İrəvan “müharibə olmayacaq” deyir, xub, bəs onda bu qədər silah niyə alır?
Ekskluziv
371
13:05, Bu gün

İrəvan “müharibə olmayacaq” deyir, xub, bəs onda bu qədər silah niyə alır?

Ermənistanın baş naziri Nikol Paşinyan mediaya açıqlamasında müharibə ehtimalını inkar edib. Baş nazir qeyd edib ki, müharibə üçün heç bir səbəb və zəmin yoxdur.

Paşinyanın məlum açıqlaması rəsmi İrəvanın riyakar siyasətindən, sözü və əməli arasındakı ənənəvi təzaddan xəbər verir. Heç kimə sirr deyil ki, Cənubi Qafqazda yeni müharibə ehtimalı mövcuddur və bunun əsas səbəbi Ermənistanın 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, ölkəmizə qarşı sistemli təxribatlara rəvac verməsidir. Hansı ki, müharibə ehtimalı vaxtaşırı olaraq Prezident İlham Əliyev tərəfindən də gündəmə gətirilib. Müzəffər Ali Baş Komandan dəfələrlə bəyan edib ki, Azərbaycan düşmənin başını əzməyə hər an hazır olmalıdır.

Bölgədə müharibə ehtimalını artıran digər bir səbəb isə Ermənistanın sürətlə silahlanmasıdır. 44 günlük Vətən müharibəsindən sonra Fransa, Hindistan, ABŞ və digər ölkələrdən külli miqdarda silah-sursat, hərbi texnika alan Ermənistan, adıçəkilən ölkələrdən hərbi təlimatçılar da cəlb etməklə öz ordusunu inkiaşf etdirməyə çalışır. Və bu yerdə belə bir sual meydana çıxır: Əgər İrəvan müharibənin olmayacağından bu qədər əmindirsə, o zaman bunca silah-sursatı niyə alır?

Doğrudanmı sosial-iqtisadi böhran içində olan Ermənistan pul xərcləməyə yer tapa bilmir və bu qədər vəsaitin hərbi texnikaya xərclənməsi sadəcə təsadüfüdür?

Əlbəttə, xeyr. İrəvan yeni bir müharibə hazırlığındadır və atdığı hər bir addım Ermənistanın revanşist niyyətlərindən xəbər verir. Lakin hər zaman olduğu kimi bu dəfə də İrəvan əməldə həyata keçirdiyini sözdə inkar etməyə, beynəlxalq ictimaiyyətə aldatmağa çalışır. Halbuki, Ermənistanın müharibə hazırlıqları göz önündədir  və İrəvanın bunu inkar etməsi heç nəyi dəyişmir.

Həmçinin, Ermənistan bilməlidir ki, böyük ümidlərlə aldığı məlum silah-sursat, hərbi texnika onunla qələbə yox, fəlakət arasında körpüdür. İrəvan aldığı hər bir yeni silahla özünü məğlubiyyətə daha bir addım yaxınlaşdırır. Və İrəvanın öz aləmində gizli şəkildə hazırlaşdığı müharibə başlayanda, Ermənistan eyniylə Vətən müahribəsində olduğu kimi,  vaxt itirmədən Azərbaycana yalvarmaq üçün “sanballı vasitəçilər” axtarmalı olacaq.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər