27 fevral 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı “Albert Aqarunov” adına təqaüdün verilməsi ilə bağlı tədbir baş tutub. “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayevin təşəbbüsü ilə ayrılan təqaüd akademik göstəriciləri yüksək olan və ictimai işlərdə fəal iştirak edən iki tələbəyə təqdim olunub. Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev, ravvin Abraham və tələbələr iştirak ediblər.
“Albert Aqarunov” adına təqaüdün təsis edilməsi, bununla bağlı Azərbaycan Dillər Universitetində keçirilən tədbir və əsası qoyulan ənənə həm təhsilimizin inkişafı, həm qəhrəmanlarımıza ehtiram, həm də vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə akademik nəticələri yüksək olan, universitetin ictimai həyatında yaxından iştirak edən mütaliəli, təşəbbüskar gəncliyi dəstəkləmək, onların təhsil şəraiti və sosial rifahının yaxşılaşdırılmasına dəstək baxımından təqdirəlayiqdir. Məlum yenilik digər gəncləri təhsilə təşviq etmək baxımından da son dərəcə əhəmiyyətlidir.
“Albert Aqarunov” adına təqaüdün təsis edilməsinin daha bir önəmi, bu addımın qəhrəmanlarımıza ehtiram, onların xatirəsiə hörmət baxımından müstəsna önəm daşımasıdır.
Heç kimə sirr deyil ki, qəhrəmanlarımızın adı ilə bağlı hər bir müsbət yenilik, hər bir yeni layihə onların kimliyi, qəhrəmanlığı, vətənimizin müdafiəsindəki rolu ilə bağlı ictimai şüura ötürülən yeni bir mesaj, yeni bir impulsdur. Hansı ki, ictimai-mənəvi əhəmiyyətli bu mesaj cəmiyyətin, xüsusilə də gənc nəslin qəhrəmanlarımızı daha yaxından tanıması, onların həyat və döyüş yoluna daha yaxından nəzər salması və milli tariximizə, hərb tariximizə daha dərindən bələd olması baxımından həyati əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovla bağlı təqaüdün təsis edilməsinin digər bir önəmi isə bu addımın gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük töhfə verməsidir.
Xatırladaq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman gənclərin milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinin önəmindən danışıb, bu faktorun xalqımızın bugünü və gələcəyi baxımından son dərəcə zəruri olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində ordumuzun erməni faşizminə qısa zamanda qalib gəlməsinin ən başlıca şərti ölkəmizdə vətənpərvər gəncliyin mövcudluğu ilə bağlı olub. “Albert Aqarunov” adına təqaüdün təsis edilməsi həm Azərbaycan Dillər Universitetinin, həm də “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının Prezidentin vətənpərvər gəncliyin yetişdirilməsi ilə bağlı tövsiyyəsini əməli fəaliyyətlərində rəhbər tutduğunu, bu tövsiyyənin reallaşması istiqamətində konkret addımlar atdığını göstərir.
İnanırıq ki, yaxın gələcəkdə digər Milli Qəhrəmanlarımızın adına da müxtəlif təqaüdlər, təltiflər təsis ediləcək və bu mükafatlar gələcək nəsillərin təhsilinə töhfə verməklə yanaşı, onların milli-mənəvi dəyərlərimizə bağlılığını da artıracaq, daha güclü, daha vətənpərvər gəncliyin formalaşmasında ciddi rol oynayacaq.
Seymur ƏLİYEV