“Öcalanın müraciəti Ərdoğanın “kürd açılımı” layihəsinin davamıdır...”
Ekskluziv
814
03 Mar 2025 | 17:37

“Öcalanın müraciəti Ərdoğanın “kürd açılımı” layihəsinin davamıdır...”

“Həmin layihə nətciəsində dağlardan qayıtmış o kürdlər bu gün özləri müəyyən vəzifələrdə, işlərdə çalışır, övladları məktəbə gedir, yəni normal cəmiyyətə inteqrasiya olunurlar ki, bu da müsbət və yaxşı bir prosesdir. Və artıq bu cür rahat həyatı görəndən sonra onların artıq geriyə dönüşü yoxdur...”
 
“Təbii ki, bu məsələyə müxtəlif prizmadan qiymət vermək olar. Çox suallar meydana çıxır. Xüsusən də o maraq doğrurur ki, proses niyə belə sürətlə getdi və kürd qruplaşmalarının hamısı bir-birinin ardınca Öcalanın sözügedən müraciətinə müsbət yanaşdılar. Hətta özünü “PKK” yönlü hesab etməyən, amma terrorçu olan “Suriya Demokratik Qüvvələri” deyilən qruplaşma da bu çağırışı müsbət dəyərləndirdi, amma bunun onlara aid olmadığını bildirdi. Bir sözlə, proses bu şəkildə gedir”.
 
Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikri Moderator.az əməkdaşının “Terrorçu “PKK” lideri Abdullah Öcalanın tərəfdaşlarına silahı yerə qoymaq haqda son müraciətinə necə yanaşırsız? Bunun real nəticələri olacaqmı?” sualını cavablandırarkən dilə gətirib.
 
“Hesab edirəm ki, bu, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın növbəti bir planıdır. Bu müraciətin məhz Öcalan tərəfindən verilməsinin elə bir mənası yoxdur. Xeyli müddət əvvəl də onun oxşar müraciətləri olmuşdu, lakin ciddi bir nəticəsi olmadı. Belə düşünürəm ki, bu vaxtilə Ərdoğanın irəli sürdüyü “kürd açılımı” layihəsinin davamıdır. O dövrdə həmin layihəni anlamayan və qəbul etməyənlər də var idi. Amma nəticə etibarilə bu bir sıra “PKK” tərəfdarlarına, aldadılmış kürdlərə  dağlardan enib öz qanuni siyasi partiyalarını yaratmalarına imkan verdi. Və bu gün Türkiyə dövləti həmin partiyanı nəzarətdə saxlayır. Dağlardan qayıtmış o kürdlər bu gün özləri müəyyən vəzifələrdə, işlərdə çalışır, övladları məktəbə gedir, yəni normal cəmiyyətə inteqrasiya olunurlar ki, bu da müsbət və yaxşı bir prosesdir. Və artıq bu cür rahat həyatı görəndən sonra onların artıq geriyə dönüşü yoxdur. Zənnimcə, Öcalanın müraciəti ilə müşayiət olunan indiki olaylar da məhz həmin “açılım” prosesinin davamıdır”, -deyə davamında partiya sədri bildirib. 
 
“Ərdoğan özü son çıxışlarından birində bildirdi ki, son on il ərzində Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılıb və bunun ciddi nəticələri var. Zənnimcə, hazırkı proses də həmin nəticələrə uyğun olaraq hazırlanmış bir plandır. “PKK”-nın Suriyadakı qollarının da dərhal Öcalanın müraciətinə ciddi reaksiyası göstərir ki, onların da arasında ciddi iş aparılıb və onlar da yaxşı anlayıb ki, artıq Türkiyə rəhbərliyinin təklifləri ilə razılaşmaq gərəkdir. Amma sual olunur ki, bu prosesin ciddi nəticələri olacaq, yoxsa yox. Çünki hazırda kürd terror qruplaşmalarını Öcalandan daha çox xaricdən müəyyən qüvvələr idarə edir. Qərbdə, xüsusən də Avropada onlardan özlərinin siyasətlərini həyata keçirmək üçün bir alət kimi istifadə edən dövlətlər və mərkəzlər mövcuddur. Sual olunur ki, onlar bu prosesə mane olacaq, yoxsa yox... 
 
Bilirsiz ki, vaxtilə 1960-1970-ci illərdə SSRİ dövründə məhz Kremlin siyasəti nəticəsində yaradıldığından “PKK”-nın indiyədək Rusiyada da ciddi əlaqələri və mərkəzləri var. Ona görə də Türkiyə, yəqin ki, o istiqamətdə də gərəkli işlər görəcəkdir ki, terrorçu qruplaşmalara yeni  nəfəs verib fəallaşdıra biləcək həm Qərb, həm də Rusiyadakı mərkəzləri ilə əlaqələri neytrallaşdırılsın. Yadınızda olar ki, İsveç NATO-ya daxil olanda Ərdoğan o dövlət qarşısında ciddi şəkildə şərt qoydu ki, öz ərazisindəki “PKK” dayaqlarını neytrallaşdırılmasına şərait yaratsın.  Və sonda İsveç rəhbərliyi də həmin tələbi yerinə yetirməyə məcbur qaldı... Bir sözlə, sözügedən prosesə Türkiyə rəhbərliyinin uğuru olan müsbət bir proses kimi yanaşılmalıdır”, - deyə Akif Nağı vurğulayıb.
 
Sultan Laçın    
 
 
 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər