Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında Ermənistanın ölkəmizin daxili işlərinə müdaxilə səylərinə diqqət çəkib. Hikmət Hacıyev qeyd edib ki, İrəvan ölkəmizdə keçirilən məhkəmə prosesindən ciddi narahatlıq keçirdiyi üçün məhkəmə əleyhinə təbliğat işi aparır. Hikmət Hacıyev həmçinin, xalqımıza qarşı cinayət törədən və Ermənistanda gizlənən şəxslərin də ölkəmizə verilməsinin vacibliyinə toxunub.
Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə vaxtiylə xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin Azərbaycana təhvil verilməsinin zəruri olduğunu qeyd edib:
“Təbii ki, xalqımıza qarşı ağır cinayətlərə yol verən və hazırda Ermənistanda yaşayan şəxslərin Azərbaycana deportasiya edilməsi, məhkəmə önünə çıxarılması vacibdir. Söhbət Köçəryandan, Sərkisyandan, Ohanyandan və digər insanlardan gedir. Onlar xalqımıza qarşı böyük vəhşiliklər törədib, bir-birindən dəhşətli cinayətlərə yol veriblər. Buna görə də onların Bakıya təhvil verilməsi mütləqdir.
Ermənistan insanlığa qarşı ağır cinayətlər törədən bu şəxslərin ölkəmizə verilməsini təmin etməli, onların hər biri törətdiyi əmələ görə cavab verməlidir. Bu, ədalətin təmin olunması baxımından zəruridir”.
Seymur ƏLİYEV