Bu Fond Avropa xalqlarının vəsaitini təcavüzkar dövlətlərin silahlandırılmasına sərf etməklə onlara da xəyanət edir!
Avropa Sülh Fondu Ermənistana yeni tranşa hazırlaşır. Bu barədə APA agentliyi məlumat yayıb. Ayrılan budəfəki vəsaitin də Ermənistanın silahlandırılmasına sərf ediləcəyi ehtimal olunur.
Məlumat üçün qeyd edək ki, büdcəsi Avropa İttifaqına üzv ölkələrin ianəsi əsasında formalaşan Avropa Sülh Fondu, bundan öncə də Ermənistanın silahlandırılmasına böyük vəsaitlər ayırıb. Müşahidələr göstərir ki, Avropa Sülh Fondu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın silahlandırılmasında aktiv iştirak edən qurumlardan birinə çevrilib ki, bu da onun əsl missiyasından tamamilə uzaqlaşdığını göstərir. Avropada sülhün qorunmasına töhfə verməli olan Avropa Sülh Fondunun öz təyinatının əksinə olaraq müharibəni təşviq etməsi, təcavüzkar dövlətərin silahlandırılmasaına vəsait ayırması onun tənəzzülə uğradığını göstərir. Bu fakt həm də onu göstərir ki, Avropa Sülh Fondu Avropa İttifaqındakı müəyyən qüvvələrin sifarişlərini yerinə yetirən qondarma quruma çevrilib.
Avropa Sülh Fondunun Ermənistanı silahlandırması, müharibə və hərbiləşməyə vəsait ayırması bu qurumun Avropa xalqlarına da, onların mənafeyinə də xəyanət etdiyini göstərir. Öz büdcəsini Avropa xalqlarının vergisi hesabına formalaşdıran Avropa Sülh Fondu, Ermənistanı silahlandırmaqla həmin vəsaiti təyinatından kənar yerə xərcləyir. Bu isə sözügedən qurumun təftiş edilməsi üçün hüquqi əsas yaradır.
Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, Avropa Sülh Fondunun təftiş edilməsi, təcavüzkar dövlətləri silahlandırdığı üçün məsuliyyətə cəlb edilməsi vacibdir! Azərbaycan dövlətinin Cənubi Qafqazda sülh və təhlükəsizliyə zərbə vuran Avropa Sülh Fondu ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməsi də tamamilə mümkündür. İstənlən halda Azərbaycanın bu qurumun “sülh” adı altında müharibəyə milyonlar ayırmasını səssizcə seyr etməyəcəyi birmənalıdır.
Seymur ƏLİYEV