"Rusiya Donald Trampa etibar etmir və ondan böyük gözləntiləri yoxdur..."
Qərb mediasının tez-tez "Putinin beyni" adlandırdığı rus ultra-millətçisi və ideoloqu Aleksandr Duqin Misirin "Əl-Qhad" ("Sabah") telekanalına müsahibə verib.
Söhbət zamanı o, Donald Trampın siyasəti, Yaxın Şərqdəki münaqişənin perspektivləri və Qəzza sakinlərinin köçürülməsi ilə bağlı ehtimal edilən planlar barədə fikirlərini bölüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.
Yaxın Şərqdə baş verən hadisələrdən danışan Duqin bildirib ki, HƏMAS-ın hərəkətləri dəqiq hesablanmış strategiyanın bir hissəsi olmayıb. Onun fikrincə, silahlılar İudeya və Samariyadakı fələstinli ərəblərin dəstəyinə ümid edib və onlar İsrail daxilində üsyan qaldırmalı idi, lakin bu baş verməyib. Nəticədə isə Qəzza bölgəsi dağıdılıb, "Hizbullah" liderləri zərərsizləşdirilib, İran zəiflədilib, Bəşər Əsəd rejimi təhlükə altına düşüb.
Duqin hesab edir ki, bölgədə qüvvələr balansı "müqavimət oxu"nun ziyanına dəyişib və bu səhv ağır nəticələrə gətirib çıxarıb.
ABŞ-ın yeni prezidenti ilə bağlı danışan Duqin vurğulayıb ki, Rusiya Donald Trampa etibar etmir və ondan böyük gözləntiləri yoxdur. Onun fikrincə, ABŞ lideri İsrailə dəstək verməyə çalışır və Benyamin Netanyahunu lazım olan hər şeylə təmin etməyə hazırdır, lakin açıq hərbi müdaxilədən qaçmağa çalışır.
Duqin həmçinin Trampı islamofobiyada ittiham edib və bildirib ki, Rusiya iki dövlətin- İsrail və Fələstinin yaradılmasını dəstəkləyən mövqeyini qoruyur. Onun sözlərinə görə, Moskva İsrailin fələstinli ərəblərə qarşı hərəkətlərini qınayır və Qəzzada, eləcə də İudeya və Samariyada istənilən zorakı köçürməyə və etnik təmizləməyə qarşı çıxır. Lakin bu məsələyə görə ABŞ-la hərbi qarşıdurmaya girmək niyyətində deyil.
Rus filosofu İranın nüvə problemi barədə də fikirlərini bölüşüb. O düşünür ki, Donald Tramp, bir tərəfdən, Benyamin Netanyahunun mövqeyini dəstəkləyəcək, digər tərəfdən isə "İranın nüvə obyektlərinə hərbi hücum edən prezident" kimi tarixə düşmək istəməyəcək".
O, həmçinin NATO-nun dağılacağını proqnozlaşdırıb, çünki "bu blok artıq heç bir məna daşımır". Filosof hesab edir ki, "ABŞ ordusu kifayət qədər güclüdür, lakin NATO daxilində Estoniya kimi kiçik və əhəmiyyətsiz ölkələri daşıyır. Bu dövlətlər amerikalı generalların yanında oturub Rusiyaya qarşı müharibə tələb etməyə cəsarət edir".
"Vəziyyət məntiqsiz hala gəlib və aydındır ki, Tramp bu vəziyyəti yenidən nəzərdən keçirəcək", - Duqin bildirib. Lakin o, arzuolunanı reallıq kimi qələmə verməkdə günahlandırıla bilər.
Bununla belə, Duqin əmindir ki, Moskvanın Vaşinqtonla yaxınlaşması Çin və İranla münasibətlərə ziyan vurmayacaq. O, izah edib ki, Rusiya bir supergüc olaraq, yeni əlaqələr qurduğu üçün köhnə tərəfdaşlarından imtina etməz.
Aleksandr Duqin vurğulayıb ki, İran artıq Rusiyanın müttəfiqinə çevrilib və bu, son imzalanmış strateji sazişlə də sübut olunur. O, əlavə edib ki, Moskva İsrail və ABŞ-ın İrana mümkün hücumunun qarşısını almağa çalışacaq, çünki Tehran Rusiya üçün böyük strateji əhəmiyyət daşıyır.