Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında İrəvanın Azərbaycanın daxili işlərinə qarışmaq siyasətini tənqid edib. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Bakıda erməniəsilli şəxslərlə bağlı keçirilən məhkəmə prosesindən narahatdır. Prezidentin köçməkçisi qeyd edib ki, İrəvan “məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Ermənistanın Hikmət Hacıyevin məlum çağırışından nəticə çıxarmalı olduğunu bildirib:
“Ermənistan hakimiyyəti bəlli bir müddətdir ki, Bakıda erməni cinayətkarları ilə bağlı keçirilən məhkəmə prosesini gözdən salmağa, bu prosesin obyektivliyini şübhə altına almağa çalışır. İrəvan yaxşı bilir ki, məhkəmə zamanı təqsirləndirilən şəxslərin verdiyi hər bir ifadə onların qanlı əməllərini bir daha ifşa edəcək, Paşinyan rejimi üçün hüquqi məsuliyyət yaradacaq. Buna görə də Ermənistan şəffaf və obyektiv keçirilən məhkəmə prosesi haqqında həqiqətdən uzaq fikirlər formalaşdırmağa cəhd edirlər. Bu isə hörmətli Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Azərbaycanın daxili işlərinə qarışmaq, ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdidir.
Ermənistan beynəlxalq hüquqla yasaqlanan bu cür müdaxilələrdən əl çəkməli, Bakıdakı məhkəmə prosesi əleyhinə təbliğat aparmağı dayandırmalıdır.
Bununla yanaşı, İrəvan vaxtiylə Azərbaycana qarşı ağır cinayətlərə yol verən şəxsləri də ölkəmizə təhvil verməli, onları himayə etməkdən imtina etməlidir. Söhbət ilk növbədə Sərkisyan, Köçəryan, Ohanyan və s. kimi şəxslərdən gedir.
Xatırladaq ki, onların bir çoxu öz cinayətlərini mediaya verdikləri müsahibələrdə açıq etiraf ediblər. Belə olan halda həmin şəxsləri himayə etmək, bu şəxsləri Azərbaycana verməmək cinayətkarlarla həmrəylik sərgiləmək, onların cinayətinə haqq qazanmaqdan başqa bir şey deyil. Belə bir mövqe isə Ermənistanın beynəlxalq hüquqdan uzaq olduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün də ciddi təhdiddir. Buna görə də İrəvan həqiqətən də sülhə hazır olduğunu göstərmək istəyirsə, ilk növbədə xalqımız qarşısında ağır cinayətlər törədən bu şəxsləri Azərbaycana təhvil verməli, bununla da ədalət və hüquqa hörmət etdiyini isbatlamalıdır”.
Seymur ƏLİYEV