İş yerində qəfil ixtisarlar: Kimlərin əmək müqaviləsi ləğv oluna bilməz?
Ekskluziv
731
11:38, Bu gün

İş yerində qəfil ixtisarlar: Kimlərin əmək müqaviləsi ləğv oluna bilməz?

Təsəvvür edin ki, illərlə çalışdığınız bir iş yerində qəfil sizə deyilir ki, şirkət ixtisar aparır, sizin vəzifəniz artıq ləğv ediləcək. Əgər əmək müqaviləniz sadəcə formal bir razılaşma olsaydı, bəlkə də bunu qəbul edib işsiz qalardınız. Amma qanun bunu demir! Əmək qanunvericiliyinə görə bəzi işçilər işdən çıxarılma prosesində üstünlüyə malikdirlər, bəziləri ilə ümumiyyətlə, əmək müqaviləsi ləğv oluna bilməz. Bəs, hansı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü vardır?
 
 
Mövzu ilə bağlı Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi, hüquqşünas Yunis Xəlilov Moderator.az -a danışıb. 
 
 
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
 
İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
 
şəhid ailəsinin üzvlərinə;
müharibə iştirakçılarına;
əsgər və zabitlərin arvadına (ərinə);
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;
məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;[157]
kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallara gəldikdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən:
 
hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; 
həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
 
öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; 
məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
 
Lakin qeyd edək ki, qanunvericiliyin haqqında bəhs etdiyimiz bu müddəaları Əmək Məcəllənin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir.
 
Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
 
Müqayisə aparsaq, görərik ki, işçilərə verilən bu cür imtiyazlar başqa ölkələrin qanunvericiliyndə də vardır. Məsələn, Almaniyada işçilərin ixtisarı zamanı “Sozialauswahl” (Sosial seçim) qaydası tətbiq olunur. Yəni yaşı çox olanlar, ailəli olanlar və ya uzun müddət işləyənlər üstünlük əldə edirlər. İsveç təcrübəsi də maraqlıdır. Bu ölkədə ixtisar zaman “son gələn, ilk gedər” prinsipi tətbiq edilir, yəni işə ən son qəbul edilənlər ilk olaraq ixtisar edilir. Yaponiyada ixtias zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasında daimi işçilər, uzunmüddətli əməkdaşlar və həmkarlar ittifaqının üzvləri gəlir. Kanada isə qorunan işçilər cərgəsinə hamilə qadınlar, xəstəliyi olanlar, iş yerində insan haqları pozuntularını açıqlayanlar aiddir.
 
Beləliklə, istər Azərbaycan, istərsə də xarici ölkələrin qanunvericiliyndə işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin dairəsinin müəyyən edilməsi, eləcə də əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halların nəzərdə tutulması sosial ədalətin təmin olunmasına və cəmiyyətin həssas təbəqəsinin qorunmasına xidmət edir.
Link kopyalandı!
Son xəbərlər