Xəbər verdiyimiz kimi, Avropa İttifaqı missiyası Qubadlı istiqamətində müşahidələr həyata keçirib.
Maraqlıdır, artıq ənənə halını alan bu cür təxribatlar hansısa mərhələdə Azərbaycanın daha sərt etirazına və adekvat addımlarına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov missiyanın fəaliyyətinin regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaratdığını bildirib:
“Mahiyyət etibarilə əhəmiyyətsiz fəaliyyət ilə məşğul olan Aİ-nın Ermənistandakı müşahidə missiyasının hərəkətləri Azərbaycanda qıcıq yaratmaqdan başqa bir işə yaramır. Kimsə bu müşahidə fəaliyyəti ilə Ermənistanın təhlükəsizliyini təmin etdiyini düşünürsə yanılır. Azərbaycan bu kimi fəaliyyətdən sadəcə özünə qarşı hörmətsizlik məntiqini çıxarır. Sərhəddin əks tərəfindən durbinlə Azərbaycan ərazilərinə boylanmaq nə Azərbaycanın təhlükəsizliyinə təhlükə olar, nə də istədiyi halda silahlanma, sərhəddə Avropanın təqaüdçü casus şəbəkəsini yığdığına görə Ermənistanı cəzalandıracağı fikrindən çəkindirə bilər. Azərbaycan uzun müddətdir ki, Ermənistanın və Aİ-nın bu fəaliyyətini səbrlə izləyir və öz etirazını bildirir. Görünən odur ki, qarşı tərəflər bu xəbərdarlığı gözardı edirlər. Buna dırnaqarası yanaşırlar. Eyni zamanda bu fəaliyyətə görə cavabsız qalacaqlarını, Azərbaycanın axıra kimi buna göz yumacağını fikirləşirlər. Azərbaycan dövləti dövlət rəhbəri səviyyəsində Ermənistan xəbərdar edib ki, Azərbaycan hesab etsə ki, onun təhlükəsizliyinə təhlükə var, onda Ermənistan ərazilərində bu təhlükənin mənbəyini yox etmək qaçılmaz olacaq. Bu, Aİ-na aiddir. Onlar öz fəaliyyətləri ilə Ermənistana süni dəstək adı altında saxta ümidlər verirlər.
Əgər günün birində Azərbaycan Ordusu Ermənistanı yenidən cəzalandıracaqsa, bunun günahkarı həm də Aİ olacaq. Azərbaycan təbii ki, hələlik xəbərdarlıq edir. Amma səbrin sonunu Ermənistan və havadarları son illərdə dəfələrlə görüblər. Ümid edirik ki, bundan son dəfə nəticə çıxaracaqlar. Azərbaycanın da sözü boşa demədiyini yaxşı bilirlər, özləri belə bunu etiraf edirlər. "Müşahidə missiyası" oyununu Ermənistan tezliklə yığışdırmalıdır. Azərbaycanın artıq buna sakit baxacağını fikirləşməsinlər. Aİ-nın indi daha böyük problemləri var. ABŞ Avropanı elə duruma salıb ki, indi Aİ-nın özünü qorumağa ehtiyac var. Arada boş işlərlə məşğul olub Ermənistanı güdaza verməsinlər. Azərbaycanı sərt və adekvat addımlar atmağa məcbur etməsinlər. Azərbaycan Ordusu hər an Ermənistanla sərhəddə təhlükəsizlik zolağı yaratmaq üçün hərəkətə keçə bilər”.
Seymur ƏLİYEV