"17 nadir torpaq metallarından Ukrayna ərazisində yalnız birinin kiçik yataqları mövcuddur..."
Ukraynanın yeraltı sərvətləri arasında ABŞ prezidenti Donald Trampın əldə etməyə çalışdığı nadir torpaq metalları yoxdur.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin enerji və xammal bazarları üzrə ixtisaslaşmış köşə yazarı Xavyer Blas yazıb.
O, məqaləsində izah edir ki, nadir torpaq metalları 17 elementi, o cümlədən disproziy, prazeodim, prometium, skandium və digər maddələri əhatə edir. Lakin ABŞ Geoloji Xidmətinin məlumatına görə, Ukrayna ərazisində yalnız bu elementlərdən birinin- skandinin kiçik yataqları mövcuddur.
"Ukraynanın malik olduğu şey yandırılmış torpaqdır, malik olmadığı isə nadir torpaq elementləridir", - Blas yazır.
O, Trampın aqressiya nümayiş etdirən bir ölkə hesabına qazanc əldə etmək istəyini "ilğım" və "səfehlik" adlandırır. Blasın fikrincə, nadir torpaq elementləri ilə bağlı anlaşılmazlıq Ukrayna hakimiyyətinin bəyanatlarından qaynaqlanır.
"Trampın dəstəyini qazanmağa çalışan Ukrayna rəsmiləri ötən ilin noyabrında ölkədəki faydalı qazıntı yataqlarından bəhs edən "qələbə planı"nı təqdim edərkən səhvə yol verdilər və nəticədə vəziyyətə nəzarəti itirdilər", - köşə yazarı bildirir.
Bununla yanaşı, Blas ehtimal edir ki, Tramp özü də yanlış təsəvvür yaradıb və "nadir torpaq elementləri" deyəndə əslində "kritik əhəmiyyətli mineralları" nəzərdə tutur.
Bu baxımdan, Ukraynada titan və qaliumun sənaye yataqları, işlənməmiş litium ehtiyatları və böyük kömür yataqları mövcuddur. Bu təbii sərvətlər barədə Qərb mediası Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra yazıb və onları Vladimir Putinin Ukraynaya qarşı müharibəsinin əsas hədəfi kimi dəyərləndirib.
Nadir torpaq metalları məsələsinə qayıdaraq Blas yazır ki, bu, Vaşinqtonun müharibə aparılan bir ölkənin geoloji potensialını yanlış qiymətləndirdiyi ilk hal deyil. 2010-cu ildə ABŞ Əfqanıstanda akkumulyatorlar üçün kritik əhəmiyyət daşıyan litium yataqlarının aşkar edildiyini elan edib. O dövrdə Pentaqon Əfqanıstanı hətta "litiumun Səudiyyə Ərəbistanı" adlandırıb.
"Lakin bu, o zaman da bir çoxlarının dediyi kimi və indi hamının bildiyi kimi, tamamilə xülya olub. Ukraynanın iddia edilən sərvətləri məsələsində də eyni vəziyyət mövcuddur", - Blas qeyd edib.
2024-cü ilin noyabrında Ukrayna prezidenti Vladimir Zelenski özü Trampa faydalı qazıntılarla bağlı sövdələşmə təklif edib. Fevral ayında Kiyev ABŞ-ın maliyyə naziri Skott Bessentə ABŞ-a yataqlara prioritet çıxış imkanı verən "tərəfdaşlıq sazişi"ni təqdim edib. Xüsusilə litium və titan yataqlarının işlənməsi nəzərdə tutulub.
Fevralın əvvəlində Tramp nadir torpaq metalları barədə danışaraq, Ukraynanın bu sərvətlərinin ABŞ-ın maliyyə dəstəyinə qarşılıq olaraq təchiz etməsini istədiyini bildirib.
Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında Zelenski və ABŞ-ın vitse-prezidenti Cey Di Vens sövdələşməni müzakirə edib. Lakin ABŞ Konqresinin üzvləri sazişi təklif etdikdə, Ukrayna lideri "incə şəkildə rədd edib" və sənəddə Ukrayna üçün "konkret təhlükəsizlik zəmanətləri"nin olmadığını əsas gətirib.
Vaşinqton Zelenskinin bu qərarını "qısamüddətli düşüncə" adlandırıb və indi Tramp Ukraynanı müharibəni qızışdırmaqda günahlandıraraq, prezident seçkilərinin keçirilməsini tələb edir, yəqin ki, daha güzəştə meyilli bir liderin hakimiyyətə gələcəyinə ümid edir.
Bundan bir neçə saat əvvəl Tramp "Truth Social" sosial şəbəkəsində Zelenskinin ABŞ-ı "qazanmaq mümkün olmayan və heç başlamamalı olan" müharibəyə 350 milyard dollar xərcləməyə inandırdığını yazıb. O, Ukrayna prezidentini "seçkisiz diktator" və "uğursuz komediyaçı" adlandıraraq, daha sürətli hərəkət etməyə çağırıb, əks halda "ölkəsiz qalacağını" bildirib.