Ekskluziv
626
11 Feb 2025 | 17:07

"ABŞ İranla nüvə silahı ilə bağlı sövdələşmə əldə edəcək" - Tramp

 
"Mən İranı Yer üzündən silməkdənsə, nüvə silahı ilə bağlı razılaşmanı üstün tutardım..."
 
ABŞ prezidenti Donald Tramp İranın nüvəsiz statusu ilə bağlı razılığa gəlmək istədiyini bildirib.  Onun sözlərinə görə, o, bunu bombardmanlardan üstün tutur.
 
Moderator.az xəbər verir ki, bu barədə Tramp "New York Post" nəşrinə verdiyi müsahibədə bəyan edib.
 
Bundan öncə Tramp İrana qarşı "maksimum təzyiq" siyasətinin bərpası barədə fərman imzalayıb.
 
Tramp qeyd edib ki, İranın nüvə silahına sahib olmaması ilə bağlı razılaşma əldə etmək istəyir: "Mən bunu İranı Yer üzündən silməkdən üstün tutardım. Onlar ölmək istəmir. Heç kim ölmək istəmir", - o,  bildirib. "Əgər razılaşma əldə etsək, İsrail onları bombalamayacaq", - Tramp əlavə edib.
 
ABŞ lideri İranla mümkün danışıqlara dair detalları açıqlamayıb: "Mən onlara nə deməli olduğumu bilirəm və ümid edirəm ki, onlar hazırda etməyi düşündükləri şeydən imtina edəcək. Düşünürəm ki, bu, onların xeyrinə olacaq", - Tramp vurğulayıb.
 
İrana qarşı mümkün təkliflərə gəlincə, Tramp konkret detallar verməyib: "Bunu deyə bilmərəm, çünki bu, çox sərt olar. Amma onları bombalamayacağam", - o, bildirib.
 
ABŞ və İran arasında nüvə qarşıdurması
 
2018-ci ildə Tramp ABŞ-ı 2015-ci ildə İranla imzalanmış altıtərəfli nüvə sazişindən çıxarıb və Tehrana qarşı sərt sanksiyalar tətbiq edib. Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan bu saziş İranın nüvə proqramına məhdudiyyətlər tətbiq edib və əvəzində beynəlxalq sanksiyaların yumşaldılmasını nəzərdə tutub.
 
ABŞ-ın geri çəkilməsindən sonra İran nüvə fəaliyyətini yenidən gücləndirib. İran hakimiyyəti nüvə silahı yaratmaq niyyətində olmadığını, proqramlarının dinc məqsədlər daşıdığına israr edir. Bununla belə, BMT-nin Nüvə Nəzarəti Agentliyi ötən ilin sonunda İranın uranı silah səviyyəsinə yaxın dərəcədə zənginləşdirmə sürətini "kəskin şəkildə" artırdığını açıqlayıb.
 
"Maksimum təzyiq" siyasətinin bərpası
 
Bu həftə Tramp İsrail baş naziri Binyamin Netanyahu ilə görüşü ərəfəsində İrana qarşı "maksimum təzyiq" siyasətinin bərpa olunması barədə fərman imzalayıb. "Reuters"-in məlumatına görə, fərman ABŞ Maliyyə Nazirliyinə İrana qarşı "maksimum iqtisadi təzyiq" tətbiq etməyi tapşırır. Bu, mövcud sanksiyalara əməl etməyənlərə qarşı cəza tədbirlərini də əhatə edir.
 
Həmçinin fərman Maliyyə Nazirliyi və Dövlət Departamentinə İranın neft ixracının sıfıra endirilməsi üçün kampaniya aparmağı tapşırır. Trampın ilk prezidentliyi dövründə tətbiq edilən sanksiyalar İranın neft ixracını, demək olar ki, sıfıra endirib. Lakin Bayden administrasiyası dövründə Tehran sanksiyaları aşaraq neft ixracını artırmağa nail olub.
 
"Mənim üçün bu məsələ çox sadədir: İran nüvə silahına sahib ola bilməz", -Tramp bildirib. O, İranın nüvə silahı əldə etməyə nə qədər yaxın olduğu barədə suala "çox yaxın" cavabını verib. İrana qarşı "maksimum təzyiq" siyasətinə qayıdış fərmanını imzalayarkən Tramp Tehranın danışıqlara açıq olduğunu və İran lideri ilə görüşə hazır olduğunu bildirib.
 
2024-cü ilin dekabrında "Wall Street Journal" nəşri yazıb ki, Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müxtəlif variantlar nəzərdən keçirir. Bu variantlar arasında İranın nüvə obyektlərinə preventiv hava zərbələri endirmək planı da var.
Link kopyalandı!
Son xəbərlər