Bizi sosial şəbəkələrdən izləyin:
“Artıq 10 ildən çoxdur ki, səməni cücərdirəm. İlk səmənilərim Azərbaycanın xəritələri olub. O vaxt Qarabağımız işğal altında olduğu üçün həmin əraziləri cücərtməmişdim, buğdaları quru-quru səpmişdim. Məqsədim də o idi ki, Qarabağımızın işğal altında olduğunu bütün dünya, hər kəs bilsin, görsün. Çünki orada 30 ilə yaxın idi ki, həyat, canlanma yox idi. Düşmən torpağımızı da, canlı aləmimizi də məhv etmişdi. Cücərtdiyim səmənilərimi şəhidlər xiyabanına, digər şəhidlərin məzarına aparıram. Nə qədər ki, canımda can var, gücüm çatacaq, bu missiyanı yerinə yetirəcəm”
Bunu Moderator.az-a açıqlamasında Samirə İbrahimova deyib. O daha sonra əlavə edib:
“Torpaqlarımız işğaldan azad olunandan sonra həm də xəritə səmənilərinə, Xarıbülbül səməniləri əlavə olundu. Və uzun illərdir cücərtmədiyim əraziləri də torpaqlarımız azad olunandan sonra cücərtdim. Bu il artıq istəyirəm ki, səmənilərimi işğaldan azad olunan torpaqlara da yollayım. Şuşaya, Kəlbəcərə və s. yerlərdə səmənilərimin görünməyini istəyirəm. Mən səməniləri satış məqsədilə cücərtmirəm. Tam təmənnasız cücərdirəm. Su çərşənbəsindən cücərtməyə başlayıram. Buğdaları 2 gün suda, 1 gün isə parçanın içində saxlayıram. 5 günə buğda cücərir. Bu və digər formada olan səmənilər 2 həftəyə yaşıllaşır. Buğda ilə də cücərdillər, arpa ilə də. Səməni bolluq, bərəkət rəmzidir. Bunları cücərdirəm ki, vətənimizdə ruzi-bərəkət, bolluq çox olsun. Mən əslən Kəlbəcər rayonundanam. 2 dəfə o torpaqlara getmişəm. Anadan olduğum evi də dağıdıblar, yarım tikili qalıb. 6 yaşımda çıxmışdım ordan. Ən böyük arzum budur ki, Kəlbəcərə köçək və oradakı evimizdə səməni cücərdim. O torpaqlarda yurd salsaq şəhidlərimizin ruhu da şad olacaq” deyə o bildirib.


