“Məni neçə dəfə öldürmək istəyiblər, deyiblər ki, ay köpəkoğlu, bura gəl”- “Fəryad” filminin Xoreni
Ekskluziv
1779
22 Feb 2025 | 21:40

“Məni neçə dəfə öldürmək istəyiblər, deyiblər ki, ay köpəkoğlu, bura gəl”- “Fəryad” filminin Xoreni

“Azərbaycan kinosunun bügünkü vəziyyəti məni qətiyyən qane etmir. Nə kino var, nə aktyor, nə də ki, rejissor. “Azərbaycanfilm” kinostudiyası dağılır. 75 yaşım tamam oldu. May ayında təntənəli qeyd edəcəm. Heç kim maraqlanmır ki, ölmüşəm, qalmışam? 30-dan çox filmdə, televiziya tamaşasında çəkilmişəm. Son illərdə də “Planet Parni iz Bakı” bir neçə film çəkib, məni dəvət edib. Onlardan başqa nəsə çəkən var ki?”
 
Bunu Moderator.az-a açıqlamasında məşhur aktyorumuz, bir çox filmlərdə xarakterik rolların ifaçısı Fərəc Fərəcov deyib. O daha sonra əlavə edib:
 
“Xırdalandakı Abşeron Mədəniyyət Evində işləyirdim, indi heç yerdə çalışmıram. Evdəyəm, 410 manat pensiya ilə dolanıram. Mənim 50 illik yubileyimdə də, 60 illik yubileyimdə də fəxri ad üçün adımı yazıb göndərdilər. Sonra maraqlandım, dedilər ki, yaxın zamanlarda baxılacaq. Hətta Mədəniyyət Naziri Əbülfəs Qarayev da o vaxt demişdi ki, siz çoxdan fəxri ad almalısız, elə bilin ki, almış kimisiz. Heç nə vermədilər. İndi heç maraqlanmıram da. 5 nəfərdən 4-ü xalq artisti fəxri adını daşıyır. Tələbələrimin əksəriyyəti xalq və əməkdar artistlərdir. Hacıbaba Hüseynova deyiblər ki, sizə xalq artisti fəxri adını veriblər. Deyib ki, ala, xalq məni tanıyır da, neynirəm o adı? Heç vecimə də deyil. 1975-ci ildə Az.Dövlət İncəsənət İnstitunun dram-kino aktyoru fakultəsini başa vuraraq 1982-ci ilədək institutun foto-kino laboratoriyasının müdiri işləmişəm.  1977-79-cu illərdə Azərbaycan televizisiyasının "Səhər görüşləri" verilişində bir çox komediyalarda görkəmli gülüş ustaları Nəsibə Zeynalova, Əliağa Ağayev, Hacıbaba Bağırov, Siyavuş Aslan, Arif Quliyev və başqa tanınmış aktyorlarla tərəf müqabili olmuşam. 20 ildən artıq Abşeron rayon mədəniyyət evində fəaliyyət göstərmişəm. Musiqili Komediya xalq teatrında müxtəlif obrazlar yaratmışam. Aktrisa Kübra Dadaşova, aktyorlardan Allahverdi Yolçuyev, Qorxmaz Əlilicanzadə kimi sənətkarların yetişmələrində əməyim olub. “İrs” folklor ansamblında rejissor və aktyor kimi SSRİ-nin bir çox şəhərlərində mədəniyyətimizi təmsil etmişəm” deyə sənətkar bildirib.
Fərəc Fərəcov deyir ki, indiyə qədər heç bir rejissordan onu filmlərdə çəksinlər deyə xahiş etməyib:
 
