Ekskluziv
736
09 Mar 2025 | 21:38

"İran, Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək" - "Tasnim" agentliyi

"Bu üç ölkə bir neçə ildir ki, ABŞ-ın qlobal hegemonluğuna qarşı mübarizə aparmaq üçün oxşar təlimlər təşkil edir..."
 
İran, Rusiya və Çin Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı İranın cənub-qərb sahillərində "regional təhlükəsizliyi gücləndirmək" məqsədilə birgə hərbi təlimlər keçirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə bazar günü İran mediası məlumat yayıb.
 
Bu üç ölkə artıq bir neçə ildir ki, ABŞ-ın qlobal hegemonluğuna qarşı mübarizə aparmaq üçün oxşar təlimlər təşkil edir. Manevrlər çərşənbə axşamı İranın cənub-qərbində, Oman dənizinə çıxışı olan Çabahar limanında başlayacaq. "Tasnim  agentliyi təlimlərin nə qədər davam edəcəyini açıqlamayıb.
 
"Tasnim"-in məlumatına görə, təlimlərdə Çin və Rusiyanın döyüş gəmiləri, dəstək gəmiləri, eləcə də İran ordusunun və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz piyadaları iştirak edəcək. Təlimlər "Hind okeanının şimal bölgəsində" keçiriləcək və "regionda təhlükəsizliyi gücləndirmək və iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək" məqsədi daşıyır.
 
Çin təlimlərdə iştirak etmək üçün "Baotou" esminesini göndərəcək. Bu gəmi fevral ayında Pakistanda keçirilən beynəlxalq "Sülh- 2025" təlimlərində də iştirak edib. Bundan əlavə, Çin hərbi-dəniz qüvvələrinin "Qaoyu Lake" adlı təminat gəmisi də manevrlərdə yer alacaq.
 
Azərbaycan, Cənubi Afrika Respublikası, Oman, Qazaxıstan, Pakistan, Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Şri-Lanka bu təlimlərdə müşahidəçi qismində iştirak edəcək. Çin Müdafiə Nazirliyi "WeChat" sosial şəbəkəsində yayımladığı açıqlamada Pekinin təlimlərə esmines və təminat gəmisi göndərəcəyini bildirib.
 
İran ordusu fevral ayında da eyni bölgədə hərbi təlimlər keçirib. Bu təlimlərin məqsədi "hər hansı bir təhlükəyə qarşı müdafiə imkanlarını gücləndirmək" olub.
 
Pekin açıq şəkildə Tayvanı sıxışdırmaqla hədələyir
 
"Tayvanın müstəqilliyini dəstəkləyən separatçılar nə qədər aqressiv olsalar, boyunlarındakı ip bir o qədər sıxılacaq və başlarının üzərindəki qılınc daha da itilənəcək", - bazar günü Çin ordusunun nümayəndəsi U Tsyan Pekində keçirilən illik siyasi tədbir olan "İki sessiya" çərçivəsində çıxışında bildirib.
 
U Tsyan qeyd edib ki, Çin ordusu separatçılığa qarşı mübarizədə və "yenidən birləşmə" prosesində mühüm qüvvədir. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
 
Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və onun üzərində nəzarəti bərpa etmək üçün güc tətbiq etməyi istisna etmir. "İki sessiya" çərçivəsində Çin hökuməti 2025-ci il üçün müdafiə büdcəsini 7,2 faiz artıracağını elan edib. Eyni göstərici ötən il də nəzərdə tutulmuşdu.
 
Qeyd edək ki, bu, İran, Rusiya və Çinin keçirdiyi ilk birgə hərbi təlim deyil, oxşar manevrlər 2019, 2022, 2023 və 2024-cü illərdə də təşkil edilib.
 
Bundan əlavə, 2024-cü ilin noyabr ayının sonunda Rusiya Hərbi-Kosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələri Yapon dənizi, Şərqi Çin dənizi və Sakit okeanın qərb hissəsi üzərində birgə patrul uçuşları həyata keçirib.
 
Sentyabrda Rusiya və Çin orduları birgə dəniz hərbi təlimləri təşkil edib. Oktyabr ayında isə hər iki ölkə Sakit okeanda "raket hücumunun qarşısının alınması" üzrə manevrlər icra edib.
Link kopyalandı!
Son xəbərlər