20 fevral 2025-ci il tarixində Azərbaycanın bir neçə onlayn media resursuna kütləvi kiber hücumu gerçəkləşib. Hazırda hücumun nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülür və Medianın İnkişafı Agentliyinin (MEDİA) də bununla bağlı müvafiq açıqlaması mövcuddur.
Açıqlamada hücumun mahiyyəti ilə yanaşı, oxşar halların gələcəkdə təkrarlanmaması üçün media qurumlarına yönəlik çağırış da yer alıb. MEDİA tövsiyə edib ki, media qurumları öz resurslarının mühafizəsinə daha həssas yanaşsınlar.
Maraqlıdır, onlayn media resurslarımıza kütləvi kiber hücuma səbəb nədir? Anti-Azərbaycan qüvvələri dövlətimizə qarşı duyduqları qəzəb və nifrəti niyə məhz media resurslarını sıradan çıxarmaqla sərgiləməyə çalışıb?
Bu suala cavab vermək üçün mediamızın Vətən müahribəsi və eləcə də post-müharibə dönəmindəki fəaliyyətinə, onun inkişaf tempinə nəzər salmaq kifayətdir. Yaxın keçmiş və eləcə də bu gün baş verən hadisələr göstərir ki, eyniylə Azərbaycan Silahlı Qüvvələri kimi Azərbaycan mediası da sürətlə inkişaf etməkdə, öz gücünü və peşəkarlığını artırmaqdadır. Başqa sözlə desək, bu gün media informasiya platformasında dövlətimiz üçün “beyin komandosu” rolunu oynayır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı, dezinformasiyalara qarşı çevik və effektiv mübarizə, düşmən yalanlarının operativ ifşası da məhz “beyin komandosu”nun üzərinə düşür. Elə buna görə də anti-Azərbaycan qüvvələri dövlətimizin ən güclü “silahlarından” biri olan medianı – “beyin komandosu”nu sıradan çıxarmaqla informasiya hücumları üçün əlverişli zəmin formalaşdırmağa çalışırlar. Onlar başa düşürlər ki, Azərbaycan mediası Azərbayacna yönəlik yalanlar qarşısında ən etibarlı sipərdir və bu sipəri sözlə, informasiya ilə dəlib keçmək mümkün deyil. Buna görə də, bu cür məkirli və qeyri-qanuni yollarla onu zəiflətməyə, mediamız üçün süni problemlər yaratmağa cəhd edirlər.
Onlayn media resurslarına qarşı gerçəkləşən bu hücum mediamızı sözün bütün mənalarında qorumağın son dərəcə önəmli olduğunu göstərir. Bu hücum sübut edir ki, mediamız üçün müharibə dünən olduğu kimi bu gün də bitməyib və heç şübhəsiz, sabah da bitməyəcək. Odur ki, onu qorumaq, sabahkı mübarizələrə daha güclü hazırlamaq milli maraqlarımız, informasiya təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətlidir. Bu baxımdan MEDİA-nın proseslərə çevik müdaxiləsi təqdir olunmalı, alqışlanmalıdır.
Mediamızı susdurmaq, onu sıradan çıxarmaq istəyən qüvvələr isə bilməlidirlər ki, bu niyyətlərinə heç vaxt çata bilməyəcəklər. Çünki Azərbaycan Ordusu kimi Azərbaycan mediası da mətin və yenilməzdir!
Seymur ƏLİYEV