Ekskluziv
1674
21 Feb 2025 | 18:41

"Azərbaycanda rus dilinə xüsusi bağlılıq tendensiyasına qarşı ictimai qınaq  formalaşmalıdır..."

“Təəssüf ki, bu gün rus dili sovet dövründəkindən də geniş şəkildə ailələrə daxil olur...”
 
“Bu nə tendensiyadır belə? Artıq dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün qəti tədbirlər görülməlidir...”
 
Bu gün – 21 fevral  Beynəlxalq Ana Dili günüdür.  Bəs bu gün bir xalq, dövlət olaraq Azərbaycanda ana dilimiz, dövlət dilimiz olan Azərbaycan dilinə, Azərbaycan türkcəsinə olan münasibətimiz qənaətbəxşdirmi? Təəssüf ki, o qədər də yox. Ədəbi dilimizin ictimai tribunalarda xüsusən sosial şəbəkələrdə, telekanallarda, bir sıra saytlarda təhrif edilməsi ilə yanaşı, daha bir təhlükəli tendensiya uşaq və gənclərimizə  doğma dövlət dilimizdən çox, əcnəbi dillərə xüsusən də rus və ingilis dillərinə məhəbbətin aşılanmasıdır.  
 
Bu ilin əvvəlində Bakıdakı “Rus evi”ndə dövlətimizə, xalqımıza qarşı Kremldən yönləndirilən təxrubatların kiçik bir hissəsi aşkara çıxarıldıqdan sonra Azərbaycanda “Rus məktəbləri, rus dilinə həddindən artıq üstünlük verilməsi və s. Azərbaycan üçün təhlükəlidir, rus məktəbləri, rus bölmələri bağlanmalıdır və s.” fikirləri haqlı olaraq yenidən aktuallaşdı... Bəzi rusofil ziyalı hesab edilənlərimiz isə sanki fürsətdən yararlanaraq qardaş Türkiyənin dövlət dili olan türk dilinin bizim üçün təhlükə olduğunu söylədilər...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı aşağıdakı fikirləri ifadə
etdi:
 
“Rus dilinin Azərbaycan üçün təhlükəli olması və rusdilli dövlət məktəblərinin bağlanması məsələsi aktialdır. Tərəfdar olanlar da əks fikir ifadə edənlər də var. Və hesab edirəm ki, Azərbaycan artıq bu mövzuda mövqeyini ortaya qoymalıdır.  Və burada söhbət Azərbaycan və Rusiya dövlətləri arasında münasibətlərin gərginləşməsindən getməməlidir. Dövlətlərarası münasibətlər müəyyən dövrdə gərginləşə, digər bir dövrdə yumşala bilər. Bunun ümumi proseslərə o qədər də təsiri olmamalıdır.  Və bu mənada ölkədə dövlət tərəfindən maliyyələşən rusdilli məktəblərin varlığı kimi bir məsələ sadəcə beynəlxalq və daxili qanunlar əsasında həll edilməlidir...  
 
Rusiya özünün imperialist, şovinist siyasətini davam etdirmək üçün rusdilli məktəblərdən bəlkə də son vasitə kimi yararlanmağa çalışır. Yəni öz iddialarını həyata keçirmək üçün başqa bir vasitəsi qalmayıb. Ona görə də Kreml dövlətlərlə münasibətlərdə daim həmin dövlətlərdə rusdilli təhsilin varlığını bir “müsbət” göstərici kimi diqqətə çatdırır. Halbuki bu yanaşma beynəlxalq prinsiplərə də ziddir. Odur ki, Azərbaycan da öz qəti mövqeyini ortaya qoymalıdır... 
 