“Mən efirlərə getməmişəm, heç kimdən nəsə xahiş etməmişəm. Heç kimə deməmişəm ki, məni çək, efirə dəvət et. Fikirləşmişəm ki, mən lazımamsa çəkəcəklər də. Niyə sözüm yerə düşsün ki? Mənim mənliyim xalq artisti fəxri adından da üstündür. Neynirəm xalq artistini? Onsuz da qiymət verən xalqım var. Toya gedirəm toy yaddan çıxır. O deyir şəkil çəkdirək, bu deyir şəkil çəkdirək. Toylara tamada kimi də getmişəm. İşimdən kənar, axşam olub. Pulun pul vaxtında 300 manata gedirdim. Mən tamada kimi şeir də demişəm, lətifə də danışmışam ki, hamı zövq alsın. Bu gün səhnəni müğənnilər, şənbül-şünbül oxuyanlar ələ alıb. Onlar da hər şeyin zayını çıxarıblar. Tamada elə-belə sənət deyil ee. Tamadaya baxanda hiss etməlisən ki, toya gəlmisən. Bir də var ki, əzbərləyir hər şeyi, orda da deyir, burda da. Bu molla deyil ee, yasini əzbərləyib orda da oxusun, burda da” deyə sənətkar bildirib. 
Fərəc Fərəcov bildirib ki, “Fəryad” filmindəki Xoren erməni rolu onu daha çox tanıdıb:
 
“Hara gedirəmsə mənə elə “Xoren” deyirlər. Filmin son səhnəsində İsmayılla məni körpünün üstündə dəyişirlər. Xoren rolundan sonra mənə nifrət çoxaldı. Neçə dəfə tutub döymək istəyiblər. Metroda tutublar ki, ermənidir. Atan yaxşı, anan yaxşı demişəm, əl çəkiblər məndən. Tutub aparıblar. Sonra deyiblər ki, üzr istə. Kişiyə demişəm ki, 71 yaşın var, özün məndən çox erməniyə oxşayırsan. Polis o qədər gülüb ki..  Tələt Rəhmanova dedim ki, bu kişi sənin qonşundur, məni tutub. O da baməzə adam idi. Dedi ki, kül onun başına, bizim binada 10 erməni var, getsin onları tutsun da (gülür). Balakəndə “Ovsunçu” filmində çəkildik, sonra Tariyel Qasımov, mən və başqa aktyorlar gəldik vağzala. Çayxanada idi. Mən də eynən Xoren kimi saqqalda idim. Getdim özümə yemək götürməyə. Uzaqdan biri dedi ki, Xoren, köpəkoğlu! Camaat ayağa durdu.. Tariyel Qasımov ayağa qalxıb dedi ki, dostumdur, bakılı balasıdır, nə Xoren? Tariyel indi harda məni görür, deyir ki, mən olmasaydım çoxdan səni öldürəcəkdilər. Ənvər Əbluc “Ağ atlı oğlan” filminin təqdimatında dedi ki, hər insanın işi deyil ki, iki filmdə nifrət qazandıran erməni rolu oynasın” deyə sənətkar bildirib.
Fərəc Fərəcov o vaxtkı çəkiliş mühitindən də danışıb:
 
“O vaxt povilyonda nə qədər filmlər çəkilirdisə hamısına gedirdik. Talon verirdilər, ümumi 3 manat idi. Bir az epizodik rollara 7 manat, 13 manat verirdilər. Böyük, görkəmli aktyorların heç biri bizə yuxarıdan aşağıya baxmırdılar. Çalışırdılar ki, bizə kömək göstərsinlər. Çünki bizim sənətimiz sərbəstliyi, səmimiliyi sevir. Aktyor nə qədər səmimi olardısa, o qədər də bacarığını biruzə verirdi. Bugünkü filmlər niyə yadda qalmır? İndi hər şey var, amma heç nə yoxdur. Baş rollarda da rejissorlar çox vaxt özlərini çəkirlər. Sənin gərək bir səriştən olsun ki, rejissor kimi nəyisə yarada biləsən. Çağırdığın aktyorlar da gərək sənə inansınlar ki, çəkdiyin film yadda qalacaq. Gənclər də deyir ki, köhnə aktyorlar bizə mane olur. Köhnələrdən də axı qalan azdır. Köhnə nə deyir? Deyir ki, hiss et, sonra oyna. Guya bizim sözlərimizi eşidən var ki? Həmin aktyorlar heç valideynlərinin sözlərini də eşitmirlər” deyə sənətkar bildirib.
 
Biz də görkəmli sənətkarımızı, mədəniyyətimiz üçün əsl fədakarlıq nümunəsi olan Fərəc Fərəcovu 75 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı arzulayırıq.
Link kopyalandı!
Son xəbərlər