Ekskluziv
650
15:22, Bu gün

"ABŞ BMT-yə Rusiyanın düzəlişi ilə Ukrayna üzrə qətnamə layihəsi təklif edib" - "Reuters"

"Bu sənəd Avropa İttifaqının təqdim edəcəyi qətnamə layihəsi ilə təzad təşkil edir və Rusiyanın istəyinə uyğundur..."
 
ABŞ Ukrayna ilə bağlı Avropa layihəsinə qarşı Rusiyanın düzəlişi ilə BMT qətnaməsini irəli sürür.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki,  cümə günü Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin üçüncü ildönümü ərəfəsində BMT-də qətnamə layihəsi təqdim edib. Bu sənəd, əslində, Ukrayna və onun Avropa müttəfiqlərinin bazar ertəsi BMT Baş Assambleyasında səsverməyə çıxarmağı planlaşdırdıqları mətnlə təzad təşkil edir.
 
ABŞ prezidenti Donald Trampın müharibənin dayandırılmasına vasitəçi olmaq cəhdi Ukrayna prezidenti Vladimir Zelenski ilə fikir ayrılıqlarına və Avropa tərəfdaşları arasında Kiyev və Avropanın sülh danışıqlarından kənarda qalma ehtimalı ilə bağlı narahatlığa səbəb olub.
 
Üç bənddən ibarət və "Reutersin" əldə etdiyi Amerika layihəsi "Rusiya-Ukrayna münaqişəsi" nəticəsində mülki əhali arasında itkilərə görə təəssüf hissini ifadə edir. O, həmçinin "Birləşmiş Millətlər Təşkilatının əsas məqsədinin beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və mübahisələrin dinc yolla həllini təmin etmək olduğunu" təsdiqləyir.
 
ABŞ-ın təklif etdiyi qətnamə "münaqişənin mümkün qədər tez dayandırılmasına və gələcəkdə Ukrayna ilə Rusiya arasında uzunmüddətli sülhə" çağırış edir.
 
Rusiya bu bəndə düzəliş təklif edərək mətnə aşağıdakı ifadəni əlavə edib: "Münaqişənin mümkün qədər tez dayandırılmasına, o cümlədən onun əsas səbəblərinin aradan qaldırılması yolu ilə və gələcəkdə Ukrayna ilə Rusiya arasında möhkəm sülhə çağırış edir".
 
Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya ABŞ təşəbbüsünü müsbət qiymətləndirərək, bunu "yaxşı addım" adlandırıb. Anonim rusiyalı diplomatın sözlərinə görə, düzəliş qəbul olunarsa, Moskva ABŞ qətnaməsini dəstəkləməyə hazırdır.
 
Nebenzya bildirib ki, amerikalı diplomatlar sənədi BMT Baş Assambleyasına təqdim etməzdən öncə onu layihənin hazırlanması barədə əvvəlcədən məlumatlandırıb. Baş Assambleyanın tərkibinə 193 ölkə daxildir.
 
Bazar ertəsi BMT Baş Assambleyası Ukrayna və Avropa İttifaqı tərəfindən hazırlanmış alternativ qətnamə layihəsini nəzərdən keçirəcək. Bu sənəd eskalasiyanın azaldılmasına, döyüş əməliyyatlarının dərhal dayandırılmasına və BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə nizamlanmaya çağırır.
 
Diplomatlar bildirib ki, Avropa İttifaqının BMT-dəki nümayəndələri cümə günü bir araya gələrək ABŞ-ın addımına reaksiyanı müzakirə etməyi planlaşdırır.
 
Son bir ay ərzində Kiyev və Brüssel BMT üzvü olan ölkələrlə fəal məsləhətləşmələr aparıb. BMT Baş Assambleyasının qətnamələri hüquqi baxımdan məcburi xarakter daşımır, lakin onların mühüm siyasi təsiri var, çünki onlar dünyada müharibəyə münasibəti əks etdirir.
 
Avropa İttifaqı və Ukraynanın nə təklif edir?
 
"Reutersin" əldə etdiyi Ukrayna və Avtopq İttifaqının birgə mətnində "bu il müharibəni dayandırmaq üçün təcili ehtiyac olduğu və gərginliyin daha da artması risklərini azaltmaq və Ukraynada hərtərəfli, ədalətli və möhkəm sülhə nail olmaq üçün diplomatik səylərin ikiqat artırılmalı olduğu" vurğulanır.
 
BMT Baş Assambleyasının əvvəlki qətnamələri ilə müqayisədə yeni mətn Rusiyaya qarşı daha yumşaq tərzdə yazılıb. Sənəddə, sadəcə, "təcavüz" ifadəsi yer alır, halbuki əvvəlki sənədlərdə Moskva daha açıq şəkildə tənqid olunub. Məsələn, 2022-ci ildə 141 səslə qəbul edilən qətnamədə BMT "Rusiya Federasiyasının təcavüzünü qəti şəkildə pisləyib".
 
Yeni qətnamədə həmçinin BMT-nin əvvəlki qərarlarının yerinə yetirilməsinin vacibliyi vurğulanır. Həmin qərarlar Rusiyanı beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazilərindən qoşunlarını çıxarmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb.
 
Müharibənin ilk ilində BMT Baş Assambleyası Moskvaya qarşı altı qətnamə qəbul edib. Ən geniş dəstəyi 2022-ci ilin oktyabrında qəbul edilən qətnamə alıb. Həmin sənəddə BMT Ukraynanın dörd vilayətinin "qanunsuz ilhaq cəhdini" pisləyib. O vaxt 143 ölkə qətnamənin lehinə səs verib.
Link kopyalandı!
Son xəbərlər