“Bəzən də ağıllı adam sənin tapşırığını qoyur bir yana, öz bildiyi kimi iş görür, məsələni həll edir. Bu, çətin məsələdi. Əgər hər kəs öz bildiyi kimi hərəkət edirsə, ümumi nizam, ümumi proqram pozulur...”
Kadr siyasəti bütün ölkələrdə və bütün dövrlərdə, istənilən dövlətin və xalqın taleyində mühüm rol oynayan amillərdən biridir...
Tanınmış mərhum yazar Azər Abdullanın 1999-cu ildə eks-prezident Əbülfəz Elçibəydən götürdüyü müsahibənin kiçik bir epizodu məhz bu mövzuya həsr olunub. Mərhum dövlət başçısı kadr seçimi zamanı ağıllı, intellektual, bacarıqlı, vicdanlı və s. keyfiyyətlərə malik insanlara, yoxsa o qədər də dərin savadı olmayan, amma üzüyola, sözə baxan, yarınan şəxslərə üstünlük verdiyi aydın olur...
Aktuallığını nəzərə alaraq həmin epizodu dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
“Azər Abdulla:
-Əbülfəz bəy, müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Azərbaycanda balaca müəssisə, şirkət və nazirliklərdən tutmuş yuxarılaradək müdirlər, rəhbərlə kadr seçimində ağıldan, səviyyədən, bacarıqdan, səriştədən öncə sözəbaxan, üzə dirəşməyən, yarınan, həm də etibarlı adamlara – işçilərə daha çox üstünlük verirlər. Bu metoda, bu prinsipə münasibətiniz?
Əbülfəz Elçibəy:
-Hə, çox düz deyirsiniz. Bu çox qorxulu məsələdi, ancaq, təəssüf ki, belədir. Mən bunu izah edim. Deyək ki, mən bir ağıllı adamı işə götürürəm. Hər hansı bir məsələni müzakirə edəndə həmin ağıllı adam başlayır öz münasibətini bildirməyə. Öz fikrini müdafiə etmək üçün mübahisəyə girişir. Sonra o adam bu münasibəti gedib, təbii ki, orda-burda danışır. Hadisə ağızdan-ağıza yayılır, şişirdilib cürbəcür variantlara salınır. Sonra gəlib bunu müdirə, rəhbərə başqa şəkildə çatdırırlar. Nəticədə hardasa işçiylə müdir arasında soyuqluq yaranır. Bəzən də ağıllı adam sənin tapşırığını qoyur bir yana, öz bildiyi kimi iş görür, məsələni həll edir. Bu, çətin məsələdi. Əgər hər kəs öz bildiyi kimi hərəkət edirsə, ümumi nizam, ümumi proqram pozulur...
Azər Abdulla:
-Çox ziddiyyətli, dolaşıq məsələdir...
Əbülfəz Elçibəy:
-Elədi, çətin məsələdir. Görürsən, iclasda ümumi səsvermədə həmin adam hamı kimi səs verdi. Ancaq məsələni öz bildiyi kimi həyata keçirdi. Ona görə də dövlət işlərində adətən daha çox söz eşidənlərə üstünlük verilir. Çünki söz eşidən komandanı pozmur. Kim tapşırığı yerinə yetirirsə, ona üstünlük verilir. Elə məsələ var, necə deyim, məsələn, götürək, əsgəri xidmət məsələsini. Əsgərin ağlını, intellektuallığını heç kəs yoxlamır. Tapşırıq verilir və kim tapşırığı düzgün yerinə yetirirsə, onu medalla, yaxud başqa cür mükafatlandırırlar. Hakimiyyətim dövründə də, partiyada da mən sədaqətlilik prinsipini əsas götürməmişəm. İşə canyandıran, ağıllıya, diqqətliyə üstünlük vermişəm. Lap bilsəm, bu adam dalımca danışır, bunun fərqində olmamışam...”
Təqdim etdi:
Sultan Laçın