"Əgər bizim girovlar şənbə gününədək azad edilməsə, döyüşlər HƏMAS-ın məhvinədək davam edəcək..."
ABŞ prezidenti Donald Tramp HƏMAS və "İslami-Cihad" qruplaşmalarını bütün girovları azad etmədikdə Qəzza bölgəsinə qarşı
sərt tədbir görüləcəyini bəyan edib. O, qeyd edib ki, girovlar fevralın 15-dək evlərinə qayıtmalıdır.
Moderator.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
"Mən sabah günorta nə baş verəcəyini bilmirəm, - Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. - Bu mənim ixtiyarımdan asılı olsaydı, çox sərt mövqe tutardım. Amma İsrailin nə edəcəyini deyə bilmərəm".
"Hər şey Bibidən ( ABŞ-da Binyamin Netanyahuya "Bibi" deyirlər), İsrailin atacağı addımlardan asılıdır, - ABŞ lideri əlavə edib. - Ancaq başa düşdüyüm qədər onlar dəyişib, HƏMAS tamamilə dəyişib. Onlar yenidən girovları azad etmək istəyir".
Daha öncə Tramp HƏMAS-dan bütün girovları şənbə günü günorta saatlarına qədər azad etməyi tələb edib. O, bu tələbin yerinə yetirilməyəcəyi təqdirdə nə baş verəcəyini dəqiq açıqlamasa da, belə bir halda "cəhənnəmin qopacağını" vurğulayıb.
Xatırladaq ki, fevralın 10-da HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu-Ubeydə Qəzza bölgəsində fəaliyyət göstərən qruplaşmaların yeni girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəldiyini açıqlayıb. Bu girovlar fevralın 15-də evlərinə qayıtmalı idi.
Onun fikrincə, İsrail razılaşmanın şərtlərini pozub, "anklavın cənubundan şimala köçürülənlərin geri dönüşünü gecikdirib, Qəzza sakinlərinə atəş açıb və lazımi həcmdə bütün növ humanitar yardımları təmin edə bilməyib".
Ertəsi gün İsrail baş naziri Binyamin Netanyahu bəyan edib ki, əgər HƏMAS girovları vaxtında azad etməsə, İsrail Müdafiə Qüvvələri Qəzza bölgəsində döyüş əməliyyatlarını bərpa edəcək.
"Əgər HƏMAS bizim girovları şənbə günü günorta saatlarına qədər azad etməsə, atəşkəs rejimi başa çatacaq, İsrail intensiv döyüş əməliyyatlarına qayıdacaq və HƏMAS tamamilə məhv edilənə qədər onları davam etdirəcək", - Netanyahu hədələyib.
Fevralın 13-də HƏMAS vasitəçilərlə aparılan məsləhətləşmələrdən sonra razılaşmanın şərtlərinə əməl edəcəyini və girovların azad ediləcəyini təsdiqləyib.