“İmperiya senzurası altında yaranan milli mətbuatımız Azərbaycan Xalq Cümhuriyyəti dönəmində öz azadlığına qovuşandan sonra yeni bir dönəmə qədəm qoyub, milli dövlətçilik maraqlarımızın müdafiəsində fədakarcasına çalışıb”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra da milli mətbuatımız milli maraqlara sadiqliyini qorumağa çalışıb:
“Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatımızın inkişafında mühüm dövr oldu. Bu dönəmdə milli mətbuatımız sözün həqiqi mənasında öz azadlığına qovuşdu. Lakin sovet hakimiyyəti dövründə yenə də mətbuata senzura tətbiq edildi. Ancaq bütün bunlara baxmayaraq, milli mətbuatımız imperiya senzurası dönəmində belə milli maraqlarımıza sədaqətini qoruyub, xalqın maariflənməsi, milli dəyərlərin müdafiəsi istiqamətində mühüm işlər görüb. 1991-ci ildə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması ilə mətbuatımız da senzuradan xilas oldu və respublikamızın inkişafına ciddi töhfələr verdi.
Milli mətbuatımız bu gün də dövlətimizin, dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqdadır. Əminəm ki, özünün 150 illiyinə hazırlaşan milli mətbuatımız bundan sonra da milli maraqlarımızı qətiyyətlə müdafiə edəcək, anti-milli qüvvələrə qarşı mübarizədə öz aparıcı rolunu qoruyub saxlayacaq”.
Seymur ƏLİYEV