Tanınmış hüquqşünasdan Ombudsmanın təklifinə dəstək
Ekskluziv
661
15:44, Bu gün

Tanınmış hüquqşünasdan Ombudsmanın təklifinə dəstək

Əliməmməd Nuriyev: “Onlar üçün ayrıca cəzaçəkmə müəssisəsinin inşası arzuedilən olardı”

Azərbaycanda ehtiyatsızlıqdan cinayət törədənlər üçün ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması təklif olunur. Bu təklif Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Ombudsman qeyd edib ki, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin cəzalarını daha yüngül rejimli cəzaçəkmə müəssisələrində çəkməsi məqsədəuyğun olardı və xaricdə belə bir təcrübə mövcuddur.

Moderator.az-a açıqlamasında məlum təklifə münasibət bildirən tanınmış hüquqşünas Əliməmməd Nuriyev Ombudsmanın təklifini təqdir edib:

“Heç şübhəsiz bu təklifin müəyyən əsasları var. Hazırda ehtiyatsızlıqdan cinayət edənlər qəsdən cinayət edənlərlə eyni müəssisədə cəza çəkirlər. Belə olan halda qəsdən cinayət törədən şəxslərin ehtiyatsızlıqdan cinayət törədən şəxslərə müəyyən təsiri ola bilər. Bu isə ehtiyatsızlıqdan cinayət törədən şəxslərin islahına mənfi təsir göstərə bilər. Buna görə də hömətli Ombudsman belə bir təkliflə çıxış edib.

Hesab edirəm ki, bu təklifin reallaşması məqsəəduyğun olardı. Təbii ki, öncə təşkilatı-texniki tərəflər nəzərə alınmalıdır.

Hal-hazırda cəzaçəkmə müsəssisələrində müəyyən sıxlıq var. Ehtiyatsızlıqdan cinayət törədən şəxslərin cəzasını çəkməsi üçün ayrıca müəssisənin inşası və ya ayrıca bir müəssisənin ayrılması texniki baxımdan müəyyən çətinliklərə səbəb ola bilər. Amma bütün hallarda bu təklif diqqətəlayiqdir və gələcəkdə bununla bağlı uyğun qərarların qəbulu arzuediləndir”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər