“Atamdan yalnız ölümündən 3 il əvvəl 41 yaşında çəkdirdiyi şəkillər yadigar qalıb” - Afaq Bəşirqızı
Ekskluziv
648
10:30, Bu gün

“Atamdan yalnız ölümündən 3 il əvvəl 41 yaşında çəkdirdiyi şəkillər yadigar qalıb” - Afaq Bəşirqızı

“Mart ayının 11-də Bəşir Səfəroğlunun artıq 100 yaşı olur. Ondan qalan yalnız 41 yaşında, ölümündən 3 il əvvəl çəkdirdiyi şəkillərdir. Vəssalam! Həmişəyaşar, həmişə cavan Bəşir Səfəroğlu belə də qəlblərdə qalacaq. Bu gün Akademik Musiqili Teatrla birlikdə Qubaya gedirəm. Bəri başdan Quba Rayon İcra Başçısı İlqar müəllimə, onun köməkçilərinə, mədəniyyət şöbəsinin müdirinə, Bəşir Səfəroğlu adına mədəniyyət mərkəzinin direktoruna, işçilərinə və bütün qubalılara öz dərin təşəkkürümü bildirirəm. Neçə gündür zəng edirlər ki, daha nə edək? Banneri hara vuraq? Hər bir şeyi mənimlə məsləhətləşirlər”
 
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib:
 
“Xoşbəxtsən ata! Ruhun şad olsun! Bilirəm ki, ruhun şaddır. Çünki sənin 100 yaşın öz torpağında, öz həmyerlilərinin yanında olacaq. Düzdür, Bəşir Səfəroğlu Bakıda doğulub, amma bizim kökümüz Qubadandır. Xoşbəxt sənətkarsan. Ona görə ki, əsl sənətkarsan! Ruhun okeanlarda üzür, adına gəmilər, küçələr, mədəniyyət mərkəzləri və mədəniyyət evləri, büstlər var. Hamı səni sevir, rəğbət bəsləyir. 55 ildir artıq həyatda yoxsan. Bu yoxluğunla Azərbaycan xalqının heç bir nümayəndəsi barışmayıb. Həmişə rəhmət qazanmısan. Çox nadir, az qalan lent yazılarına baxıblar və “Allah sənə rəhmət etsin” deyiblər. Bu rəhməti sən qazandın! Mən səninlə fəxr edirəm. Yaxşı ki, atamsan! İstəyirəm ruhun yaşasın və sevinsin” deyə xalq artisti bildirib.
Afaq Bəşirqızı atasını təqlid edənlərdən də danışıb:
 
“Hər bir sənətkarın öz yolu olmalıdır. Əlbəttə, Bəşir Səfəroğlu o qədər sevimli aktyor idi ki.. O məktəb idi. Həmin məktəbin şagirdləri olmalı idi və oldu da. Onlar heç nə itirmədilər. Sənətkarı təqlid etdilər. Amma mən deyə bilmərəm ki, onu tam təqlid etdilər? Əlbəttə ki, yox. Bəşir Səfəroğlunu təqlid edənlərdən bir neçəsi həyatda yoxdur. Amma mənə elə gəlir ki, o gözəl təqlid idi. Onu təqlid edənlər də həddindən ziyadə çox diqqətli və səliqəli idilər. Çünki məktəbi keçirdilər” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər