Moderator.az xəbər verir ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ərsəyə gətirilmiş “Əsirlikdə 8 gün” bədii filminin təqdimatı keçirilib. Bədii film Xocalı soyqırımının şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin timsalında faciənin ağrılı nəticələrinə həsr olunub. Film bacı-qardaşın əsirlikdə yaşadığı dəhşətli günləri və çəkdiyi əzabları əks etdirir.
Moderator.az-a açıqlama verən mərhum Dürdanə Ağayevanın qızı Ləman Camalova bildirib ki, hələ də filmin təsirindən çıxa bilməyib:

“Filmi izlədiyim an anamın bir vaxtlar verdiyi müsahibəni mən artıq orada görürdüm. Bir tərəfdən də dözə bilmirdim. Gözümün yaşı sel kimi axırdı, dayanmırdı. Axı anam bu günləri yaşayıb. Ana morada yaşadıqlarına dözdüyü halda mən filmə baxıb dözə bilmirdim. Bu hisslər bir övlad üçün çox ağır idi. Əlbəttə ki, Könül istərdi ki, o özü burada olsun, adından danışmayım. Anam filmə baxsaydı bilmirəm nə hala düşərdi? Çünki həmişə deyərdi ki, elə bir qadın tapılarmı mənim roluma çəkilsin və obrazda olsa da belə bu işgəncələrə dözsün? Bu real həyatdan götürülsə də filmdir. Çox qarışıq duyğular yaşadım. Anamla 5 qat fəxr edirimsə, artıq filmdən sonra 10 qat fəxr etməyə başladım. Buna fəxrlər içərisində boğulmaq deyilir. Həqiqətən də bu duyğunu yaşadım. Normalda ana balasına, bala da anasına əziz olur. Amma bu qadın tək öz balasına yox, həm də bütün Azərbaycana əzizdir. Hər övlada nəsib olmur ki, sənin ananı bütün Azərbaycan sevsin. Gəlib sənin saçına tumar çəkib, ürək-dirək versin. Bu cür tək-tük insanlardan biri də mənəm. Hər dəfə müsahibə verəndə qəribə bir hiss yaşayıram ki, sanki danışan mən deyiləm, onun ruhu mənim bədənimdədir. Hər kəs mənə deyir ki, eynilə ananız kimi danışırsız. Bu gün onun ruhu çox şaddır. Çünki hər dəfə deyirdi ki, görəsən mənim haqqımda kino çəkilər? Görəsən Azərbaycan xalqı məni unutmaz? Sağ olsaydı ona deyərdim ki, ana, ruhun şad olsun, səni heç kim unutmayıb” deyə qızı bildirib.

Dürdanə Ağayevanın qızı anasının arzularından da danışıb:
“Xocalı işğaldan azad ediləndə ona dəvət gəlmişdi ki, ora getsin. Gəlib sevincək mənə dedi. Ona sual verdim ki, sən Xocalıya getməyə hazırsan? Dedi ki, hazır olsam da gedəcəm, hazır olmasam da. Onun qorxusu Əsgərandakı polis zirzəmisi idi. O Xocalıya gedəndə bir gün zəng etmədim. Bircə onu dedi ki, gələrəm evdə danışarıq, danışası halda deyiləm. Arzuları var idi, deyirdi ki, Xocalıda yaşamaq istəyirəm, nəvəmi aparmaq istəyirəm. Həmişə də deyirdi ki, Xocalıya qayıdanda bir qucaq dolusu qərənfil alıb, Qarqar çayına səpəcəm. Anama stress olmazdı. Xərçəng xəstəsi idi. Xocalıya gedib-gələndən sonra xəstəliyi daha da şiddətləndi. Anam son nəfəsində də Xocalı deyə-deyə dünyasını dəyişdi” deyə Dürdanə Ağayevanın qızı bildirib.