ABŞ prezidenti Donald Tramp Rusiyanın avtoritar və işğalçı rəhbərliyinə ünvanladığı tərifli bəyanatı ilə növbəti dəfə çaş-başlıq yaradıb. Bu dəfə Ağ Ev rəhbəri bəyan edib ki, Rusiya istəsə, Kiyevi tamamilə məhv edə bilər.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, Tramp Putinə ruh verən bu sərsəm fikirləri dünən - fevralın 18-də jurnalistlərlə söhbətində ifadə edib.
"Ölkə amansızcasına bombalanıb. Bir çox şəhərlər xarabalığa çevrilib. Binalar dağıdılıb", - Amerika lideri deyib.
Onun fikrincə, ruslar Kiyevi dağıtmaq istəmirdilər, çünki “istəsəydilər, bunu edərdilər”.
Yeri gəlmişkən, Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edildiyi bir vaxtda Tramp belə deyib: "Kiyevdə bu cür deyil. Məncə, onlar oraya çoxlu raket buraxmaq istəmirlər. Məhv etdilər, amma 100% yox. Əgər 100% dağıtmaq istəsəydilər, bunu edərdilər. Amma tamamilə dağıdılan şəhərlər var".
ABŞ prezidenti əlavə edib ki, Ukrayna sadəcə olaraq yer üzündən silinir.
"Baş verənlərə baxın. Elə şəhərlər var ki, orada bir dənə də olsun bina qalmayıb. Siz Qəzzanı qeyd edirsiniz. Bu şəhərlər Qəzzaya bənzəyir. Və bir çoxlarının Qəzzadan daha çox dağıntısı var", - deyə Tramp vurğulayıb.
S.Laçın