yazır, onların kafedrasını bağlayır və başqa yolla təzyiqlər edirlər. Biz xarici dostlarımızı, ekspertlərimizi xarici səfirliklər yolu ilə qorumalıyıq”.

Millət vəkii Fariz İsmayılzadənin qaldırdığı bu məsələ həqiqətən də ciddi və narahatvericidir.  Beynəlxalq siyasi arenada, o cümlədən, media və sosial şəbəkələrdə gedən proseslərin təhlili göstərir ki, bu gün həqiqətən də ölkəmizə səfər edən, yaxud dövlətimizin xarici ölkələrdə keçirdiyi tədbirlərdə çıxış edərək respublikamızla həmrəylik sərgiləyən şəxslər – diplomatlar, jurnalistlər, siyasi ekspertər və s. erməni diasporu tərəfindən ciddi təzyiqlə qarşılanır. Məqsəd təzyiq və təhdid yolu ilə bu şəxslərin Azərbaycanla əməkdaşlığına son qoymaq, habelə ölkəmizə pozitiv münasibət bəsləyən şəxsləri dövlətimizlə əməkdaşlıqdan çəkindirməkdir.

Erməni diasporu bu yolla Azərbaycanı təcrid etməyə, onun xaricdəki əlaqə və təmaslarını minimuma endirməyə çalışır. Çünki erməni diasporu yaxşı başa düşür ki, məhz belə bir ortam beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərindən xəbərsiz qalması, erməni yalanlarının ayaq açıb yeriməsi üçün idealdır. Elə buna görə də, erməni diasporu Azərbaycanın xarici ölkələrdə əməkdaşlıq etdiyi şəxsləri hədəf alır, onlara qarşı qarayaxma və böhtan kampaniyasına start verir. Bu, Ermənistan və erməni diasporunun ölkəmizə qarşı hibrid müharibəsi aparmasının isbatıdır. Belə olan halda Azərbaycanın da adekvat addımlar atması, özünün və dostlarının müdafiəsi üçün ciddi və sistemli tədbirlər görməsi vacibdir. Bu mənada millət vəkili Fariz İsmayılzadənin çağırışı son dərəcə aktual və həyatidir.

Bəli, Azərbaycan bütün mümkün resurs və imkanları hesabına dostlarını qorumalı, onların erməni diasporu tərəfindən təzyiqlərə məruz qalmasına biganə yanaşmamalıdır. Çünki bu tendensiyanın qarşısı ən qısa zamanda alınmazsa, məlum proses Azərbaycanın xaricdəki dəstəyinin azalması, ölkəmizlə əməkdaşlıq edənlərin sıralarının əhəmiyyətli dərəcədə seyrilməsi ilə müşahidə ediləcək. Bu isə milli maraqlarımıza ziddir.

Biz nəyin bahasına olursa-olsun dostlarımızı qorumalı və bütün dünyaya göstərməliyik ki, Azərbaycan ona sevgi duyan, onun səsinə səs verən heç kimi darda qoymur. Heç vaxt, heç harda, heç bir vəchlə...

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər