Bizi sosial şəbəkələrdən izləyin:
“Anam Gülarə Cabbarlı 1930-cu ildə fevral ayının 11-də anadan olub. 2018-ci ildə fevral ayının 12-də dünyadan köçüb. Anam dünyasını dəyişəndə 88 yaşı idi. Cəfər Cabbarlı da, yoldaşı Sona xanım da, oğlu Aydın Cabbarlı da hamısı ürək xəstəliyindən dünyasını dəyişiblər. Gülarə xanımın da ürəyi zəif idi. Ürək çatışmazlığı xəstəliyi artıq onların genlərində var idi. 1979-cu ilə qədər Gülarə xanım Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində elmi işçi kimi fəaliyyət göstərib. Həmin muzeydə Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım da 25 il direktor işləyib. Amma 1979-cu ildə Cəfər Cabbarlı və bir çox ev muzeylərinin açılması, təşkili ilə bağlı Ulu Öndər Heydər Əliyevin sərəncamı oldu. O sərəncam veriləndən sonra Cəfər Cabbarlı ev muzeyi təşkil olunmağa başladı”
Bunu Moderator.az-a açıqlamasında Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Qəmər Bağırova (Seyfəddinqızı) deyib. O daha sonra əlavə edib:
“Bizim muzeyin əsas məqsədi Cəfər Cabbarlının yaradıcılığını, həyatını, ədəbi irsini öyrənməkdir. Əsas işlərimiz bu istiqamətdədir. Gülarə xanım da o illərdə böyük zəhmət çəkirdi. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz Gülara Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunmuşdur. Muzeyin bir sıra layihələrinin uğurla həyata keçirilməsində Gülara xanımın böyük əməyi olmuşdur. Bizim muzeyimiz Sovet hakimiyyəti illərində açılmışdı. Sovet illərində də Cəfər Cabbarlı yaradıcılığının bir sıra məqamları gizlin saxlanılırdı. Bilirsiniz ki, Cəfər Cabbarlının o dövrdə həm parlamentdəki fəaliyyəti, sonra onun həbslərdə olarkən məhbəs yaradıcılığı, onun Müsavat partiyasının fəal üzvü kimi Sovet dövründə gizlin saxlanılırdı. Əlbəttə ki, muzey açılanda bütün bu məlumatlar verilmirdi. Cəfər Cabbarlı Azərbaycan Sovet dramaturgiyasının banisi kimi təbliğ olunurdu. Müstəqillik qazanandan sonra bizim muzeyimizin əsas işlərindən biri kimi o oldu ki, Cəfər Cabbarlının yaradıcılığının, həyatının gizli qalan məlumatları ictimaiyyətə çatdıraq. Onunla bağlı olan eksponatları da çalışdıq ki, üzə çıxaraq. Gülarə xanımın bu sahədə də böyük işləri olub” deyə ədibin nəvəsi deyib.
![](//ssl.moderator.az/file/articles/2025/02/13/1739440725_whatsapp-image-2025-02-13-at-12.11.52.jpeg)
O anasının son günlərini belə izah edib:
“Gülarə xanım dünyasını dəyişəndə 88 yaşı var idi. Elə bir gün olmurdu ki, atasını xatırlamasın, köhnə, əvvəlki illəri yadına salmasın. Axır vaxtlar o çoxlu şeirlər deyirdi. Mən gəlib görürdüm ki, öz-özünə Cəfər Cabbarlının şeirlərini deyir. Soruşanda da deyirdi ki, atamın şeirlərini oxuyuram, görüm yadımda qalıb ya yox? “Ana” şeirini demək olar ki, o yaşında elə əzbərdən oxuyurdu. Cəfər babamın bir neçə şeirləri var ki, görürdüm ki, anam əzbərdən oxuyur. Hər dəfə də deyirdi ki, necə olub mənim atam 35 yaşında bu qədər iş görüb? Sanki təəccüblənirdi” deyə Gülarə Cabbarlının qızı Qəmər Seyfəddinqızı deyib.