“Tramp 2,2 milyon ABŞ pasportunu paylasın qəzzalılara, onlar da köçsünlər Amerikada inqilab etsinlər…”
Ekskluziv
447
19:49, Bu gün

“Tramp 2,2 milyon ABŞ pasportunu paylasın qəzzalılara, onlar da köçsünlər Amerikada inqilab etsinlər…”

“Tutaq ki, sabah İsrail ordusu Qəzzadan tam çıxdı, yerinə Tramp Amerika əsgərlərini yolladı ki, ərəbləri oradan zorla çıxarıb köçürsünlər, onlar çıxacaqlarmı? Xeyr. Əksinə, döyüşəcəklər və ABŞ əsgərinin anasını ağladacaqlar… Deyəcəklər ki, biz heş yerə getmirik, Qəzza bizim vətənimizdir, Fələstin bizim vətənimizdir...”
 
"Mən Fələstin ədəbiyyatını oxumuşam, dərindən tanışam və o xalqın necə vətənpərvər, mübariz olduqlarını oradan da bilirəm. Odur ki, bir daha deyirəm: Trampın Qəzza nağılı baş tutan deyil…"
 
“Bilirsiz, elə adamlar olur ki, əllərinə bir balaca imtiyaz, güc, nüfuz keçən kimi harınlayır, üzr istəyirəm, qudurur. Məsələn, vaxtilə mənim Xalq Cəbhəsindəki yoldaşlarımdan da bəziləri beləcə qudurmuşdular. Qarşılarında Vəzirov kimi ağciyər, mədəni adam var idi, Mütəllibov kimi ağciyər, mədəni adam var idi. Onlar da harınlamışdılar, şahə qalxırdılar. Ölkə rəhbərlərinin üstünə gedirdilər ki, “vurarıq, yıxarıq” və s.  Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər? Quzuya? Əvvəlki ötkəmlikdən, yekəxanalıqdan bir şey qalmadı. Tramp da onlar kimi necə olubsa, gəlib hakimiyyətə, elə bilir, bütün dünya buna baş əyməlidir- “ağa nəzərəm - belə gəzərəm” deyir.  Amerika dövlətinin qanunlarını pozur, beynəlxalq hüquqqu tapdayır, deyir, Kanadanı 51-ci ştat edəcəm, Qrenlandiyanı Danimarkadan alacam, Panamanı qaytaracam, Qəzzanın da əhalisini köçürəcəm Misirə, İordayniyaya və orada Rivyera kimi bir kurort tikəcəm”. 
 
Bunu Moderator.az-a açıqlamasında “Trampın Qəzzaya sahiblənmək sevdasının mənası nədir, bu, hardan qaynaqlanır və sonu necə olacaq?” sualını cavablandırarkən politoloq Zərdüşt Əlizadə söyləyib.
 
“Bizdə də çoxları çox söz deyirdi – edə bildi? Yəni bir var istək, arzu, xəyal, bir də var gerçəklik... Trampın da dediklərinin çoxu təkəbbürdən, hikkədən doğan arzudur, xəyaldır… Bu da həm onun şəxsi xüsusiyyətlərindən, həm də Birləşmiş Ştatların mövcud durumundan qaynaqlanır. Belə ki, Amerikanın da əvvəlki gücü, qüdrəti, nüfuzu getdikcə azalır. Keçən söhbətlərimizdən birində SSRİ-nin də Stalindən dövründən sonra Xruşov, Qorbaçov dövründə necə zəifləyib tədricən yox olmasından danışmışdıq. İndi də Amerika durmadan tənəzzülə gedir. Sizcə, Trampın “USAİD” kimi ildə dünyanın müxtəlif guşələrinə 44 milyard dollar vəsait paylayan təşkilatın fəaliyyətini dondurmasının səbəbi nədir? Səbəb odur ki, ABŞ yorulub, artıq planetdə hər kəsə dəstək vermək, bəşəriyyətə liderlik etmək həvəsi qalmayıb. Tramp da dövlətinin bu vəziyyətini görür və hiss edir ki, başqa bir dövlətin -1, 5 milyardlıq əhalisi olan Çinin gücü, qüdrəti gündən-günə artır. Ona görə də hay-küy edir, asır-kəsir. Amma onun dediklərinin bir çoxu kimi, Qəzzanı köçürmək planı da boş xəyaldır”, -deyə davamında politoloq nəzərə çatdırıb. 
 
“Qəzzada 2,2 milyon fələstinli yaşayır. İsrailə isə  ABŞ hey bomba verir, raket verir, hər şey verir, o da qəzzalı döyüşçüləri məhv etmək üçün şəhəri vurur, bombalayır, dağıdır. Və toplu-tanklı, raketli İsrail ordusuna qarşı ən yaxşı halda əlində avtomat və qumbaraatan olan ərəb döyüşçülər vuruşur… Buna rəğmən onlar da var gücləri ilə vətənləri  uğrunda döyüşürlər. İsrail onlardan 1000 nəfərini öldürəndə onlar zorla bir İsrail hərbçisini öldürür. Amma buna rəğmən təslim olmurlar. “HƏMAS”-ın səfərbərlik məntəqələrinin qarşısında hər gün döyüşmək üçün minlərlə ərəb gənci, kişisi toplanır. Deyirlər ki, İsrail ordusu bizim ata-anamızı, bacı-qardaşımızı, övladlarımızı öldürüb, biz də yalın əllə olsa da, gedib onlarla döyüşüb  ciyərlərini çıxaracağıq… Yəni Qəzzada, Fələstində döyüşçü qıtlığı yoxdur. Və tutaq ki, sabah İsrail ordusu Qəzzadan tam çıxdı, yerinə Tramp Amerika əsgərlərini yolladı ki, ərəbləri oradan zorla çıxarıb köçürsünlər, onlar çıxacaqlarmı? Xeyr. Əksinə, döyüşəcəklər və ABŞ əsgərinin anasını ağladacaqlar… Deyəcəklər ki, biz heş yerə getmirik, Qəzza bizim vətənimizdir, Fələstin bizim vətənimizdir. Mən Fələstin ədəbiyyatını oxumuşam, dərindən tanışam və o xalqın necə vətənpərvər, mübariz olduqlarını oradan da bilirəm. Odur ki, bir daha deyirəm: Trampın Qəzza nağılı baş tutan deyil… Mən də təklif edirəm ki, Tramp bu məsələni həll etmək üçün 2  milyon 200 min ABŞ pasportunun paylasın Qəzzadakı fələstinlilərə, onlar da köçsünlər Amerikada inqilab etsinlər”, -deyə Zərdüşt Əlizadə yekunlaşdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər