Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Ekskluziv
894
03 Mar 2025 | 17:43

Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar

Bir neçə gün bundan əvvəl şəxsi feysbuk profilimdə məktəbdə hədiyyə, pul-hər hansı maddi səbəbə görə bullinq edən müəllimləri nəzərdə tutaraq bir cümlə yazmışdım: “8 Martda müəllimə hər hansı simvolik hədiyyənin-çiçək dəstəsinin, ya hansısa rəmzi suvenirin verilməsi diqqət kontekstindən çox vacibdir. Amma maddi istəklərə görə şagirdinə bullinq edən, ondan nəsə ummağa çalışan müəllimlərə isə    bircə gülün belə hədiyyə edilməsi onlar üçün  çox olar”.
 
Yenə də hər zaman olduğu kimi fikrimiz qəribçiliyə salındı, əsas məzmun xətti, problemin əsas nüvəsi bir kənara qaldı. Biz şagirdlərə qarşı hədiyyə bullinqi edən müəllimi kənara qoyub, təhsildəki idarəetmə qurumlarından yapışdıq. Amma bir problemin təhlilində, onnun doğru-düzgün aradan qaldırılmasında ən böyük əngəl, məzmun xəttindən kənara çıxmaqdır. 
 
Təhsilin yerli idarəetmə qurumları hər il məktəblərə təlimatlar göndərir, ciddi şəkildə 5 Oktyabr və 8 Martla bağlı tapşırıqlar verir. Amma yenə də bir qisim şəxslər  öz "daxili qaydalarını" daha vacib hesab edirlər. İki gün öncə bir  direktorun məlum ""dilənçi" kod adlı" səs yazısı da bunun bir elementidir. Bu cür elementlər hər şeydən öncə, məhz illərini məktəbə həsr edən  minlərlə fədakar müəllimlərə qarşı sayğısızlıq, ikili münasibət yaradır... Axı, onlar buna layiq deyillər!
 
Şəxsən tanıdığım bir çox müəllimlər var ki, onlar bütün fədakarlıqlarına, zəhmətlərinə rəğmən yenə də özəl günlərdə hər hansı hədiyyəyə önəm verməz, ətrafa maddi yox, yalnız mənəvi prizmadan nəzər yetirər və bu onun bütün davranışlarında da özünü tam surətdə əks etdirər.   Amma təəssüf ki, yerli təhsilin idarəedilməsi qurumları tərəfindən məktəbə təlimat göndərilən zaman bu müəllim qrupunu digərlərindən fərqləndirən hər hansı barometr, ayırıcı mexanizm yoxdur. Odur ki, “qurunun oduna yaş da yandı” məsəli burada tam formada öz sözünü demiş olur. 
 
Bəs nə etməli? Düşünürəm ki, təhsilin yerli idarəetmə qurumları təlimatlarla kifayətlənməyib, onları pozan şəxslərlə də bağlı lazımı addımlar atmalıdır.  Bu addımlar atılmadığı təqdirdə, konkret nümunə göstərilməklə hər hansı müəllim və məktəb rəhbərliyinin cəzalandırılıb ictimaiyyətə açıqlandırılmadığı təqdirdə məsələnin həlli təəssüf yenə də açıq qalacaq. Amma biz təəssüf ki, təlimatların mütəmadiyən göndərildiyi bu illər ərzində pul və ya hədiyyə yığımı ilə bağlı bircə nəfər də olsun müəllimin, yaxud məktəb rəhbərliyinin cəzalandırılmasını görməmişik.  Təlimatların göndərildiyi bu illər ərzində doğrudanmı, bütün ölkə ərazisində bircə nəfər də olsun, müəllim, ya direktor pul-hədiyyə sevdasına düşməyib?!
 
Təbii ki, düşüb, özü də bir yox, bir neçə yox...
 
Bu müəllimlər ən böyük ziyanı məhz özlərinin fədakar həmkarlarına vurublar və vurmaqdadırlar...
 
“Müəllimlərin etik davranış qaydaları”a əsasən təhsilverənlərin yerinə yetirməli olduğu prinsiplərdən biri də mədəni davranışla bağlıdır:
 
“Müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır”.
 
Həmçinin, adıçəkilən rəsmi sənədin 2.1.7 -ci maddəsində oxuyuruq:
 
“İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etikdavranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir”.
 
Rəsmi sənəddən təqdim edilən sitatlardan da anlamaq olar ki, məktəb daxilində bu cür halların nəinki baş verməsi, hətta müzakirəsi belə ən azı 2 prinsipin pozulmasıdır. Bəs, o prinsiplər pozulduğu zaman hər hansı cəza mexanizmi tətbiq olunurmu? Bugün 8 Mart hədiyyəsinə görə müəllimlərə bullinq edən direktorlar, şagirdlərə bullinq edən müəllimlər, valideynlərə bullinq edən digər valideynlər yüngül də olsa hər hansı cəza ilə tənbeh olunmasalar o zaman bu müzakirənin nə kimi faydaları olacaqdır?!
 
Valideyn demişkən, elə işi korlayan bəlkə də ən böyük səbəblərdən biri məhz həmin valideynlərdir. 
 
Valideynlərin vatsap qrupları bu gün bir sıra neqativ hallara səbəb olur. Özlərini sinif rəhbəri olan müəllimə, ya da məktəb rəhbərliyinə xoş göstərmək istəyən bir, yaxud, bir neçə valideyn məhz bu cür vatsap qrupları üzərindən digər valideynlərə az qala, bullinq göstərir. Onlar kimsə ilə razılaşmadan, korporativ razılığa gəlmədən öz fərdi qərarlarını qrupda ümumi qanunauyğunluq kimi qeyd edirlər. Məsələn, “qarşıdan 8 Mart gəlir, hamı bir nəfər kimi 30 manatdan gətirməlidir”. Buradakı məbləğ şərti olaraq qeyd olunur. Amma əmin ola bilərsiz ki, il ərzində yüzlərlə, minlərlə müəllim bu cür vatsap qərarlarının qurbanı olur. Artıq bu cür valideynlər diqqətə alınmamalı, hətta bir dəfə də bu kimi neqativ işlərə qol qoyacaqları təqdirdə şagird övladına qarşı hər hansı ciddi intizam tədbirlərinin görüləcəyi ilə bağlı məlumatlanmalıdırlar.
 
Əks halda, valideyn vatsap qrupları istər 8 Mart, istər 5 Oktyabr, hətta müəllimin ad günündə hələ  çox neqativlərə yola açacaq.
 
Elə olduğu halda bizdə bəs niyə sırf valideynlərin etik davranış qaydalarını nizamlayan hər hansı bir rəsmi sənəd – Valideynlərin etik davranış kodeksləri – yoxdur? Ən azından bu rəsmi sənədin hüquqi imkanları bəzi valideynlərə vatsap qruplarındakı hegemoniyaya son qoydura biləcək. 
 
P.S. Amma əziz dostlar, vallahi-billahi, layiqli, fədakar müəllimə bir gül dəstəsi, bir simvolik hədiyyənin də verilməsi pis addım olmaz. Onların leksikonunda "dilənçi" kəlməsi heç zaman olmayacaq, ola da bilməz!
Elmin Nuri
Təhsil eksperti
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər