"Netanyahu Almaniyaya rəsmi dəvət alıb, BMT Beynəlxalq Cinayət Məhkəməsi narazıdır..."
Almaniya kansleri postuna əsas namizəd, XDİ/XSİ blokunun lideri Fridrix Mers İsrail baş naziri Benyamin Netanyahunu Almaniyaya rəsmi səfərə dəvət edib.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, bununla da Mers, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail hökumət başçısına qarşı çıxardığı həbs orderini açıq şəkildə nəzərə almayıb.
Məlumatda deyilir ki, Almaniya Roma Statutunu- Beynəlxalq Cinayət Məhkəməsinin hüquqi əsaslarını təşkil edən konvensiyanı imzalayan və ratifikasiya edən ölkələrdən biridir.
Bu gün jurnalistlər qarşısında çıxış edən Mers bildirib ki, Netanyahuyla telefon danışığı zamanı onunla Almaniyada yeni hökumət formalaşdıqdan sonra görüşməli olduqlarını deyib.
Kanslerliyə namizəd İsrail baş nazirinin Almaniyaya səfər edib həbs təhlükəsi ilə üzləşməməsi üçün bir yol tapacağını vəd edib. O, həmçinin İsrail dövləti liderinin Almaniyaya səfər edə bilməməsi kimi bir vəziyyəti "cəfəng" adlandırıb.
Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Galanta qarşı qərarı
Xatırladaq ki, keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Galanta qarşı həbs orderi verib. Bu qərar, 8 oktyabr 2023 -20 may 2024-cü il tarixləri arasında törədilən "bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər" səbəbilə qəbul edilib. İsrail bu qərarı sərt tənqid edərək BCM-in qərarını "antisemit" adlandırıb.
Almaniyanın vəzifəsini tərk etməyə hazırlaşan xarici işlər naziri Annalena Berbok daha əvvəl bildirib ki, ölkə Netanyahu və Galant barədə çıxarılan həbs orderini "öyrənir". O, həmçinin vurğulayıb ki, Almaniya BCM-in yurisdiksiyasını tanıyan və beynəlxalq hüquqa hörmət edən bir dövlət kimi məhkəmənin qərarlarını icra etməyə borcludur.
Bununla belə, Almaniyanın digər rəsmi şəxsləri Netanyahu və ya Galantın ölkədə həbs edilə biləcəyi ilə bağlı açıq bəyanatlardan çəkinib. Onlar bunu Almaniyanın Xolokostla bağlı İsrail qarşısında daşıdığı "böyük tarixi məsuliyyət"lə əsaslandırıb.
Beynəlxalq Cinayət Məhkəməsinin reaksiyası
Mersin açıqlamasından sonra Beynəlxalq Cinayət Məhkəməsi Almaniyanın Netanyahunu dəvət etməsinə münasibət bildirib.
BCM nümayəndələri bəyan edib ki, konvensiyanı imzalamış dövlətlər məhkəmənin qərarlarını icra etmək üzrə hüquqi öhdəliklər daşıyır. Hər hansı ölkənin rəsmilərində bu öhdəliklərə dair şübhə yaranarsa, məsələnin BCM çərçivəsində vaxtında və effektiv həlli vacibdir.
"Məhkəmə qərarlarının hüquqi əsaslılığını dövlətlər birtərəfli qaydada müəyyən etmək səlahiyyətinə malik deyil", - Beynəlxalq Cinayət Məhkəməsinin bəyanatında bildirilib.