"Siyasət sahəsində danışıqların bərpa olunmasına baxmayaraq, mədəni tərəfdaşlığın bərpası çox vaxt aparacaq..."
Rusiyanın Qərblə mədəni əməkdaşlığı zamanla bərpa olunacaq, lakin əvvəlki kimi olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy SİTA agentliyinə müsahibəsində bəyan edib.
"Mədəni əlaqələr buzu zamanla əriyəcək, amma əminəm ki, hər şey bir anda əvvəlki vəziyyətinə qayıtmayacaq. Ola bilər ki, bu fikrim qəribə səslənsin, amma əvvəlki kimi olmayacaq. Əgər hər şeyin tam əvvəlki kimi olacağını desək, bu yalan olar. Hər şey tamam başqa cür olacaq. Necə olacağını isə zaman göstərəcək”, - o, deyib.
Şvıdkoy əlavə edib ki, Rusiyanın Qərblə mədəni əməkdaşlığının bərpası uzun zaman alacaq, baxmayaraq ki, siyasət sahəsində danışıqlar artıq bərpa olunub. "Bu, uzun çəkəcək. Mənim fikrimcə, vəziyyət olduqca mürəkkəbdir", - xüsusi nümayəndə vurğulayıb.
O, həmçinin əlavə edib ki, burada çox şey Almaniyada 23 fevral 2025-ci ildə keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq. Onun sözlərinə görə, Almaniya "Rus mədəniyyətinin ənənəvi tərəfdaşı"dır.
Ölkələr arasında əməkdaşlıq
Bununla yanaşı, agentliyin həmsöhbəti bildirib ki, Ukraynada "xüsusi hərbi əmıliyyat"ın başlanması ilə Rusiyan mədəniyyətinin tam təcridə düşdüyünü demək olmaz. "Bütün bu illər ərzində Braziliya, Meksika və digər ölkələrlə fəal iş aparılıb. Tailandda Rus mədəniyyəti mövsümü keçirilib. Hazırda Cənubi Koreya ilə mədəni əlaqələrimiz var", - o, əlavə edib və Çini də bu əməkdaşlıq siyahısına daxil edib.
Bundan əlavə, Şvıdkoyun sözlərinə görə, hazırda Macarıstan, Serbiya və Slovakiya kimi ölkələrlə birgə layihələr nəzərdən keçirilir. Həmçinin, 22 aprel 2025-ci ildə Yaponiyada ənənəvi Rusiya mədəniyyəti festivalı keçiriləcək. "Son illərdə biz keçmiş Qərb tərəfdaşlarımızın davranışından asılı olmayaraq, bu böyük dünyada yaşamağı öyrəndik”, - o, vurğulayıb.
Şvıdkoy həmçinin diqqətə çatdırıb ki, müəyyən səviyyədə ABŞ və Rusiya arasında mədəni dialoq heç vaxt tamamilə dayanmayıb: Rusiyalı ifaçılar hələ də ABŞ-da konsertlər verir, eləcə də amerikalı musiqiçilər Rusiyaya səfər edir.
"Rusiyanı tərk etmiş artistlərə fərqli yanaşma olacaq..."
O, qeyd edib ki, ABŞ-la münasibətlərin bərpası və Ukrayna ilə atəşkəs əldə edilməsi halında belə, Rusiya hakimiyyəti müharibəyə qarşı çıxan rusiyalı artistlərin geri qayıtmasına sevinməyəcək.
"Ümumi bir amnistiya olmayacaq. İnsanlar ölkəni tərk edib və müxtəlif cür davranıb. Onlar kütləvi informasiya vasitələrində fərqli mövqe sərgiləyib. Mənə elə gəlir ki, açıq şəkildə Rusiya əleyhinə mövqeyi tutan şəxslərin qayıtmasına ölkədə sevinməyəcəklər", - rəsmi şəxs bildirib.
O, əlavə edib ki, ölkəni "daxili çaşqınlıq və ya məişət səbəblərinə görə" tərk etmiş şəxsləri fərqli münasibət gözləyə bilər. Lakin bunun üçün onlar müəyyən meyarlara cavab verməlidir. Şvıdkoyun sözlərinə görə, əsas şərt odur ki, belə sənətçilər "heç bir halda Rusiya əleyhinə çıxışları ilə özlərini rüsvay etməsin".
"Burada tamamilə fərqli yanaşma olacaq", - Rusiya prezidentinin xüsusi nümayəndəsi vurğulayıb. O, həmçinin əmin edib ki, Rusiyanı tərk etmiş və geri qayıtmaq istəyən hər bir sənətçinin məsələsi fərdi qaydada araşdırılacaq.
Bundan öncə sənət adamlarının Rusiyaya qayıdışı ilə bağlı hakimiyyətə yaxın olan başqa bir şəxs- aktyor və rejissor Nikita Mixalkov da fikir bildirib. O, geri qayıtmaq istəyənlərin ölkəyə lazım olduqlarını sübut etməli olduqlarını deyib.
Xatırladaq ki, genişmiqyaslı döyüş əməliyyatları başlanandan sonra müharibəyə qarşı çıxan bir çox mədəniyyət xadimi Rusiyanı tərk edib. Onlardan bəziləri, məsələn, yumorist Maksim Qalkin və həyat yoldaşı Alla Puqaçova, aktyor Anatoli Belıy və başqaları İsraildə məskunlaşıb.