Hər hansı bir ölkədə xaricidilli məktəblərin olması təbiidir. Yəni vətəndaşlara xarici dil öyrənmək üçün imkanlar genişləndirilməlidir. Məsələn, Azərbaycanda ingilisdilli, yaxud alman, ərəbdilli məktəblər  də ola bilər. Amma xarici dil tədris edən məktəblərin dövlət tərəfindən maliyyələşməsi doğru deyil – belə məktəblər özəl olmalı və sayı müəyyən həddi aşmamalıdır. Əgər hansısa xarici ölkə, elə Rusiyanın özü ərazimizdə öz dövlət dilində tədris olunan məktəblərin qurulmasını istəyirsə, bunu yalnız Azərbaycan dövlətinin icazəsi və öz dövlətinin maliyyəsi hesabına edə bilər. Və yaxud ölkədə hər hansı bir iş adamının öz vəsaiti hesabına müvafiq hökumət qurumlarının icazəsi və lisenziyası əsasında rusdilli məktəb təsis etməsi də mümkündür. Dövlət səviyyəsində rusdilli və yaxud digər dilli məktəblərin maliyyələşdirilməsinə isə son qoyulmalıdır.  Bu məsələ Azərbaycan üçün həddindən artıq vacibdir. Çünki rus dilinin ölkəmizdə təbliği, tədrisi və məişətdə, hətta qeyri-rəsmi olsa da, bəzi dövlət, hökumət qurumlarında,  nazirliklərdə, müəssisələrdə  və s. işlənməsi ilə bağlı çox acınacaqlı bir vəziyyət yaranıb.  Belə düşünürəm ki, sovet dövründən də pis bir durum formalaşıb. Amma sovet dönəmində bilirdik ki, Azərbaycan rəsmən SSRİ-nin tərkib hissəsi olduğundan bilavasitə Rusiya hegemonluğunun təsiri altındadır. Və sözsüz ki, o vaxt birbaşa Moskvadan yönləndirilən bu və ya digər  siyasi-ideoloji proqram və proseslərə qarşı çıxmaq mümkünsüz idi.  Fəqət indiki şəraitdə rus dili sanki daha geniş şəkildə ailələrə daxil olur. Binada, məhlədə, küçədə, avtobusda sovet dövründə böyüyüb boya-başa çatmamış gənc ata-anaların belə, iki-üç yaşlı uşaqlarıyla şimal qonşumuzun dövlət dilində danışması Azərbaycanı, dövlətimizi sevən hər bir kəsdə təəssüf hissi doğurur. Bu nə tendensiyadır belə? Artıq dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün qəti tədbirlər görülməlidir... Bu çox ağrıdıcı, incidici bir prosesdir. Şəxsən məni bir vətəndaş, bir elm, siyasət adamı olaraq bu vəziyyət çox ağrıdır. Tanıdığım, atası da, anası da azərbaycanlı olan gənclərin öz övladlarına rus dilini xüsusi şəkildə sevdirməsi, onları rusdilli məktəblərdə oxutması çox təəccüblü və təəssüfləndirici bir haldır...
 
Xülasə, hesab edirəm ki, Azərbaycan vətəndaşlarının rus dilinə bu cür məqsədli bağlılığının qarşısı birmənalı şəkildə alınmalıdır, ictimai rəy də bu istiqamətə köklənməlidir və bu tendensiyaya qarşı ictimai qınaq da formalaşmalıdır. İlk addım olaraq rusdilli dövlət məktəbləri bağlanmalıdır ki, orada təhsil alan hər bir şagirdin valideynləri Rusiya yox, Azərbaycan dövlətinin vətəndaşı olduğunu anlasınlar. Amma bunu tədricən həyata keçirmək lazımdır- insanların hüquqlarını pozmaq olmaz.  Əgər vətəndaşlarımız orta məktəbin aşağı, yaxud yuxarı siniflərində, həmçinin ali məktəblərdə rus dilində təhsil alırlarsa, həmin təhsil müəssisələrini birdən-birə bağlamaq doğru olmaz. Bu həmin insanların taleyində məfi rol oynaya bilər. Odur ki, bu proses tədricən, mərhələli şəkildə, uyğun mexanizmlə həyata keçirilməlidir. Və rus dilində özü, yaxud övladı təhsil alan hər kəs artıq belə bir prosesin getdiyini anlamalı və ona uyğun addımını atmalı, eyni zamanda ilk növbədə özünün də, övladlarının da ilk növbədə vətəndaşı olduğu Azərbaycan dövlətinin dilini düzgün, səlist öyrənməsinin vacibliyini dərk etməlidir...”
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər