“Tramp ikinci dəfə Ağ Evə gəldikdən az sonra iki ölkə prezidentlərinin görüş təşəbbüsləri səsləndi. Lakin ayətullah Xamenei Amerika ilə danışıqları səmərəsiz hesab edərək birtərəfli şəkildə onlara qadağa qoydu. Burada bir məqam da ortalığa çıxırdı ki...”
ABŞ-nin həm ölkənin daxili, həm də bütövlükdə beynəlxalq siyasətlə bağlı əndrəbadi çıxışılarıyla seçilən və dünyada əksəriyyətin etirazlarıyla qarşılaşan yeni bir aylıq prezidentinin Donald Trampın hakimiyyətə gəlməsindən sonra İran-ABŞ münasibətlərinin bu günü və gələcəyini necə dəyərləndirmək olar? Trampın İrana təhdidlərinə ali dini rəhbər Əli Xamenei sərt cavab verdi. "Əgər onlar bizi təhdid etsələr, biz də onları təhdid edəcəyik. Əgər onlar bu təhdidi həyata keçirsələr, biz də buna qarşılıq verəcəyik"- deyə söylədi. Prezident Məsud Pezeşkian da ayətullaha dəstək verərək dedi ki, Tramp fitnəkardır. Hətta 2020-ci ildə general Qasım Süleymaninin qətlinə görə “SEPAH”-ın Trampı öldürmək planlarının hələ də gündəmdə olduğu bildirilir...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bunları söyləyib:
“Öncə onu deyim ki, Donald Trampın hələ birinci prezidentlik dövründə İranın nüvə proqramı ilə bağlı mövqeyi birmənalı sərt olub. Və həmin dövrdə o, İranla bu mövzudakı razılaşmanı birtərəfli şəkildə dayandırdı. Amma Trampa qədərki dövrdə, məsələn, Obamanın zamanında Amerikada İrana qarşı bir mülayimlik var idi, danışıqlar gedirdi. Onu da deyim ki, İranla ABŞ arasında daim gizli, qapalı görüşlər, danışıqlar olub. Bununla belə, Trampın vaxtında münasibətlər sərtləşdi. Bəli, o, 2020-ci ilin yanvarında general Qasım Süleymaninin qətli ilə bağlı qəti əmr verdi və bu, həyata keçirildi. O ki qaldı indiki dövrə, hazırda Tramp yalnız İranla bağlı deyil, ümumiyyətlə, dünyada elə bir işlər görməyə çalışır ki, tarixdə mütərəqqi, sülhpərvər Nobel mükafatı almış bir ABŞ prezidenti kimi qalsın...
Qeyd etmək lazımdır ki, İranın proksi-qüvvələrinin zərərsizləşdirilməsində də hələ ilk prezidentlik dövründən bəri Donald Trampın xeyli rolu olub. Əlbəttə, Netanyahu-Tramp və Netanyahu-Bayden dönəmlərini müqayisə edəndə görürük ki, Trampın zamanında İrana qarşı kəskinləşmə daha çox özünü büruzə verir...
Onu da vurğulamaq gərəkdir ki, Trampın Netanyahu ilə Vaşinqtonda baş tutan görüşü yalnız Yaxın Şərqdə deyil, bütövlükdə planetdə müəyyən qlobal layihələrin gələcəyini müəyyənləşdirib. İndi isə həmin layihələrin həyata keçirilməsi mərhələsinə gəlib çatmışıq. Burada qlobal məsələlər çoxdur. O cümlədən Ukrayna savaşı, İran və Çin mövzuları da gündəmdədir...
İranla bağlı isə öncə onu demək gərəkdir ki, ABŞ və İsrail öncə onun nüvə prqoqramını durdurmaq niyyətindədir. Tramp ikinci dəfə Ağ Evə gəldikdən az sonra iki ölkə prezidentlərinin görüş təşəbbüsləri səsləndi. Lakin ayətullah Xamenei Amerika ilə danışıqları səmərəsiz hesab edərək birtərəfli şəkildə onlara qadağa qoydu. Burada bir məqam da ortalığa çıxırdı ki, İranda birinci şəxs ali dini rəhbər olduğundan Trampdan fərqli olaraq Pezeşkian prezident kimi tam səlahiyyət sahibi deyil. Bir sözlə, bu görüş alınmadı...
Bəs hal-hazırda nə baş verir? Netanyahu İranın nüvə proqramının təcili şəkildə durdurulmasının tərəfdarıdır. Elə Trampın ilk prezidentlik dövründə də onun bir çox məsələlərdə Netanyahu ilə mövqeləri üst-üstə düşürdü... Və MAQATE-nin son məlumatına görə, İran artıq 60 faiz zənginləşdirilmiş 165 kq urana malikdir. ABŞ rəsmiləri deyirlər ki, Tehran cəmi "bir neçə həftə ərzində" nüvə silahı istehsal etmək gücünə çata bilər. Buna görə Tramp və Netanyahu İrana qarşı təzyiqləri daha da sərtləşdirmək fikrindədir. Onlar hesab edir ki, İran nüvə silahına yiyələnərsə, bu, Yaxın Şərqdə və ümumiyyətlə, planetdə təhlükəli bir durum yarada bilər. ABŞ prezidenti bu mövzuda son çıxışlarından birində bəyan etdi ki, İranın nüvə proqramının həll edilməsinin cəmi iki yolu var –üçüncüsü yoxdur. Birincisi dinc yoldur, yəni problemi danışıqlarla kağız üzərində həll etməkdir. İkinci isə hərbi müdaxilə yoludur. Yəni İranın nüvə obyektlərini bombalamaqdır... İndi görək Tramp bu yollardan hansını seçəcək...”
Sultan Laçın