Xəyanət insanlar arasında tez-tez rast gəlinən hadisədir, nəticəsi də xəyanətə uğrayan üçün sarsıdıcı olur. Dövlətin dövlətə xəyanəti isə nadir hallarda rast gəlinsə də, nəticəsi yalnız xəyanətə uğrayan dövlət üçün deyil, onunla yaxın olan dövlətlər üçün də ağır, bəzən isə fəlakətlərlə müşahidə olunur. Münhen Təhlükəsizlik Konfransından sonra hələ bir az ümid vardı ki, Avropa İttifaqı ciddi müqavimət göstərər və ABŞ Ukraynaya qarşı addımlarını bir qədər korrektə edib, Rusiyanın aqressiv siyasətinə “stop” deyər. Er-Riyad görüşündən sonra ABŞ-nin nəinki Ukraynaya, eyni zamanda Avropa İttifaqına, hətta deyərdim ki, ƏDALƏT gözləyən əksər dünya dövlətlərinə də xəyanət etdiyi qənaətinə gəlmək olar.
Avropa İttifaqının cəmi 7 ölkəsinin iştirak etdiyi Paris toplantısı faktiki fiaskoya uğradı, çünki bu qurum siyasi-iqtisadi böhran içərisindədir və tezliklə də toparlanmasının mümkünsüzlüyü ortadadır. İttifaqın bütün üzvlərinin bu gün toplanacağı barədə yeni məlumatlar yayılıb, amma buradan da ciddi bir nəticənin olacağı və ABŞ-nin başlatdığı siyasətə təsir edəcəyi mümkünsüz görünür. Rusiya isə.., artıq Qırmızı meydanda faşizm və Ukrayna üzərində “qoşa qələbə”ni, daha doğrusu “pirr qələbəni” qeyd edəcəyi eyforiyasındadır, çünki Tramp faktiki olaraq Putinin Ukraynanı işğal etməsini tanıyıb, yalnız sənədləşməsi qalıb. Bu, o deməkdir ki, sabah kimsə güc yolu ilə hansısa ölkəni işğal edib üç il nəzarət edə bilərsə, hamı reallıqla razılaşmalıdır. Trampla Putinin gizli danışıqları özünü bu gün nədə göstərir?
Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələrii arasında Rusiya -Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar bitdi. İlkin verilən məlumata görə tərəflər üç mərhələdən ibarət sülh planı təklif ediblər: atəşkəs, Ukraynada prezident seçkiləri və yekun sülh müqaviləsi. Baxmayaraq ki, hər iki tərəf bu informasiyanın “feyk” olduğunu bildirdilər, amma bəzi məsələlərə aydınlıq gətirərkən açıq hiss olunur ki, Ukraynadakı prezident seçkilərinin keçirilməsi hər iki tərəfin can atdığı prinsipdir. ABŞ nümayəndələri tələsik Zelenskinin “yenidən seçilmə şanslarının olmadığını” söylədilər, Lavrov isə “ Belə davam edə bilməz. Bu adamı (yəni Zelenskini) və onun bütün komandasını ağıllandırmaq və dərsini vermək lazımdır”( hesab edirəm ki, orijinal ifadə daha sərtdir - ”урезонить, дать по рукам”)
Ukraynada prezident seçkilərinin keçirilməsi nədən hər iki tərəfin marağındadır? Bu prinsipin arxasında Kremlin sahibi Putin dayanır. Bu mərhələ və ya şərt Rusiya prezidentinin eqoizmindən doğan bir prinsipdir. Zelenski ilə bir masaya əyləşib onun əlini sıxmağı imperiya lideri özünə sığışdırmır. Dünyaya, xüsusilə də Rusiya cəmiyyətinə “aktyor-prezidentlə” bir masada oturmadığını və hansısa şəkildə geri çəkilmədiyi görüntüsünü yaratmaq istəyir. Üç ildir Rusiya ilə müharibədən geri çəkilməyən Ukrayna xalqının lideri Zelenskini, başda Vladimir Putin olmaqla bütün Rusiya sinirə bilmir və bu fiqur qarşısında hansısa güzəşt şərtini qəbul edəcəyini düşünmək belə istəmir. Yəni, sonunda güzəştə gedəcəyinin mütləq olduğunu bilir, amma bunu Zelenski qarşısında etməyi şəninə sığışdırmır. ABŞ isə Ukraynada prezident seçkilərinin keçirilməsini münaqişənin uğurlu həlli prosesinin əsas şərtlərindən biri kimi qəbul edir. ABŞ indidən şantaja əl atıb Zelenskini Qərbdən gələn yardımların müəyyən hissəsini mənimsəməkdə ittiham edərək əks təbliğata başlayacağına işarələr vurur.
Tutaq ki, Zelenskinin yenidən seçilmə şansları azdır, bəs onun komandasında başqa şanslı namizəd yoxdurmu? Əlbəttə var. Məhz ona görə də Lavrov “ bu adamı və onun bütün komandasını ağıllandırmaq və dərsini vermək lazımdır” deyəndə, tam başqa bir şəxsi ölkə prezidenti kimi görmək istədiklərini gizlətmirlər. Elə bu səbəbdən də, fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Sergey Lavrov Ər-Riyadda danışıqlarda ölkələr arasında münasibətlərdə “qıcıqlandırıcıları” aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər. Zelenskini “qıcıqlandırıcı” kimi gördüklərini isə gizlətmirlər. Rusiyanın Ukraynaya yaşatdığı üç illik fəlakətdən sonra Ukrayna xalqı arasından Rusiyaya nəinki yaxın, hətta neytral münasibətdə olan bir siyasətçi tapmaq olarmı? Ukraynada Rusiyaya olan nifrətin, qəzəbin tezliklə aradan qalxacağı mümkün deyil, bu nifrət hələ onillərlə davam edəcək.
Zelenskinin komandasında onu əvəz edə biləcək siyasi fiqur az deyil, amma müharibə illərində Ukrayna xalqının simpatiyasını qazanan daha çox hərbiçilərdir, nəinki məmurlar. Ukrayna müdafiə nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi general Kirill Budanovun xalq arasında böyük nüfuzu var. O, bunu Rusiyaya qarşı apardığı əməliyyatlarla sübut edib. Putin isə onu şəxsi düşməni bilir. Keçmiş müdafiə naziri, hazırda Böyük Britaniyada Ukraynanın səfiri Zalujnıy da ciddi siyasi fiqurlardan biri kimi qəbul edilir. Yəni, Zelenskinin siyasətini davam etdirəcək, bəlkə də ondan da sərt mövqe qoya biləcək fiqurlar var, amma üç ildir Rusiya işğalı ilə barışmaz mübarizə aparan Ukrayna prezidenti müttəfiqinin Putinlə əlbirliyi, Avropa İttifaqının isə bu gün sərgilədiyi zəif siyasətə baxmayaraq mübarizədini davam etdirir. Onun Türkiyəyə səfəri və səfərdən məmnunluq ifadə etməsi sübut edir ki, “mübarizə bu gün də var, yarın da”...
Qarşıdakı günlərdə bir sıra suallara aydınlıq gələ bilər, xüsusilə gözlənilən Tramp və Putin görüşməsindən sonra.
İlham İsmayıl