“Azərbaycan dövləti Xocalı qatillərindən sağ qalanların hamısını tapıb cəzalandırılmalıdır. Necə? Müxtəlif yollarla. Məsələn...”
“Çox təəssüf ki, bütün bunları anlaya-anlaya yenə Rusiyaya sığınan, yenə “Rusiya güclüdür- biz ona nə edə bilərik” deyib bu azğın imperiya qarşısında alçalmağa meyilli bir kəsim var... Düşmən bizim içimizdədir...”
“Xocalı soyqırımı baş verəndə mən Bakıda idim. Həkim işləyirdim. Amma artıq tez-tez cəbhə bölgəsinə gedib-gəlirdik. Faciə baş verəndən 2-3 gün sonra isə Ağdama ezam olundum. O zaman hələ hərbi tibbi xidmət təşkil olunmamışdı və biz Ağdam rayon mərkəzi xəstəxanasında yerli həkimlərə yaralıların müalicəsi üçün yardım edirdik... Mənim ilk anladığım o oldu ki, Xocalı qətliamını məqsədli şəkildə dinc əhaliyə qarşı törədiblər. Və şübhəsiz ki, bu yalnız separatçı erməni və terrorçularının işi deyildi, bunun arxasında Rusiya faktoru var idi. 366-cı moto-atıcı alay Rusiyanın tabeliyində olan hərbi birləşmə idi və birbaşa cinayətdə iştirak etmişdi. Məqsəd qorxu, xof yaratmaq idi”.
Bunu Moderator.az-a açıqlamasında keşmiş təhlükəsizlik zabiti Ərəstun Oruclu "1992-ci ilin həmin müdhiş günləri harada idiniz, nə ilə məşğul idiniz, ilk bir neçə ayda onun səbəbləri haqda hansı nəticəyə gəlmişdiniz, indi – 33 il sonra hansı fikirdəsiniz?" sualına cavab verərkən söyləyib.
“Yaxşı xatırlayıram, həmin Ağdam ezamiyyəti zamanı bir günlük Şəmkirə gedəsi olmuşdum. O zaman həyat yoldaşım və yenicə doğulmuş kiçik oğlum orada idi. Atam-anam dedi ki, oğul, götür uşaqları apar, bizə nə olar-olar... Onu demək istəyiəm ki, Şəmkir Xocalıdan xeyli məsafədə olsa da, artıq Azərbaycanda bir xof yaranmışdı, insanlar anlayırdılar ki, onların müdafiəsi yoxdur, başlarına hər şey gələ bilər. Və Xocalı qətliamını bu şəkildə törətməkdə də məqsəd xalqımızı sındırmaq idi. İmperiya artıq 200 ildən çoxdur bu cür davranıb Azərbaycan xalqıyla. Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi də, Azərbaycanın müqavimət göstərən xanlıqlarının xanlarının ailələri ilə birgə vəhşicəsinə məhv edilməsi də, 1920-ci ildə müstəqil dövlətimizin işğal olunması da, bundan sonra Gəncədə işğalçı Qırmızı orduya qarşı üsyanın amansızcasına yatırılması da, 30-cu illərin repressiyaları da, “Ermənistan” adlanan tarixi torpaqlarımızdan soydaşlarımızın metodik şəkildə köçürülməsi də, 20 Yanvar qırğını da, Xocalı soyqırımı da, Tərtər qətliamı da - bunlar hamısı imperiya siyasətinin zəncirinin həlqələridir. Və çox təəssüf ki, bütün bunları anlaya-anlaya yenə Rusiyaya sığınan, yenə “Rusiya güclüdür- biz ona nə edə bilərik” deyib bu azğın imperiya qarşısında alçalmağa meyilli bir kəsim var... Düşmən bizim içimizdədir- mənim təsəvvürümdə bu kəsim düşməndir. Bu təslimçi kəsim, bu opportunist kəsim düşmən kəsimdir. Bu gün də elə fikirləşirəm, o zaman da elə fikirləşmişdim”, -deyə həmsöhbətimiz davamında bildirib.
“Bu gün həm də onu fikirləşirəm ki, Azərbaycan dövləti Xocalı qatillərindən sağ qalanların hamısını tapıb cəzalandırılmalıdır. Necə? Müxtəlif yollarla. Məsələn, gözümüzün önündə İsrail nümunəsi var. Görürük ki. bu dövlət özünə düşmən saydıqlarını ən müxtəlif ölkələrdə tapıb məhv edir. Azərbaycan dövləti də belə etməlidir. Çünki onlar müharibə iştirakçıları olmayıblar, onlar terrorçular olublar, onlar dinc əhaliyə, uşaqlara, qocalara, xəstələrə, qadınlara qarşı amansız soyqırımı törədiblər və onlar məhv olunmalıdırlar. Amma ən başlıcası, bütün bu addımlar elə atılmalıdır ki, Azərbaycan xalqının inamı, özgüvəni özünə qayıtsın. Bax, bu maraq varmı – onu mən bilmirəm, daha doğrusu...” – deyə Ərəstun Oruclu diqqətə çatdırıb.
Sultan Laçın