Rusiya Afrika və Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir
Ekskluziv
599
18:06, Bu gün

Rusiya Afrika və Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir

"Qırmızı dəniz sahilində Rusiyanın hərbi-dəniz bazası açılacaq..."
 
Moskva və Xartum Sudanın Qırmızı dəniz sahilində Rusiyanın hərbi-dəniz bazasının açılması barədə razılığa gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə Sudanın xarici işlər naziri Əli Yusif Şərif Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə apardığı danışıqların yekununda açıqlama verib. Məlumatı "rbc.ru" nəşri yayıb.
 
Uzun müzakirələrdən sonra imzalanmış saziş Rusiyaya regionda strateji mövqe qazandırır və Moskvanın Afrikada, eləcə də Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirmək səylərinin bir hissəsidir.
 
"Əlavə edəcəyim bir şey yoxdur, biz bütün məsələlərdə razılaşdıq", -  o, Rusiya bazası ilə bağlı müqavilənin vəziyyəti barədə suala cavab verərkən bildirib. Danışıqlarda əsas diqqət Sudandakı hərbi-siyasi böhranın həll perspektivlərinə yönəlib.
 
Rusiya xarici işlər naziri Sergey Lavrov Sudandakı münaqişənin əsas məqamlarına geniş toxunaraq Moskvanın Sudanda vəziyyətin normallaşmasında maraqlı olduğunu və döyüşlərin tezliklə dayandırılmasını, eləcə də milli dialoqun başlanmasını dəstəklədiyini vurğulayıb. Lavrovun sözlərinə görə, bu dialoq bütün siyasi və etno-konfessional qrupları əhatə etməlidir.
 
Moskva əldə olunmuş razılaşmalarla kifayətlənmək niyyətində deyil və uzunmüddətli planlara malikdir. Lavrov qeyd edib ki, Sudandakı vəziyyət sabitləşdikdən sonra Rusiya Afrika ölkəsinin mineral ehtiyatlarının işlənməsinə dəstək verməyə xüsusi önəm verəcək.
 
Rusiya ilə Sudan arasında Sudanda Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) texniki-təchizat bazasının yaradılması barədə müqavilə hələ 2020-ci ildə, Sudanın əvvəlki hökuməti dövründə imzalanıb. Lakin həmin saziş hələ də ratifikasiya edilməyib.
 
Sənədə əsasən, bazada maksimum 300 rusiyalı hərbi qulluqçu yerləşə bilər. Eyni vaxtda Sudanın ərazisində dörd rus hərbi gəmisi ola bilər. Rusiya bunun müqabilində Sudana silah və hərbi texnika tədarük etməyi planlaşdırıb. Razılaşma 25 il müddətinə bağlanıb.
 
Lakin bu müqavilə Sudan parlamenti tərəfindən təsdiqlənməyib. 2024-cü ilin martında Sudan xarici işlər naziri Əli Sadıq Əli bu razılaşmanın Sudandakı prezident seçkilərindən sonra təsdiq olunacağını deyib. Həmin seçkilər 2024-cü ildə planlaşdırılsa da, sentyabrda 2026-cı ilin dekabrına qədər təxirə salınıb.
 
Sudanla əldə olunan yeni razılaşma Moskvanın xüsusilə Suriyada hərbi mövcudluğunu azaltdıqdan sonra Yaxın Şərqdə nüfuzunun qeyri-müəyyən vəziyyətə düşdüyü bir vaxtda Moskvanın böyük diplomatik uğurudur. Lakin Moskva ilə Xartumun hansı konkret şərtlərlə razılaşdığı hələ açıqlanmayıb.
 
Sudanlı siyasi analitik Osman Əl-Mirqani bildirir ki, Sudan ordusu rus istehsalı olan döyüş təyyarələri üçün silah, sursat və ehtiyat hissələrinə böyük ehtiyac duyur. O, danışıqları belə qiymətləndirib: "Rusiyaya hərbi-dəniz bazası təklif etmək, qarşılığında silah almaq Sudan üçün ən optimal variantdır."
 
Bununla yanaşı, Rusiya Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edir və ikitərəfli əməkdaşlıq üçün geniş gündəm hazırlamağı təklif edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin Suriyanın faktiki lideri Əhməd Əş-Şaraa ilə ilk telefon danışığında bildirib. Kreml bu söhbətin "konstruktiv, işgüzar və məzmunlu" olduğunu vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər