Amerika şokdadır: Rusiya üzünü ABŞ-a çevirir - The New York Times
Ekskluziv
918
00:10, Bu gün

Amerika şokdadır: Rusiya üzünü ABŞ-a çevirir - The New York Times

"Kreml ABŞ-ı daha düşmən kimi təqdim etmir, tənqidi əsasən Qərbin "neoliberal elitasına" yönəldir..."
 
"Rusiyalıların 75 faizi Ukraynada müharibənin dayandırılmasını, 85 faizi Vaşinqtonla danışıqların aparılmasını dəstəkləyir..."
 
Rusiyada Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-a münasibətin dəyişməsi təəccüb doğurur.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Məqalədə bildirilir ki, Rusiya mediasında və Kremlin ritorikasında ABŞ əvvəlki kimi "əsas düşmən" kimi təqdim edilmir. Əksinə, son aylarda əsas tənqid Avropaya yönəlib. 
 
Beş həftə öncə Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın hegemonluğunu sərt şəkildə tənqid edirdisə, son çıxışlarında artıq əsas diqqəti Avropanın keçmiş müstəmləkəçilik siyasətinə və Qərb tarixindəki müharibələrə yönəldib.
 
Trampın ikinci dönəmi və Rusiya ilə yaxınlaşma
 
Trampın ABŞ xarici siyasətini dəyişməsi fonunda Kreml də Vaşinqtonla münasibətləri yumşaltmağa meyllidir. Son həftələrdə baş verən hadisələr-Tramp və Putin arasında telefon söhbəti, ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanındakı görüşü və BMT-də ABŞ-ın Rusiyanın mövqeyini dəstəkləməsi iki ölkə arasında yeni əməkdaşlıq dövrünün başlaya biləcəyini göstərir. Bunun ardınca Putin ABŞ-a Sibir resurslarının birgə işlənilməsini təklif edib.
 
Bu dəyişikliklər Rusiya dövlət televiziyalarında da öz əksini tapıb. Televiziya aparıcıları bildirir ki, ABŞ-ın yeni administrasiyası Rusiya ilə bərabərhüquqlu münasibətlərə daha açıqdır. Hətta bəzi ekspertlər ABŞ və Rusiyanın birlikdə dünya siyasətində əsas oyunçular ola biləcəyini vurğulayır.
 
Rusiyada fərqli reaksiyalar
 
Rusiyada bu dəyişikliklərə münasibət birmənalı deyil. Sorğular göstərir ki, əhali sülh və ABŞ-la dialoq istəyir. "Levada Mərkəzi"nin son araşdırmasına görə, rusiyalıların 75 faizi Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını, 85 faizi isə Vaşinqtonla danışıqların aparılmasını dəstəkləyir.
 
Bununla belə, bəzi hərbi ekspertlər və sərt xətt tərəfdarları ABŞ-la yaxınlaşmanı təhlükəli sayır. Xüsusilə, "Telegram" kanallarındakı millətçi bloqçular Putinin Amerika şirkətləri ilə əməkdaşlıq ideyasını tənqid edərək, bunun "Rusiya sərvətlərinin ələ keçirilməsi" kimi qiymətləndirilməli olduğunu iddia edir.
 
ABŞ-a qarşı tənqidlər hansı aspektdə dəyişib?
 
Kreml ABŞ-ı birbaşa düşmən kimi göstərməkdənsə, tənqidi əsasən Qərbin "neoliberal elitasına" yönəldir. Rus rəsmi dairələri bildirir ki, Qərb dəyərlərini zorla yaymağa çalışan qlobalistlər Rusiya ilə toqquşur, lakin amerikalı mühafizəkarlarla Rusiya arasında ortaq dəyərlər var. Bu baxış əvvəlki sovet ritorikasını xatırladır, o zaman da ABŞ-ın solçu dairələri Moskvanın "təbii müttəfiqləri" kimi təqdim olunub.
 
Bu kontekstdə rus mediasında belə bir fikir yayılıb: əgər ABŞ həqiqətən Rusiya ilə bərabərhüquqlu tərəfdaşlığa hazırdırsa, bu, uzunmüddətli əməkdaşlıq üçün fürsət ola bilər. Lakin ABŞ-ın Ukraynaya dəstəyi davam etdikcə, iki ölkə arasında tam anlaşmaya nail olunacağına hələ də şübhə ilə yanaşılır.
Link kopyalandı!
Son xəbərlər