Ekskluziv
702
16:06, Bu gün

"Kral II Abdullah dünyanın ən böyük liderlərindən biridir" - Donald Tramp

"Kral öz qürurlu "İordaniya palıdının zirvəsində" oturub qəfil ağzını geniş açarsa, "arzulanan pendir" yerə düşəcək və ABŞ dərhal oraya milyonlarla "Qəzza qardaşını" yerləşdirəcək..."
 
Fevralın 11-də ABŞ prezidenti Donald Tramp və İordaniya kralı II Abdullah arasında Ağ Evdə görüş baş tutub. Görüş əsasən ABŞ prezidentinin Qəzza bölgəsinin əhalisini Misirə və İordaniyaya köçürmək planı ilə bağlı aqressiv təşəbbüsünə həsr olunub. Lakin gözlənilmədən Tramp ritorikasını və müraciət tonunu kökündən dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, son vaxtlar, demək olar ki, ultimativ xarakter daşıyan bəyanatlarından sonra Donald Tramp bu dəfə açıq-aşkar yaltaqlıq və hətta yağlı sözlərlə dolu yeni bir çıxış edib. Ağ Evin saytında Oval kabinetdə çəkilmiş bir video yayımlanıb. Bu videoda ABŞ prezidenti yalnız özünə məlum olan məntiqlə İordaniya xalqını "fantastik" adlandırır və onların "möhtəşəm" kralını tərifləyir.
 
ABŞ prezidenti nitqinə yas mərasimlərində olduğu kimi təntənəli başlayıb: "Böyük İordaniya xalqı, Siz inanılmaz bir xalqsınız. Mən sizə deməliyəm ki, siz fantastik bir xalqsınız, böyük istedad və enerjiyə maliksiniz. Sadəcə olaraq, sizə bildirmək istəyirəm ki, sizin çox möhtəşəm kralınız var. O, liderdir", - Tramp deyib.
 
"Onun qəlbi çox gözəldir, o, sizi çox sevir, o, ölkəsini sevir. O, işini mükəmməl görür. Kral II Abdullah dünyanın ən böyük liderlərindən biridir. Və, sadəcə, sizə demək istəyirəm ki, sizin onun kimi bir kralınız olduğu üçün çox şanslısınız. Tanrı sizə xeyir-dua versin. Sizin gözəl həyatınız və böyük kralınız var", - prezident vurğulayıb.
 
Diqqətəlayiq məqam budur ki, bu "sonsuz tərif çəlləyi"nə ABŞ lideri bir damcı belə tənqid qarışdırmayıb. Əksinə, Tramp üçün xarakterik olmayan bu ifadələr tam səmimi, açıq və təmənnasız görünüb, nə göz qırpması, nə də arxada çarpazlanmış barmaqlar olub.
 
Görünən odur ki, Donald Tramp İordaniya kralı haqqında hamıdan daha çox şey bilir. Ola bilsin ki, məhz II Abdullah Tramın şəxsi xahişi ilə İsrail və HƏMAS arasında əldə edilmiş razılaşmanın birinci mərhələsinin pozulmuş gedişatını düzəldərək, prosesləri yenidən normallaşdırıb.
 
Ən azından Ağ Ev tərəfindən yayımlanan rəsmi bəyanatda bildirilib ki, ABŞ prezidenti İordaniya kralından "bölgə liderlərinə girovlarla bağlı vəziyyətin nə qədər ciddi olduğunu çatdırmasını" xahiş edib. Lakin kralın vasitəçiliyinin səmərəliliyini sübut edən konkret faktlar yoxdur. Bununla belə, son sutka ərzində girovlarla bağlı vəziyyət həqiqətən dəyişib. Amma bu, sadəcə, təsadüf də ola bilər.
 
Bəlkə də hiyləgər və təcrübəli Tramp kralı, sadəcə, tərifləməklə onun sayıqlığını zəiflətməyə və onu özünə sərf edən qərarlar qəbul etməyə sövq etməyə çalışır. İordaniya kralı təriflərdən yumşalaraq öz qürurlu "İordaniya palıdının zirvəsində" oturub qəfil ağzını geniş açarsa, "arzulanan pendir" yerə düşəcək və ABŞ dərhal ora milyonlarla "Qəzza qardaşını" yerləşdirərək "Yaxın Şərq Rivyerası" üçün yer açacaq. Amma bunlar da, sadəcə, fərziyyələrdir.
 
Maraqlıdır ki, ABŞ prezidenti İordaniyanın ali qonağına təriflər yağdırmağa onu Ağ Evin qapısında qarşıladığı ilk dəqiqələrdən başlayıb. Əvvəlki məlumatlara görə, protokola uyğun olaraq, ABŞ prezidenti İordaniya kralı və vəliəhdi qarşılayan şəxs olub. Tramp onları salamlayıb, əl verərək görüşüb və fotolar üçün onlara istiqamət verib. 
 
Şəkil çəkilişi zamanı isə o, qısa, amma mənalı bir mətbuat brifinqi keçirməyə də vaxt tapıb. Lakin kralın yanında jurnalistlərin verdiyi birbaşa və xoşagəlməz suallara- əgər İordaniya Qəzzadan olan ərəb qaçqınlarını qəbul etməsə, Trampın nə edəcəyi ilə bağlı suallara cavab verməkdən yayınıb. Sadəcə, kralı işarə edərək çoxmənalı şəkildə deyib: "O, böyük insandır!"
Link kopyalandı!
Son xəbərlər