Ekskluziv
836
12 Feb 2025 | 17:52

"Dünya sanki sıyıq dolu qazanda qaynayır" - Kim Çen İnn

"ABŞ-ın yeganə supergüc olduğu birqütblü dünya dövrü artıq bitib..."
 
Şimali Koreyanın dövlət mediası ABŞ prezidenti Donald Trampın Qəzza bölgəsini ələ keçirib fələstinliləri köçürmək təklifini sərt tənqid edərək bunu "lovğalanma" adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KSNA) məlumat verib. Məlumatı "kbs.co" nəşri yayıb.
 
"ABŞ-ın bu sensasiyalı bəyanatı səbəbindən dünya indi sanki sıyıq dolu qazanda qaynayır", - agentlik qeyd edib, ammaTrampın adını birbaşa çəkməyib.
 
KCNA vurğulayır ki, Qəzza ilə bağlı plan "ABŞ-ın qətl və amansız talan hesabına mövcud olmaq qabiliyyətini" və həmçinin "dünya hökmranlığını qurmaq məqsədilə hegemon və ekspansionist ambisiyalarını" açıq şəkildə nümayiş etdirir. "Bu məsələ yalnız Qəzza ilə məhdudlaşmır", - agentlik bildirir.
 
Bundan sonra Şimali Koreyanın dövlət xəbər agentliyi ABŞ administrasiyasını beynəlxalq hüquq və prinsipləri tapdalamaqda ittiham edir. Trampın Qrenlandiyanı almaq təklifi, Panama kanalını geri qaytarmaq tələbi və Meksika körfəzini Amerika körfəzi adlandırmaq cəhdləri bu iddialara misal kimi göstərilir.
 
"ABŞ-ın yeganə supergüc olduğu birqütblü dünya dövrü artıq bitib", - KCNA vurğulayaraq Vaşinqtonu "öz anaxronik xülyalarından oyanmağa və digər ölkələrin ləyaqətinə və suverenliyinə qarşı hücumlarını dərhal dayandırmağa" çağırır.
 
"Düzgün həll torpaq alveri deyil, siyasi həll yoludur..."
 
Fransa prezidenti Emmanuel Makron da Trampın Qəzza sakinlərinin kütləvi şəkildə köçürülməsi ideyasını rədd edərək "fələstinlilərə və onların ərəb qonşularına hörmət edilməli olduğunu" bildirib. "İki milyon insana belə deyə bilməzsiniz: "Yaxşı, indi nə baş verdiyini təxmin edin? Siz köçürülürsünüz", - Makron CNN-ə verdiyi müsahibədə qeyd edib.
 
Fransa İsrailin özünü müdafiə hüququnu açıq şəkildə dəstəkləsə də, Makron Qəzza və Livandakı hərbi əməliyyatlar zamanı İsrailin siyasətini açıq şəkildə tənqid edib. O, 2024-cü ilin oktyabrında İsrail ordusuna silah ixracını dayandırıb və digər ölkələri də bu addımı atmağa çağırıb.
 
"Mən İsrail baş naziri Netanyahu ilə həmişə razı olmadığımı bildirmişəm. Və yenə də inanmıram ki, mülki əhalini hədəf alan bu cür genişmiqyaslı əməliyyat düzgün cavabdır. Düzgün həll torpaq alveri deyil, siyasi həll yoludur", - prezidenti əlavə edib.
 
O, Qəzzanın bərpasına yönəlmiş hər hansı bir həll yolunun insanların və ölkələrin hüquqlarına hörmətsizlik anlamına gəlmədiyini qeyd edib. Makron həmçinin vurğulayıb ki, fələstinlilər öz torpaqlarında qalmaq istəyir və nə İordaniya, nə də Misir böyük miqdarda qaçqını qəbul etməyə hazır deyil.
Link kopyalandı!
Son xəbərlər