"İran mənəvi dəyərləri, din və inancı qorumaq sahəsində digər ölkələrə nümunədir..."
Tehranda İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə genişmiqyaslı bayram tədbiri keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə "eurasiyatoday.ru" nəşri məlumat yayıb.
Bu gün İran xalqı 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvinin devrilməsindən sonra Ayətullah Xomeyninin rəhbərliyi ilə ölkənin İslam Respublikasına çevrildiyi tarixi hadisələri xatırlayır. Bu hadisələr təkcə İranın deyil, bütün Qərbi Asiyanın siyasi mənzərəsini köklü şəkildə dəyişib.
Səhər saatlarından "Engelab" və "Azadi" küçələrində minlərlə insan bir araya gələrək birlik və həmrəylik nümayiş etdirib. Kişilər, qadınlar, uşaqlar və yaşlılar soyuq havaya baxmayaraq yürüşə qatılaraq islam rejiminə və inqilab dəyərlərinə dəstəklərini ifadə edib. Yürüş iştirakçılarının çoxu İran bayraqları və anti-Amerika, anti-İsrail şüarları yazılmış plakatlar daşıyıb. "Azadi" meydanında isə İran raketlərinin maketləri sərgilənib.
İran prezidenti Məsud Pezeşkian "Azadi" meydanında çıxış edərək, ABŞ-ı İran İslam Respublikasını diz çökdürməyə çalışmaqda ittiham edib. O, bildirib ki, Amerika danışıqlara hazır olduğunu bəyan etsə də, eyni zamanda İrana qarşı yeni sanksiyalar tətbiq etməyə davam edir. Pezeşkian vurğulayıb ki, İran xalqı xarici təzyiqlər qarşısında geri çəkilməyəcək və bütün təhdidlərə müqavimət göstərəcək.
"Bütün dünya İrandan nümunə götürməlidir…"
Moskvada İslam İnqilabının ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə İranın Rusiyadakı səfiri Kazım Cəlali çıxış edərək yaxın gələcəkdə Moskva və Tehran arasında ticarət-iqtisadi əlaqələrin əhəmiyyətli dərəcədə artacağına ümid etdiyini bildirib. O, qeyd edib ki, iki ölkənin yaxınlaşması beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, ədalət, sülh və təhlükəsizliyin təmin olunması baxımından perspektivli bir yol hesab edilir.
Rusiya prezidentinin köməkçisi, keçmiş elm naziri Andrey Fursenko İranın uğurlarını yüksək qiymətləndirərək, onun bir çox ölkələr, hətta bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, "İran müstəqilliyini, özünü təmin etmə qabiliyyətini və müxtəlif şəraitlərdə inkişaf prosesini qoruyub saxlamağı bacarıb". Moskva və Tehran arasında əməkdaşlığın inkişaf dinamikasından razılıq ifadə edən Fursenko xüsusilə də hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını yüksək qiymətləndirib.
Bənzər fikirləri tanınmış rusiyalı filosof və siyasətçi Aleksandr Duqin də səsləndirib. O, vurğulayıb ki, son dörd onillik ərzində İran Qərb dövlətlərindən tutmuş keçmiş Sovet İttifaqına qədər bir çox düşmənlərin sanksiyalarına və təzyiqlərinə qarşı mübarizə aparsa da, öz inkişafını davam etdirib. "İran mənəvi dəyərləri, din və inancı qorumaq sahəsində digər ölkələr üçün nümunədir. Düşmənlərin təzyiqlərinə baxmayaraq, İran regionun ən uğurlu ölkəsi hesab edilə bilər", o, Duqin bildirib.
Rusiyanın energetika naziri Sergey Tsivilyov isə Moskvada keçiriləcək 18-ci Rusiya-İran hökumətlərarası ticarət-iqtisadi komissiyasının iclasına böyük ümid bəslədiyini bildirib. "Bu görüşdə həm mövcud, həm də perspektivli layihələr üzrə yeni razılaşmalara nail olacağımıza ümid edirəm. Bu, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək", - o, vurğulayıb.