Ermənistan silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir
Ekskluziv
844
14:54, Bu gün

Ermənistan silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin Ermənistandan işğal dönəmində yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə tam təzminat tələb etdiyini bildirib. Nazirlik qeyd edib ki, bura həm də “Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir”.

 

Xatırladaq ki, Ermənistanın işğal dönəmində vurduğu zyana görə kompensasiya ödəməsi məsələsi hələ erməni işğalının davam etdiyi zamanlarda gündəmə gəlsə də, Vətən müharibəsindən sonra bu tələbin reallaşması üçün əlverişli zəmin formalaşdı. Müharibədə əldə etdiyi tarixi qələbə Azərbaycana imkan verdi ki, məğlub Ermənistandan vurduğu külli miqdarda ziyana görə təzminat tələb etsin və bu tələbi beynəlxalq məhkəmədə dövlətimizin qəti mövqeyi kimi ortaya qoysun.

 

Şübhəsiz, Ermənistanın vurduğu ziyana görə kompensasiya ödəməsi mütləqdir və Azərbaycan heç bir halda öz haqlı tələbindən imtina etməyəcək. Lakin görünən odur ki, İrəvan hələ də üzləşdiyi durumun kritikliyini anlamış deyil. Əgər belə olmasaydı, o zaman Ermənistan silah almaq yox, təzminat ödəmək haqqında düşünər, Fransa və digər Qərb ölkələrinin qapısını bu niyyətlə döyərdi. Lakin Vətən müharibəsindən sonra yaşananlar göstərir ki, Ermənistan vurduğu ziyanı ödəmək haqqında yox, yeni ziyanlar vurmaq, yeni avantüralara imza atmaq haqqında düşünür. İrəvan hələ də hesab edir ki, öz havadarlarının dəstəyi ilə Azərbaycana təzminat ödəməkdən hansısa şəkildə yayına, Vətən müharibəsindən sonra regionda yaranan yeni status-kvonu qismən də olsa dəyişə biləcək. Halbuki, bütün bunların İrəvanın növbəti xülyasından başqa bir şey olmadığı şübhəsizdir.

 

Azərbaycan Qarabağın azadlığına nail olduğu kimi, Ermənistandan vurduğu ziyana görə təzminatın alınmasına da nail olacaq, bu vəsaiti Qarabağımızın çiçəklənməsinə, onun yüksəliş və tərəqqisinə yönəldəcək. Və bununla bir kəs daha sübut edəcək ki, nə Ermənistan, nə də onun havadarları Azərbaycanın haqq işinin qarşısını almağa, onu dayandırmağa, geri addım atmağa vadar etməyə qadir deyil.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər