"Ümumilikdə isə ictimaiyyət və digər KİV-lər bu məsələdə prinsipial müxalif mövqe tutmayıb..."
Amerikanın "Associated Press" xəbər agentliyinin nümayəndəsi ABŞ prezidenti Donald Trampın Ağ Evdəki Oval kabinetində keçirilən brifinqlərə buraxılmır. Bu, agentlik rəhbərliyinin Meksika körfəzi əvəzinə "Amerika körfəzi" adından istifadə etməyi rədd etməsindən sonra baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazıb.
Prezidentliyə başladıqdan bir neçə gün sonra Tramp "Amerikanın böyüklüyünü tərənnüm edən adların qaytarılması" haqqında fərman imzalayıb. Bu fərmana əsasən, Meksika körfəzi (Atlantik okeanının qərb hissəsindəki daxili dəniz) "Amerika körfəzi", Alyaskadakı Denali zirvəsi isə yenidən "Mak-Kinli zirvəsi" adlandırılıb.
Artıq "Google" və "Apple" xəritələrində "Amerika körfəzi" adı görünməyə başlayıb, ABŞ-ın rəsmi kartoqrafiyasında da dəyişikliklər edilir. Ümumilikdə, ictimaiyyət və KİV-lər, "Associated Press" istisna olmaqla, bu məsələdə prinsipial "müxalif mövqe" tutmayıb.
Nəticədə agentliyin Vaşinqtondakı müxbiri Trampın brifinqlərinə buraxılmayıb, baxmayaraq ki, Ağ Evin mətbuat xidməti tərəfindən təşkil edilən ümumi mətbuat konfranslarında iştirak etmək hüququ saxlanılıb.
Məhz belə bir mətbuat konfransında ABŞ administrasiyasının rəsmi nümayəndəsi Kerolayn Levitt jurnalistlərin tənqidlərinə cavab olaraq bildirib ki, Oval kabinetə giriş və prezidentə şəxsən sual vermək imkanı yalnız az sayda jurnalistə verilən imtiyazdır və Ağ Ev kimin dəvət olunacağına özü qərar verir.
Bundan sonra solçu jurnalistlər bunun mətbuata qarşı "qisas" olub-olmadığını soruşub. Cavabında Levitt izah edib ki, məsələ "bizim dilimiz" yox, rəsmi coğrafi adlarla bağlıdır və KİV-lər oxuculara yalan məlumat verməməlidir.
"Fakt ondan ibarətdir ki, Luiziana ştatına bitişik su hövzəsi Amerika körfəzi adlanır. Bəzi KİV-lərin bu adı işlətməkdən imtina etməsini anlaya bilmirəm, çünki reallıq budur. Daxili İşlər Nazirliyi bu adı rəsmi coğrafi siyahıya daxil edib və onun təkcə ölkəmizdə deyil, bütün dünyada möhkəmlənməsi bizim üçün çox vacibdir", - Levitt vurğulayıb.