Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...”- Tahir Cəfərli
Ekskluziv
362
09:59, Bu gün

Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...”- Tahir Cəfərli

“İnkişaf, tərəqqi, insan azadlığına gəldikdə,  Aİ-də  nə demokratiya var, nə də insan azadlıqları...”
 
Aİ-nin parçalanmasının faydası daha çox ABŞ dövlətinin nümayəndələri ilə Ər-Riyaddakı görüşdən sonra Avrasiya İttifaqını yaratmağa daha da həvəslənən işğalçı və günü-gündən iqtisadiyyatı çökən, korrupsiyaya bələnən, kəndləri dağılan, əhalisi Putin avtoritarizmi altında inləyən Rusiyaya ola bilər...”
 
Ölkədə  və dünyada baş verənlərlə bağlı saytımıza mütəmadi açıqlamalar verən siyasi analitik Tahir Cəfərli son açıqlama və sosial şəbəkə paylaşımlarında Trampın Putinlə birgə Avropa İttifaqını dağıtmaq planı olduğunu iddia edir. Və bunu elə həvəslə deyir ki, sanki həmin İttifaqın dağılmasının Azərbaycana da böyük faydası olacaq. Əgər iqtisadi və elmi inkişaf, tərəqqi, insan azadlıqları, sərbəst gediş-gəliş və s. Avropa İttifaqı ölkələrindədirsə, Azərbaycana onun dağılmasının nə faydası ola bilər? Yəqin ki, bunun faydası daha çox ABŞ dövlətinin nümayəndələri ilə Ər-Riyaddakı görüşdən sonra Avrasiya İttifaqını yaratmağa daha da həvəslənən işğalçı və günü-gündən iqtisadiyyatı çökən, korrupsiyaya bələnən, kəndləri dağılan, əhalisi Putin avtoritarizmi altında inləyən Rusiyaya ola bilər...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında analitik söylədiklərini belə əsaslandırmağa çalışıb:
 
“Avropa İttifaqı həmişə Azərbaycanın əksinə olub. ATƏT deyilən təşkilatın sayəsində 30 ildən artıq Ermənistan Azərbaycan ərazisinin 20 %-ni zəbt edib və həmin qurum Ermənistanı hətta işğalçı da adlandırmayıb. Əksinə, keçmiş Dağlıq Qarabağı və bir neçə rayonu Ermənistana vermək tələbini qoyub. Odur ki, Prezidentimiz ATƏT-ın buraxılmasını vacib məsələ sayır... 
 
Aİ Azərbaycanla demokratiya oyunu oynamaqla  Azərbaycana təzyiq göstərmək, azad etdiyimiz torpaqları Ermənistana qaytarmaq tələbi ilə çıxış edir. Bu bir yana, Fransa, Almaniya, Böyük Britaniya və s. ölkələr Ermənistanı silahlandırır və Azərbaycan  üçün  müharibə təhlükəsi yaradır. Azərbaycan sərhədinə agentlərinin yığılması heç də onların bizə qarşı dostluğundan xəbər vermir...
 
Bir daha təkrar edirəm, Ukrayna müharibəsi bir az da davam etsə, Aİ SSRİ kimi dağılacaq. Cəhənnəmə ki, dağılsın. Bunu dağıdan isə D.Tramp olacaq, V.Putin isə dərinə getsək, bu planın icraçısıdır. Kim Putini hakimiyyətə gətirib?-Yelsin, onu kim hakimiyyətə gətirib? –ABŞ. Hesabınızı buradan götürün. İki liderin görüşü dünyanın yenidən bölüşdürülməsi və polupolyarlığın yaranmasına gətirib çıxaracaq. Dünyada ikinci soyuq müharibə başlayacaq...
      
Və sözsüz ki, bizə düşmən mövqedə olan Aİ-nın dağılmasının Azərbaycana faydası böyük olacaq. İlk növbədə Azərbaycana təhlükə yaradan Ermənistana dəstək verməkdən əl çəkəcəklər. Zəngəzur  yolu açılacaq... 
 
İnkişaf, tərəqqi, insan azadlığına gəldikdə,  Aİ-də  nə demokratiya var, nə də insan azadlıqları. Fransada anti-Makron mitinqlərinin  vəhşicəsinə dağıdılmasını yadınıza salın. Eyni mənzərələri Almaniyada, İngiltərədə, Polşada və s. ölkələrdə görmək mümkündür. Sərbəst gediş-gəlişə gəldikdə, bütün yollar olduğu kimi qalacaq. Məgər insanların harasa gedib-gəlməsi ciddi problemləri həll edir?
 
Biz Vətənimizi düşünməliyik, onun suverenliyinə təhlükə gətirən ölkələrdən qorunmalı, düzgün siyasət qurub qüvvələr balansını saxlamalıyıq. Ən əsası, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini artırmalı və dövlət başçımıza dayaq olmalıyıq...” 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər