İrəvandan Avropa İttifaqına xitab: “Can nənə, bir nağıl danış...”
44 günlük Vətən müharibəsindəki şanlı qələbədən 5 ilə yaxın bir vaxt keçsə də, rəsmi İrəvan 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir. Post-müharibə dönəmində Ermənistanın mina terrorunu davam etdirməsi, sülh danışıqlarını süni şəkildə uzatması, sürətli silahlanmaya böyük vəsaitlər ayırması, ölkəmizə qarşı absurd iddialarla çıxış etməsi və s. İrəvanın sülhdən daha çox revanşizm haqqında düşündüyünü deməyə əsas verir.
Azərbaycanın sülh çağırışlarını qulaqardına vuran, ölkəmizlə bir masa arxasına əyləşmək istəməyn İrəvan, bugünlərdə yeni və gülünc iddia ilə çıxış edib. Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Avropa parlament üzvləri ilə görüşdə Avropa İttifaqını Cənubi Qafqazda daha aktiv olmağa, Azərbaycanla sülh prosesində vasitəçilik etməyə səsləyib.
İrəvan məhz bu nöqtədə - vasitəçilik məsələsində özünün ələ verib, əsl niyyətini ortaya qoyub. Ovvanisyanın bu çağırışı göstərib ki, vaxtilə Minsk qrupu vasitəsilə Qarabağ problemini faktiki olaraq donduran, bu müddət ərzində işğaldakı torpaqlarımızı talayan İrəvan, bu dəfə də vasitəçi maşasından istifadə edərək sülh prosesini uzatmağa, 44 günlük Vətən müharibəsinin nəticələrini diplomatik masada öz xeyrinə dəyişmək niyyətindədir. Elə buna görə də Avropa İttifaqına xitab edərək onu aktiv olmağa, vasitəçilik missiyasını üzərinə götürməyə, sülh danışıqalrı ilə bağlı yeni bir nağıl danışmağa, suyu bulandıraraq balıq tutmağa səsləyib.Hansı ki, Azərbaycan dəfələrlə bu məsələdə heç kimin vasitəçiliyinə ehtiyac olmadığını, Bakı və İrəvanın birbaşa danışıqlar yolu ilə razılığa gələ biləcəyini bəyan edib.
Ovvanisyanın məlum açıqlaması göstərir ki, hər zaman vasitəçi qlafına soxduğu himayədarları sayəsində mövcud durumdan faydalanmağa, Azərbaycana təzyiq göstərməyə, “yumşaq güc” sərgiləməyə çalışan Ermənistan, bu dəfə də eyni metodla hərb meydanıda yaşadığı məğlubiyyəti danışıqlar masasında qazanca çevirməyə çalışır. Ancaq İrəvan bilməlidir ki, Azərbaycanla sülh danışıqlarında hansısa vasitəçilərin iştirakına nail olmaq, kimlərinsə əli ilə ölkəmizə təzyiq göstərmək Ermənistanın reallaşmayan xülyalarından biri olaraq qalacaq və rəsmi Bakı bu lüzumsuz “həll metoduna” razılıq verməyəcək. Azərbaycan 44 günlük Vətən müahribəsində qələbəni vasitəsiz - öz əsgərinin qanı və canı bahasına əldə edib. İndi – qələbənin 5-ci ildönümünə doğru yol aldğı bir zamanda döyüş meydanında əldə edilən zəfərin nəticələrini hansısa vasitəçinin marağına görə müzakirə obyektinə çevirmək niyyətində deyil.
Ermənistanın vasitəsiz qələbəyə vasitəli qulp qoymaq niyyəti heç vaxt heç bir şəkildə reallaşmayacaq. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir və bu qalibiyyət döyüş meydanında olduğu kimi diplomatiya masasında da öz əksini bütün əzəməti ilə tapacaq. Həm də heç bir vasitəçi, heç bir qulp, heç bir mübahisəli məqam olmadan..
Seymur ƏLİYEV