“Onun Ukraynanı guya sülhə məcbur etməyə çalışarkən təcavüzkarın, yəni Rusiyanın müdafiəsinə qalxması, guya Putinin sülh istəməsi, Zelenskinin isə istəməməsi haqda bəyanatları yalnız Ukraynanın, Avropanın deyil, Birləşmiş Ştatların özünün də mənafelərinə ziddir...”
“ABŞ-nin indiki prezidenti Donald Trampın sabit adam olmaması, dövlət ərkanına uyğun davranmaması və s. göz qabağındadır. Və onun Ukraynanı guya sülhə məcbur etməyə çalışarkən təcavüzkarın, yəni Rusiyanın müdafiəsinə qalxması, guya Putinin sülh istəməsi, Zelenskinin isə istəməməsi haqda bəyanatları yalnız Ukraynanın, Avropanın deyil, Birləşmiş Ştatların özünün də mənafelərinə ziddir”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov son vaxtlar Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın guya “KQB” agenti olması haqda müxtəlif mənbələr, o cümlədən keçmiş SSRİ DTK-nın vəzifəli şəxsləri tərəfindən səslənən iddialara münasibət bildirərkən dilə gətirib.
“Trampın “KQB” agenti olması haqda deyilənlər hələki söz səviyyəsində olan bir şeydir. Ancaq ABŞ-dəki qanunvericiliyə əsasən əgər dövlət vəzifəsi daşıyan şəxs barədə belə iddialar varsa, dərhal rəsmi təhqiqat başlanmalıdır. Çox güman ki, Amerikada həmin təhqiqat başlayacaq. Çünki bu iddia bir və ya bir neçə şəxs tərəfindən yox, bir sıra şəxs və mənbələr tərəfindən səsləndirilir. Lakin həmin təhqiqatın nə ilə nəticələnəcəyini söyləmək çətindir. Fəqət, Trampın sabit adam olmaması, dövlət ərkanına uyğun davranmaması və s. göz qabağındadır. Və onun Ukraynanı guya sülhə məcbur etməyə çalışarkən təcavüzkarın, yəni Rusiyanın müdafiəsinə qalxması, guya Putinin sülh istəməsi, Zelenskinin isə istəməməsi haqda bəyanatları yalnız Ukraynanın, Avropanın deyil, Birləşmiş Ştatların özünün də mənafelərinə ziddir”, -deyə davamında partiya lideri diqqətə çatdırıb.
Etibar Məmmədov ABŞ-də prezident Donalda Trampa qarşı etirazların kütləvi xarakter alacağını da etiraz etmir.
“Amerikada Ukrayna lobbisi də, Trampın əleyhdarları da güclüdür. Və əvvəl-axır ona qarşı təzyiqlər və etirazlar da artacaq və fikrimcə, onun əleyhinə bu kampaniya kütləvi xarakter alacaq”, -həmsöhbətimiz bildirib.
“Trampın əsasən işğalçı ölkə diktatoru Vladimir Putinin əlinə oynayan son çıxış və gedişləri onun,
doğrudan da, Rusiya kəşfiyyatı tərəfindən ələ alınmasına şübhə oyatmır ki?” sualına isə siyasətçi belə cavab verib:
“Təbii ki, dediyiniz şübhələr var. Amma öncə dediyim kimi, Trampın “KQB” agenti olub-olmamasını təsdiqləmək bizim səlahiyyətimizdə deyil. Bu, Amerika hökumətinin vəzifəsidir ki, həmin təhqiqatı aparsın və ölkə lideri haqda deyilənlərin doğru olub-olmamasını üzə çıxarsın...”
Sultan Laçın