Sərhədçilərimizdən bütün dünyaya insanlıq dərsi!
Ekskluziv
688
14:19, Bu gün

Sərhədçilərimizdən bütün dünyaya insanlıq dərsi!

Onlar yalnız vətən qorumur, həm də həyat qurtarır...

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hər zaman öz nümunəvi xidməti, fədakarlığı və vətənə sonsuz məhəbbəti ilə diqqət çəkdiyi, sərhəd təhlükəsizliyimizi yüksək səviyyədə təmin etdiyi heç kimə sirr deyil. Bu da sirr deyil ki, sərhədçilərimiz 44 günlük Vətən müharibəsində də aktiv iştirak etməklə işğaldakı torpaqlarımızın azadlığına böyük töhfə verib.

Sərhədçilərimizin yaxın günlərdə imza atdığı böyük fədakarlıq isə ölkəmiz üçün qürur mənbəyi olmaqla yanaşı, bütün dünya üçün sözün həqiqi mənasında örnək sayıla bilər. Söhbət Rusiya Federasiyası bayrağı altında üzən "POLA ANFİSA" yük gəmisinin kapitanı Zhelyazkov Andrey Stepanoviçin xilas edilməsindən gedir.

Xatırladaq ki, 2025-ci il fevral ayının 19-da Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında Rusiya Federasiyası bayrağı altında üzən "POLA ANFİSA" yük gəmisinin kapitanı Zhelyazkov Andrey Stepanoviçin səhhətində ciddi problem yaranması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Sərhəd Nəzarəti Komandanlıqlarına məlumat daxil olub. Bu məlumat əsasında yük gəmisinin kapitanı sərhədçilərimiz tərəfindən sərhəd gəmisinə təxliyə olunub, ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsiz şəraitdə Zirə Limanına çatdırılaraq tibbi yardım briqadasının müşayiəti ilə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, tibbi xidmətlə yüksək səviyyədə təmin edilib.

Sərhədçilərimiz Rusiyanın gəmi kapitanının həyatını xilas etməklə bir kəs daha bütün dünyaya göstərdi ki, onlar yalnız sərhədlərimizi qorumur, həm də insanlığın təhlükəsizliyinin keşiyində dayanır. Azərbaycan sərhədçisi dinindən, dilindən, irqindən, milliyətindən asılı olmayaraq, ona möhtac olan, ondan mədət uman heç kimi taleyin ümidinə buraxmır. Ona kömək etmək, onu xilas etməklə  həyata, yaşama, xeyirə vəsilə olur. Həmçinin, bununla bütün dünyaya ülvi, nəcib bir mesaj göndərir, bəşəriyyəti sülhə, xeyirə, humanizmə və həmrəyliyə səsləyir.

"POLA ANFİSA" yük gəmisinin kapitanı Zhelyazkov Andrey Stepanoviçlə bağlı yaşananlar göstərir ki, Azərbaycan sərhədçisi nəinki vətənin keşiyində ayıq-sayıq dayanır, həm də darda qalan, köməyə ehtiyacı olanlara yardım etməklə milli-mənəvi dəyərlərimizə sədaqət nümayiş etdirir. Və bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı öz sərhədçiləri ilə nə qədər fəxr etsə, azdır!

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər