Mütəllibov istefa verən gün Allahşükür Paşazadə oruc tutub:
Ekskluziv
1516
09:19, Bu gün

Mütəllibov istefa verən gün Allahşükür Paşazadə oruc tutub: "Prezident  sözümü  eşitdi, hörmət etdi... Mən ona dost və qardaş demişəm...”

“Kimə pis münasibət bəsləyib, kiminsə qəlbini sındırmışamsa, kimsə məndən inciyibsə, xahiş edirəm, bağışlayasınız. Ürəyimdə heç vaxt kin olmayıb. Xahiş edirəm, bu istefanı müzakirəsiz qəbul edəsiniz. Və nəticədə bura yığışan camaat sakitliklə evlərinə getsin…”
 
Rəhim Qazıyev: "Mütəllibovun bu addımını kişi qeyrəti hesab edirəm..."
 
Düz bir qərinə - 33 il öncə bu günlərdə  Xocalı kimi dəhşətli soyqırımından sonra Azərbaycanı ağuşuna almış siyasi və hərbi meydandakı xaotik proseslər fonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Bu günədək həmin hadisə müxtəlif rakurs və siyasi mövqelərdən qiymətləndirilsə də, hələ də qaranlıq qalan məqamlar xeylidir...  
 
O günlər bilavasitə parlamentimizdə baş verənlərin şahidi və deputat kimi iştirakçısı olmuş tanınmış ictimai-siyasi xadim mərhum Maksim Musayev özünün “Milli Şura (10.1991- 05.1992) parlamenti” adlı xronoloji kitabında Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyasının ən vacib və diqqətəlayiq məqamlarını özünəməxsus şəkildə qələmə alıb. 
Aktuallığını nəzərə alaraq kitabın həmin epizodlarını bir daha Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
 
(Əvvəli burada: )
 
“...Verilən bu xəbərdən az keçməmişdi ki, deputatları zala yığdılar, iclas davam etdi və Prezident A. Mütəllibov çıxışa başladı:
 
“...İki gündür ki, biz bir-birimizi incidirik. Doğrusu, mən incidim, mənim istefamı tələb edirlər.  Mən yəqin ki, razı olmalıyam.  Bu haqda Şeyxin özü də mənə müraciət etdi. Burada təxribatçılığa da yol verilə bilər. Mən istefa verirəm və xahiş edirəm, onu qəbul edəsiniz. Bunu qeyrətsizlik kimi başa düşməyin. Təqsirim var? Boynuma götürürəm. Ətrafımdakıların köməyi olmayıb, mən də tələbkarlıq etməmişəm.  Mən şöhrətpərəst, vəzifəpərəst olmamışam. Hamınıza müvəffəqiyyətlər arzulayıram. Çaxnaşma və ziddiyyətlərə yol verməyin. Bir-birinizə dayaq olun. Mən bilmişəm, nə edirəm. Heç kimdən də incikliyim yoxdur. Mən Azərbaycanda qalıram, Bakıda yaşayacağam. Heç yerə gedən deyiləm, siyasi fəaiyyətimi hələlik dayandırıram. Çox yorulmuşam, siyasətlə məşğul olmayacağam. Kimə pis münasibət bəsləyib, kiminsə qəlbini sındırmışamsa, kimsə məndən inciyibsə, xahiş edirəm, bağışlayasınız. Ürəyimdə heç vaxt kin olmayıb. Xahiş edirəm, bu istefanı müzakirəsiz qəbul edəsiniz. Və nəticədə bura yığışan camaat sakitliklə evlərinə getsin...”
 
Yaqub Məmmədov Prezidentin ərizəsini səsə qoymaq istərkən Rəhim Qazıyev söz alıb çıxış etdi:
 
“Bu gün respublikanın ilk prezidenti istefa verdi. Mütəllibovun bu addımını kişi qeyrəti hesab edirəm. O, siyasi meydandan getməməlidir. Ayaz müəllimin topladığı təcrübə, buraxdığı səhvlər kadrlarını tanıtdı. Tale nəsib edib mübarizə yolu ilə onu yenə vəzifəyə gətirərsə, hesab edirəm ki, Ayaz müəllim bəlkə də Azərbaycana nəsə xeyir verə bilər. Mən sizinlə şəxsi münasibətimi həmişə davam etdirəcəm. Müxalifət tərəfdən sizinlə ən çox görüşən adam mən olmuşam... Təəssüflər olsun ki, rəhbərliyə yaxın adamlar sizə güc gəldilər. Bundan sonra respublikaya rəhbərlik edəcək adamlara bu acı təcrübədən düzgün istifadə etməyi arzulayıram. Xalqın apardığı siyasəti sizə səhv çatdırıblar. Vəzifəyə qoyduğunuz adamlar sizi yuxarı qaldırmaqdan aşağı endirdilər. Xahiş edirəm, özünüzdə qüvvə tapasınız, daha qətiyyətlə mübarizə aparasınız. Mən arzulayıram ki,  nə vaxtsa, yaxın illərdə siz yenə respublikada hər hansı işdə işləyə biləsiniz...”
 
Digər çıxış edən deputatlar R.Qazıyevin fikirlərini müdafə etdilər. Deputat Bəxtiyar Vahabzadə bu addımı prezidentin mərdliyi kimi qiymətləndirdi. Bundan sonra qarışıqlıqdan əl çəkməyi və mətbuatda onun adına nalayiq sözlərin deyilməməsini xahiş etdi.
 
Deputat Araz Əlizadə dedi:
 
”Prezident bu kiçik dəstəni dağıda bilərdi. Hakimiyyətini möhkəmləndirərdi... Dalbadal Azərbaycanın  ən yüksək vəzifəsini tutan şəxs eyni qruplar tərəfindən kənar edilir... Dəmir əllə respublikanı idarə edəcəklər... Sizinlə işləmək çox asan idi, yaxşı idi...”
 
Deputat Hacı Əbdül isə çıxışına el məsəli ilə başladı:
“Bir məsəl  var: “Atamı öldürürəm ki, goruna and içəm... 10 dəqiqə qabaq Prezident haqqında nələr demirdiniz? İndi isə xoş sözlər deyirsiniz... Məlum olur ki, Ayaz müəllim kişiymiş, o, kişi addımı atdı. Ay deputatlar və müxalifət, gəlin siz də kişi olun, səs verməyin onun getməsinə. Qoy otursun prezidentliyində. Cəmləşək, onu Prezident saxlayaq. Siz də belə kişilik etməyə qadir olun...”
 
Allahşükür Paşazadə dedi: “... Bu gün mübarək gündür. Mən də sizinlə qaldım və oruc tutdum... Prezident  sözümü  eşitdi, hörmət etdi. Atılan addım xeyirlidir... Hamı danışıb onu tərifləmək  istəyir.... Gəlin bununla da qurtaraq... Mən də ona xeyir-dua verirəm... Prezidentlə münasibətim yaxşı olub. Mən ona dost və qardaş demişəm...”
 
Sonra Yaqub Məmmədov Prezidentin istefasını səsə qoydu. Bircə nəfər etiraz etməklə istefa yekdilliklə qəbul edildi. Daha sonra  Ayaz Mütəllibovun toxunulmazlığı(təqaüd, mülkiyyət toxunulmazlığı, təhlükəsizliyi, bağ evi və maşın barədə) haqda qanun qəbul edildi.
 
Sonda isə Konstitusiyanın 121-7-ci maddəsinə əsasən yeni Prezident seçilənədək onun səlahiyyəti Ali Sovetin sədri Y. Məmmədova verildi....
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər