“Hələlik Güney Qafqaz gündəmi Ağ Evin gündəliyində yoxdur...”
“Təəssüf ki, indiki ABŞ prezidenti Donald Tramp zorakı diplomatiya, yəni məcburetmə yolunu tutub. Və onun üçün heç bir beynəlxalq prinsiplər, qayda-qanunlar əhəmiyyətli deyil. Ona görə də biz də diqqətli olmalıyıq bu məsələlərdə... Və biz də bir çox dönüşlərə hazır olmalıyıq. Düzdü, hələ ki, Amerikanın Güney Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. Amma istənilən vaxtı ciddi dönüşlər ola bilər, hətta ciddi təzyiqlər də edilə bilər. Ancaq bu o demək deyil ki, biz o təzyiqlərə boyun əyməliyik və Trampın dediklərini, diqtə etdiklərini qəbul etməliyik. Hələlik isə Güney Qafqaz gündəmi Ağ Evin gündəliyində yoxdur”
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov “Sizcə, hazırkı ABŞ lideri Donald Trampın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı əndrəbadi siyasəti, Ağ Evdəki məlum görüşdən sonra prezident Vladimir Zelenskini bir növ ofsayd durumda qoyması, Ukraynaya hərbi yardımı dayandırması və s. onun Güney Qafqaz, ayrıca Azərbaycan, Ermənistan və Gürcüstan siyasətində özünü necə göstərəcək” sualını cavablandırarkən ifadə edib.
“Bəs bundan sonra Putin Rusiyasının Güney Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı siyasətində necə dönüş yaranacaq? Belə mülahizələr var ki, guya Tramp artıq Güney Qafqazı Putinə təslim edir” sualına Etibar Məmmədov belə cavab verib.
“Tramp hələ Ukraynanı təslim edib qurtarmayıb axı... Əvvəla, Ukrayna özü təslim olmayacaq. İkincisi, Ukraynanın təslim olması Avropanın Rusiyaya, Putinə təslim olması deməkdir... Odur ki, Avropa da birləşib Tramp və Putinə bunu etməyə imkan verməyəcək. Məntiq onu göstərir... Və üçüncüsü də, fikrimcə, Birləşmiş Ştatların özündə də Trampın bu cür yanlış siyasətinə qarşı müqavimət getdikcə artacaq... Həm də ona görə ki, Amerikada Ukrayna lobbisi çox güclüdür. Onların təsir imkanları da böyükdür, Ağ Ev administrasiyasına belə, təsir göstərmək rıçaqları var və onlar işə düşəcək... Bundan əlavə, Konqresdə də Trampa qarşı müxalifət var. Hətta respublikaçıların içərisində də onun Ukraynanı Rusiyaya təslim etmə fikrinə müxalif olanlar xeylidir. Və bu proses tədricən gedəcək. Düzdü, hələ Ukrayna tezliklə bu ağır durumdan çıxa bilməyəcək. Ancaq bu ölkənin müqavimət potensialı da kifayət qədər böyükdür...”
“Deməli, belə düşünürsüz ki, Putin Trampın onunla yaxınlaşması fürsətindən yararlanaraq Azərbaycana qarşı siyasətində ciddi dönüş etməyəcək” sualını isə siyasətçi belə cavablandırıb.
“Bəli. Heç axı Rusiyanın indiki geo-siyasi durumda özünə qarşı bir neçə cəbhədə qüvvələri qaldırması da məntiqlə doğru olmaz, buna ehtiyac da yoxdur. Həm də bu saat Putinin Azərbaycana qarşı sərt siyasət yürütməsinə, onu təhdid etməsinə elə bir ciddi əsas və səbəb də yoxdur...”
Sultan Laçın