"Tramp ukraynalıların və onların müttəfiqlərinin kabuslarını gerçəyə çevirib..."
Müharibə insanları tərəf seçməyə məcbur edir. Genişmiqyaslı işğal başlayandan bəri ABŞ dərhal Ukraynanı dəstəkləyib. Lakin Avropada bir çoxları düşünür ki, ölkənin yeni prezidenti Donald Tramp diktator Vladimir Putinin tərəfini tutub.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Cəmi yeddi gün ərzində Trampın Rusiya-Ukrayna müharibəsinə müdaxiləsi "ukraynalıların və onların müttəfiqlərinin kabuslarını gerçəyə çevirib". ABŞ prezidentinin addımları 1945-ci ildən Avropa təhlükəsizliyinin əsasını təşkil edən transatlantik münasibətləri sarsıdıb.
Avropalı siyasətçilər anlayır ki, onların dünyası köklü şəkildə dəyişib: indi onların qarşısında ən yaxşı halda skeptik, ən pis halda isə düşmən münasibət bəsləyən bir Amerika var. Əgər Trampın Avropada düşmənlər qazanmağa nə dərəcədə hazır olması ilə bağlı şübhələr var idisə, çərşənbə axşamı o, bu şübhələrə son qoyaraq Ukraynanı "müharibəni başlatmaqda" ittiham etdi.
Məqalə müəllifləri qeyd edir ki, Putinin üç il əvvəl başladığı əsassız işğalın bu cür açıq şəkildə inkar edilməsi hətta ABŞ-ın ən sadiq dostlarını belə şoka salıb. Avropalı diplomatlardan biri anonim şəkildə bildirib ki, "transatlantik alyans sona çatıb": "Biz indi Avropanı məhv etmək istəyən Rusiya prezidenti ilə Avropanı məhv etmək istəyən ABŞ prezidentinin ittifaqını görürük".
Son bəyanatında Tramp Ukrayna prezidenti Vladimir Zelenskini seçkilər keçirmədiyinə görə "diktator" adlandırıb və müharibənin nəticələrinin onu o qədər də narahat etmədiyini bildirib. Bu ritorika onun prezidentliyə qayıtdıqdan sonra Avropaya qarşı nümayiş etdirdiyi düşmənçiliklə səsləşir.
Jurnalistlər vurğulayır ki, Tramp və komandası hakimiyyətdəki ilk aylarında yeni gömrük rüsumları tətbiq edib, dəfələrlə Avropa İttifaqını sərt tənqid edib, sülh danışıqları başlamamışdan öncə Ukraynanı "satıb", Avropanın təhlükəsizliyi ilə bağlı tarixi öhdəlikləri şübhə altına alıb və Putinin beynəlxalq arenaya qayıdışını alqışlayıb.
Brüsseldə artıq yeni reallıq formalaşır: ABŞ Avropanın tərəfində deyil. Avropa Xalq Partiyası, sosialistlər və demokratlar, liberal "Avropanın yenilənməsi" və "Yaşıllar" partiyalarının liderləri bəyan edib ki, Avropa artıq ümumi dəyərlərin və maraqların qorunması üçün ABŞ-a tam güvənə bilməz. Onlar qeyd edir ki, Avropa ölkələri öz müdafiəsini təmin etmək üçün təcili tədbirlər görməli, hərbi xərcləri və Ukraynaya dəstəyi artırmalıdır.
Bəziləri isə hesab edir ki, Avropa Trampın ritorikasına həddindən artıq reaksiya verir. Lakin əgər Trampın bəyanatları sadəcə "danışıqlar üçün alət"dirsə, sual yaranır: danışıqlar nədən gedir, kimin xeyrinədir və nəticədə hansı tərəf ən böyük təzyiqi hiss edir?
Avropanın Trampın son bəyanatlarına reaksiyası
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini "diktator" adlandıraraq, Ukraynada seçkilərin keçirilmədiyini bildirib.
Almaniya kansleri Olaf Şolts isə Zelenskinin demokratik legitimliyinin inkar edilməsinin yanlış və təhlükəli olduğunu vurğulayıb. O, əlavə edib ki, genişmiqyaslı müharibəni məhz Rusiya başlayıb və Ukrayna artıq üçüncü ildir ki, Rusiya təcavüzünə qarşı mübarizə aparır.
Çexiya prezidenti Pyotr Pavel də Trampın bəyanatına münasibət bildirib. Seçkilər məsələsinə toxunan Pavel vurğulayıb ki, Ukrayna artıq üç ildir ki, nüvə dövləti olan Rusiyanın təcavüzünə qarşı mübarizə aparır.
O, həmçinin Ukraynanın ərazisinin beşdə birinin Rusiya işğalı altında olduğunu və ölkənin daimi raket hücumlarına məruz qaldığını xatırladıb. "Belə bir ölkənin prezidentini diktator adlandırmaq üçün böyük bir kinayəyə sahib olmaq lazımdır", - Çexiya prezidenti qeyd edib.