Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində dünyanın müxtəlif bölgələrində gərginlik və qarşıdurma yaradan qüvvələri ifşa edib, bütün bu münaqişələrin imperialist keçmişi olan dövlətlərin dominantlıq istəyindən irəli gəldiyini bildirib. Dövlət başçısı müsahibəsində deyib:
“Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.
Prezident İlham Əliyevin imperiya keçmişi olan dövlətlərlə bağlı bu təsbiti son dərəcə dəqiq və faktlarla zəngindir. Bu ittihamən nə qədər əsaslı olduğunu anlamaq üçün bəzi Qərb dövlətlərinin Cənubi Qafqazla bağlı siyasətinə nəzər salmaq kifayətdir.
30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan, ölkəmizə qarşı mina terroru həyata keçirən və faşizmin bütün təzahürlərini nümayiş etdirən Ermənistan, bu gün Fransa tərəfindən aktiv şəkildə silahlandırılır ki, bu da rəsmi Parisin Cənubi Qafqazda liderliyini ələ keçirmək, mövqe sahibi olmaq istəyindən xəbər verir. Cənubi Qafqaz xalqlarının qanı və canı hesabına öz imperiya siyasətini həyata keçirməyə çalışan Fransa, bölgədə yeni hərbi qarşıdurma yaratmaqla dövlət maraqlarını təmin etmək üçün əlverişli zəmin formalaşdırmağa can atır. Hansı ki, Fransanın imperiya tarixi onun oxşar şəkildə saysız-hesabsız qanlı-əməllərə imza atdığını göstərir.
Fransanın dənizaşırı xalqlarla bağlı yürütdüyü siyasət – onların azadlıq istəyini qan gölündə boğmaq cəhdləri rəsmi Parisin hələ də imperiya ambisiyalarından əl çəkmədiyi isbatlayır. Vaxtiylə Əlcəzairdə, Vyetnamda və daha onlarla ölkədə soyqırımları həyata keçirən Fransa, bu kəs eyni əməlləri fərqli coğrafiyalarda fərqli dövlətlərin əli ilə reallaşdırmağa cəhd edir. Onun bu siyasətini ifşa edən Azərbaycanı isə böhtan və qarayaxma kampaniyaları, siyasi təhdidlər vasitəsilə geri çəkilməyə, mənəvi-psixoloji baxımdan tərk-silah etməyə çalışır. Halbuki, Azərbaycanın heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcəyi gerçəyi hər kəsə məlumdur. 44 günlük Vətən müharibəsi, post-müharibə dönəmində baş verən diplomatik qarşıdurmalar və bütün bu mübarizələr fonunda Prezident İlham Əliyevin sərgilədiyi əzmkar mövqe bunun ən böyük təsdiqidir.
Müzəffər Ali Baş Komandanın Çinin “CGTN” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər daha bir həqiqəti yada salır. Bu həqiqət isə illərin, əsrlərin ötüb-keçməsinə baxmayaraq, dünyamızda nə qurbanların, nə də qatillərin dəyişmədiyi gerçəyidir. Vaxtiylə öz yaşamını digər xalqların məhvi və istismarı hesabına təmin etməyə çalışan imperialist dövlətlər, bu gün də eyni yolla öz yaşamlarını davam etdirmək niyyətindədirlər. Lakin onların nəzərə almadıqları bir reallıq var. Bu da ötən əsrlərdən fərqli olaraq vaxtiylə əzilən, müstəmləçəkilik siyasətindən əziyyət çəkən xalqların bu gün daha güclü, daha mətin, daha həmrəy olması gerçəyidir. Azərbaycanın Yeni Kaledoniya da daxil olmaqla dənizaşırı xalqlara verdiyi dəstək buna nümunədir. Və Azərbaycan örnəyi göstərir ki, imperialist dövlətlərin yeni dövrdə köhnə məqsədlər uğrunda mübarizəsi nəticə etibarilə onların özünə baha başa gələcək, bu dövlətlərin ifşası və məyusluğu ilə nəticələnəcək.
Seymur ƏLİYEV