Ekskluziv
286
27 Feb 2025 | 22:04

"Türkiyə Ukraynaya sülhməramlılar göndərməyə hazırdır" - "Bloomberg"

"Avropa ölkələri Ukrayanada sülhməramlı missiyası üçün bir neçə on min əsgər toplamaqda çətinlik çəkir..."
 
Əgər sülh razılaşmaları əldə olunarsa, onların icrasına zəmanət vermək üçün Türkiyə öz qoşunlarını Ukraynaya göndərə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
 
Türkiyə ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusuna malikdir və onun dəstəyi "soyuq müharibə"dən sonra orduları xeyli azalmış Avropa ölkələri üçün olduqca faydalı ola bilər.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında Ankarada keçirdiyi ayrı-ayrı görüşlərdə Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin Ukraynaya sülhməramlılar göndərilməsi məsələsini müzakirə edib.
 
Məsələdən xəbərdar olan şəxslərin sözlərinə görə, Türkiyə yalnız bütün məsləhətləşmələrdə və missiyanın hazırlanmasında iştirak edəcəyi təqdirdə sülhməramlı qüvvələrin tərkibinə daxil olmağa hazırdır.
 
Fransa və Böyük Britaniya da müharibə başa çatdıqdan sonra təhlükəsizliyə zəmanət vermək məqsədilə Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildirib, lakin bu təşəbbüsə ABŞ-ın dəstək verməlidir. İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard da oxşar addımı istisna etməyib.
 
Bununla belə, Avropa ölkələrinin belə bir missiya üçün cəmi bir neçə on min əsgər toplamaqda çətinlik çəkdiyi bildirilir. Ekspertlərin hesablamalarına görə, bu missiyanın effektiv icrası və Ukraynanın Rusiyanın təxribatlarından və aqressiv hərəkətlərindən tam müdafiəsi üçün 100 mindən çox hərbçi lazım ola bilər.
 
Bu vəziyyətdə quru qoşunlarının sayı təxminən 400 min nəfər olan (və eyni sayda ehtiyat qüvvəyə malik) Türkiyə ordusunun iştirakı mühüm əhəmiyyət daşıya bilər. Bununla belə, ötən həftə Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarından sonra Sergey Lavrov bəyan edib ki, Moskva NATO üzvü olan ölkələrin hərbçilərinin müharibə başa çatdıqdan sonra Ukrayna ərazisində yerləşdirilməsini qəbuledilməz hesab edir.
 
Donald Tramp bu həftə bildirib ki, Vladimir Putin Avropadan gələn sülhməramlı qüvvələrə qarşı çıxmayacaq. Buna cavab olaraq Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Lavrovun mövqeyinə əlavə edəcək bir şey yoxdur.
 
Türkiyənin Ukraynaya qoşun göndərmək ideyasına Moskva tərəfindən rəsmi cavab verilməyib. Bununla belə, bu məsələ Lavrovun son səfəri zamanı müzakirə olunub. Rusiya hökumətinə yaxın bir mənbənin "Bloomberg"ə verdiyi məlumata görə, bu məsələ hazırda prioritet hesab olunmur.
 
Vladimir Zelenski fevralın 18-də Ankarada jurnalistlərə bildirib ki, sülhə yalnız "danışıqların ədalətli olduğu və Ukraynanın, Amerikanın və bütün Avropanın danışıqlar masasında təmsil olunduğu" halda nail olmaq mümkündür. 
 
O əlavə edib: "Zəmanətlər həqiqətən onları təmin edə bilən bütün tərəflərlə birlikdə hazırlanır. Türkiyənin belə bir ölkə olması və Avropanın bir hissəsi olması ədalətlidir. Prezident Ərdoğana bu anlayışı üçün minnətdaram".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər