Rusiya
Ekskluziv
6062
20 Feb 2025 | 10:00

Rusiya "FSB" əməkdaşları Ermənistanda polis bölməsinə basqın etdi?..-RƏSMİ

Ermənistanda guya Rusiyanın hansısa xüsusi xidmət orqanı nümayəndələrinin polis bölmələrindən birinə soxulması məlumatlar yayılıb.

Moderator.az xəbər verir ki, "Kavkazskiy uzel" nəşrinin yaydığı məlumata görə, Rusiya təhlükəsizlik qüvvələri maneəsiz şəkildə İrəvanda polis bölməsinə daxil olaraq Rusiya vətəndaşı Roman Şkloverə təzyiq göstərib.

"2024-cü il oktyabrın 21-də İrəvanda təhlükəsizlik qüvvələri Rusiyada terrorçuluğa açıq şəkildə bəraət qazandırmaqda şübhəli bilinən Rusiya vətəndaşı Roman Şkloveri saxlayıb.

Ermənistanda bu əməl cinayət deyil və siyasi motivlərlə həbs insan haqlarının kobud şəkildə pozulmasıdır, hüquq müdafiəçisi Artur Sakunts deyib. Oktyabrın 22-nə keçən gecə Şklover azadlığa buraxılıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bildirib ki, Ermənistan hüquq-mühafizə orqanları Rusiya xüsusi xidmət orqanlarının qanunsuz hərəkətlərini dayandırmalı və onlara yardım edənləri məsuliyyətə cəlb etməlidir.

Xüsusilə hüquq müdafiəçiləri bir hüquq müdafiə təşkilatının qanuni müdafiəsi altında olan Roman Şkloveri əməkdaşlığa razı salmağa cəhd edildiyini bildiriblər. "Fevralın 13-də Roman Şkloverə İrəvan Metropoliteninin Xətti Polis İdarəsindən zəng edilib və onu izahat verməyə dəvət ediblər. Onu polis bölməsinə hüquq müdafiə təşkilatının vəkili müşayiət edib", - hüquq müdafiə təşkilatının  bəyanatında deyilir.

Polis Şkloverə bildirib ki, Rusiyada ona qarşı cinayət işi açılıb, lakin barəsində heç bir həbs qətimkan tədbiri seçilməyib. "Söhbət zamanı Rusiya təhlükəsizlik qüvvələri, ehtimal ki, "FSB" əməkdaşları polis bölməsinə soxulublar. Erməni polislərinin iştirakı ilə onlar Şkloveri könüllü olaraq onlarla birlikdə getməyə və Rusiyaya təslim olmağa razı salmağa çalışıblar və "onunla hər şey yaxşı olacaq"  vədini veriblər. Şkloverin vəkili Rusiya təhlükəsizlik qüvvələrinin qanunsuz hərəkətlərini dayandırıb", - xəbərdə belə deyilir.

Tert.am-ın yaydığı xəbərdə isə bildirilir ki, Ermənistan Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirib.
 
"Fevralın 19-da Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Rusiya Federasiyası tərəfindən axtarışda olan bir şəxsin Ermənistanda tapılması və onun polis bölməsinə dəvət olunması ilə bağlı material dərc edib və orada “Rusiya Federasiyasının təhlükəsizlik orqanlarının nümayəndələri polis bölməsinə soxulublar” cümləsi işlədilib”, qurumun yaydığı məlumatda belə deyilir.
 
DİN bildirir ki, axtarışda olan şəxs barədə hərəkətlərin sənədləşdirilməsi MDB ölkələrinin hökumət başçılarının şəxslərinin dövlətlərarası axtarışını həyata keçirən səlahiyyətli orqanlar haqqında Əsasnamə çərçivəsində aparılıb.
 
“Nəzərinizə çatdırırıq ki, “Rusiya Federasiyasının təhlükəsizlik xidmətinin nümayəndələrinin polis bölməsinə basqın etməsi” ilə bağlı iddia həqiqətə uyğun deyil. Yazıda adı çəkilən şəxs Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. O, fevralın 13-də ER Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən ER Daxili İşlər Nazirliyinin Metropoliten İdarəsinə çağırılıb.
 
MDB hökumət başçılarının şəxslərin dövlətlərarası axtarışlarının həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar haqqında Əsasnaməsi (Düşənbə, 2015) çərçivəsində Ermənistan Respublikasına ezam olunmuş Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri ER Daxili İşlər Nazirliyinin Metropoliten İdarəsində olublar. Yuxarıda göstərilən qaydaların 7-ci fəslinin 48-ci bəndinə uyğun olaraq, axtarışla bağlı göstərilən şəxsin sənədləşdirilməsi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə aparılıb və heç bir qabaqlayıcı tədbir seçilmədiyi üçün axtarışda olan şəxs azad edilib.
 
Daxili İşlər Nazirliyi əməkdaşlığa hər zaman açıqdır və mümkün dezinformasiyaların qarşısını almaq üçün ilk növbədə məlumatların dəqiqləşdirilməsi üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çağırırıq”, - deyə nazirlikdən bildirilib.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər